PKK ilə bağlı Türkiyə haqlıdır

Bundan sonra ABŞ-Türkiyə münasibətlərində senari dəyişə bilər


Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Türkiyənin 13 mülki vətəndaşının PKK/KCK terror təşkilatı tərəfindən əsir götürüldükdən sonra öldürülməsi ilə bağlı açıqlaması qardaş ölkədə birmənalı qarşılanmayıb. "Sputnik Azərbaycan" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Dövlət Departamentinin açıqlamasında bu ifadələr yer alıb.

"Birləşmiş Ştatlar Türkiyə vətəndaşlarının İraqın Kürdüstan bölgəsində öldürülməsinə görə təəssüflənir. NATO müttəfiqimiz olan Türkiyənin yanındayıq və son qarşıdurmada həlak olanların ailələrinə başsağlığı veririk. Türkiyə vətəndaşlarının terror təşkilatı PKK-nın əlində ölməsi xəbərləri doğrudursa, bu addımı qətiyyətlə pisləyirik", - deyə Dövlət Departamentinin yaydığı məlumatda bildirilir.



Mövzu ilə bağlı açıqlama verən politoloq Əhəd Məmmədli "Şərq"ə açıqlamasında bildirib ki, Türkiyə-ABŞ, Türkiyə-Rusiya,  ABŞ-Rusiya münasibətləri paralelliklə müqayisə edilə bilər. Politoloq qeyd edib ki, burda bir neçə senari ola bilər:

"Məsələn, ABŞ Türkiyəyə qarşı sərt siyasət tuta bilər. Rusiya ilə münasibətləri isə yaxşılığa doğru gedə bilər. Bu, təbii ki, Türkiyənin maraqlarına cavab vermir. Yox, əksinə də ola bilər. ABŞ Türkiyənin yanında olub, onunla münasibətləri düzəldib bir yerdə Rusiyaya qarşı cəbhə aça bilər. Bu senari Türkiyənin maraqlarına cavab verir. Üçüncü senari də ola bilər ki, ABŞ hər iki ölkə ilə münasibətlərin gərginləşməsinə doğru getsin. Bu da Türkiyə və Rusiyanın daha da yaxınlaşmasına səbəb ola bilər və bu, Türkiyənin maraqlarına cavab verir". 

Politoloq qeyd edib ki, ən az ehtimal olunan senari ABŞ-ın həm Türkiyə, həm Rusiya ilə münasibətləri düzəltməyə çalışmasıdır:

"Bilirsiniz ki, Donald Tramp bunu etmək istədi.  Amma ona Baydenin komandası, onu müdafiə edən elitalar imkan vermədi. Hesab edirəm ki, yaxın gələcəkdə, yəni biz Co Baydenin xarici siyasətini gördükcə  dəqiq nəsə deyə bilərik.

Amma PKK ilə bağlı Türkiyə haqlıdır. İndiki PKK-nın arxasında Amerika durur".