“ABŞ-Rusiya gərginliyi dərinləşə bilər”

“Lakin ciddi hərbi proseslərin yaşanmayacaq”

“Perpsektivdə nələrin baş verəcəyi ABŞ və Rusiyanın daxilindəki siyasi vəziyyətdən asılıdır”


NATO Baş katibi Yens Stoltenberq bildirib ki, NATO Rusiya ilə həm qarşıdurmaya, həm də qarşılıqlı fəaliyyətə hazırdır. Onun sözlərinə görə, hər şey Moskvanın mövqeyindən asılıdır: “İnanıram ki, biz Rusiyaya aydın siqnal göndərməliyik: Onlar toqquşma istəsələr, biz buna hazırıq. Əgər əməkdaşlıq etmək istəsələr, biz buna şad olacağıq.

NATO öz üzvlərini qorumağa hazırdır. Rusiya ilə dialoq gücə, möhkəmliyə söykənməlidir. Rusiya ilə də danışmalıyıq. Ehtiyatlı davranmaq və dialoq arasında heç bir ziddiyyət yoxdur. Moskva ilə münasibətlərimizin daha yaxşı ola biləcəyinə inanmasaq belə, dialoqa davam etməliyik, çünki vacib əlaqələri və münasibətləri davam etdirmək lazımdır. Silahlanma yarışından qaçmaq üçün silahlara nəzarəti düşünün. Onlar bizim qonşumuzdur, maraqları var, xüsusən sərhədlərdə toqquşmalardan qaçmaq lazımdır. Norveçli bir siyasətçi olaraq Rusiya ilə işləmək təcrübəm çoxdur və bunun mümkün olduğunu bilirəm”.



ABŞ-Rusiya münasibətlərini “Sherg.az”a şərh edən politoloq İlqar Vəlizadə iki ölkə arasında müharibənin olacağını düşünmür.

Analitik qeyd edib ki, ölkələr arasında müxtəlif  toqquşmlar,  fikir ayrılıqları və hərbi vasitələrlə aparılmayan münaqişələrin olması mümkündür:
“Tərəflər bu münaqişələr zamanı hazırda cərəyan edən böhranlardan istifadə edəcəklər. Məsələn, Liviya və Ukraynadakı hadisələri qeyd edə bilərik. Aydındır ki, Qərb ölkələri Ukraynaya dəstək verirlər, o cümlədən hərbi yardımlarını da göstərirlər. Ona görə də ABŞ-Rusiya gərginliyi dərinləşə bilər. Lakin ciddi hərbi proseslərin yaşanmayacaq”.

İ.Vəlizadə vurğulayıb ki, perpsektivdə nələrin baş verəcəyi ABŞ və Rusiyanın daxilindəki siyasi vəziyyətdən asılıdır:

“Amerikada hakimiyyət dəyişilib, Rusiyada isə belə bir ehtimal yoxdur. Bu da onu göstərir ki, Amerikada anti-Rusiya meyilləri eləcə də Rusiyada eyni durum hökm sürəcək”.