Nazirin addımı təqdir edildi: “Kibertəhlükəsizlik kompüter elmlərinin canıdır”

“Çünki nə qədər dövlətlər bir-birinə internet vasitəsilə təzyiqlər göstərirlər”

“Bir dövlət seçkiyə təsir edir, digəri ölkə təhlükəsizliyinə aid məlumatları əldə edir”

“İndi dünyada peyklərdən tutmuş hər şeydən avtomatlaşdırılmış şəkildə istifadə olunur”

Ona görə də yeni ixtisasların yaradılmasına çox ehtiyac var”.


Təhsil naziri Emin Əmrullayev Azərbaycanda yeni ixtisasların yaradılacağını bildirib. Onun sözlərinə görə, növbəti tədris ilində yeddi ixtisas yaradılacaq: “Uğurlu olan SABAH qruplarının magistratura səviyyəsində yeni olan - kiber təhlükəsizlik, kompüter elmləri, şəhərsalma və planlaşdırma və sair ixtisaslar yaradılacaq”.

Nazir qeyd edib ki, Azərbaycanda peşə təhsilinin də inkişafı ilə bağlı işlər görülür:

“Hazırda peşə təhsilin nüfuzunun qaldırılması istiqamətində işlər aparılır. Biz sentyabr ayında qısa müddətli kursların hazırlanması, yüksək peşə ixtisası modelləri üzərində yeni peşə ixtisası təhsillərini təhvil vermək istəyirik. Bu təxminən 600-ə yaxın şagirdi əhatə edəcək.

Yeni ixtisasların yaradılması barədə “Sherg.az”a danışan Xəzər universitetinin rektoru, professor Hamlet İsaxanlı bildirib ki, Qərb dünyasındakı təhsil sistemində belə bir prinsip var: xüsusi ixtisasların siyahısı tərtib olunur və mütləq həmin ixtisaslar öyrənilməlidir deyə bir anlayış yoxdur:

“Lakin ölkəmizdə ixtisaslarla bağlı həmişə bir siyahı olub. Ona görə də yeni ixtisasların yaradılması çox mühümdür. Məsələn, hazırda kibertəhlükəsizlik kompüter elmlərinin canıdır. Çünki nə qədər dövlətlər bir-birinə internet vasitəsilə təzyiqlər göstərirlər. Bir dövlət seçkiyə təsir edir, digəri ölkə təhlükəsizliyinə aid məlumatları əldə edir. İndi dünyada peyklərdən tutmuş hər şeydən avtomatlaşdırılmış şəkildə istifadə olunur. Ona görə də yeni ixtisasların yaradılmasına çox ehtiyac var”.

Professor qeyd edib ki, şəhərsalma və planlama kimi ixtisaslar da lazımdır:

“İxtisaslar bakalavr və magistr səviyyəsində genişlənməlidir. Bu, olduqca təbii bir hadisədir.

Çox yaxşı olardı ki, lazım olan ixtisasların siyahısını hazırlayaq, məzmununu müəyyən edək, xarakteristikasını aydınlaşdıraq və bu ixtisasları elan edək. Ali məktəblər də həmin ixtisasları uyğun bilsələr, açarlar. Gələcəkdə yeni texnologiyanın və yaxud cəmiyyətin inkişafı ilə əlaqədar qarşıya çıxan problemlemlərin həlli həddindən artıq mühüm olanda bu sahədən mütəxəssislərin hazırlanması lazım gələcək. Təbii ki, o ixtisasların adı, siyahısı və xarakteristikası lazımdır.

Bu baxımdan yeni ixtisasların yaradılması müsbət hadisədir”.