"Ay gözəlim, istəyirəm Milli Qəhrəman olum"

Şahmar arxasında gözü yaşlı yarını, qardaşsız iki bacısını və kədərli atasını qoyub, haqqa qovuşdu

İgidimiz oktyabr ayının 21-də Şuşa istiqamətində, yaxın məsafəli döyüşlərdə ürəyindən vurularaq şəhadətə yüksəlib


Vətən müharibəsi sentyabr ayının sonlarında, bir bazar səhəri başladı. 30 illik torpaq həsrətinin ardınca qəfil savaş sədaları yüksəldi. Yarı sevincli, yarı tədirgin halda açdıq gözlərimizi. 44 gün oyaq qalıb, igidlərimiz üçün dua etdik. Nəhayət, noyabr ayının 10-da tarixi qələbəmizlə İkinci Qarabağ müharibəsi sona çatdı. 

O gündən sonra bir vəzifəmiz var idi: “zəfər uğrunda canından keçib, qan tökən oğullarımızı, savaşçılarımızı, qazilərimizi tanımaq və tanıtmaq”. 
İndi həmin missiyanı yerinə yetiririk. 

Növbəti dəfə haqqında danışacağımız şəhid qardaşımız Mənəfov Şahmar Vidadi oğludur. 

O, 1990-cı il mart ayının 20-də Neftçala rayonunda dünyaya göz açıb. Orta məktəbdə  həm müəllimlərinin, həm  yoldaşlarının sevimlisinə çevrilən  Şahmar 2007-ci ildə məzun olub. Sonrakı il hərbi xidmətə yola düşüb. “N” saylı hərbi hissədə sanitar atıcı vəzifəsində xidmət edib. Əsgərlikdən sonra müxtəlif sahələrdə çalışır. Lakin Vətənə olan sevgisi onu 2012-ci ildə hərbiyə qaytarır.  

Həmin ilin yanvar ayında Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində müddətdən artıq hərbi qulluqçuların hazırlıq kursuna qəbul olunub və buranı “Manqa komandiri vəzifəsində tamamlayıb. Sonra “N” saylı hərbi hissədə manqa komandiri kimi, 2014-cü ilədək  əməliyyat imkanları konsepsiyası taborunun operaturu, ardınca məxfi hissənin operatoru vəzifəsində çalışıb.

Qəhrəmanımız 2014-ün dekabr ayında “N” saylı hərbi hissədə “Təməl Xüsusi Təyinatlı “ kursuna daxil olub, 2015-də kəşfiyyatçı ixtisası üzrə bitirib. Şahmar “ Kəşfiyyatçı atıcı, baş atıcı və manqa komandiri vəzifələrini tutub. Bir sıra xarici ölkələrdə, Bolqarıstan, Macarıstan, Əfqanıstan və Türkiyədə xüsusi təyinatlıların təlimlərində iştirak edib. 6 kursdan fərqləndirmə sertifikatı alıb. O, XTQ giziri kimi 2013-cü ildə Silahlı Qüvvələrin 95 illik, 2018-ci ildə isə 100 illik paradında iştirak edib, medallara layiq görülüb. 

Şahmar “Aprel” döyüşlərində soyuq silahla 100-dən çox ermənini gəbərdərək silahdaşlarının həyatını xilas edib.

Sonrası Şahmarın Vətən müharibəsindəki şücaətidir. O,  Füzuliyə, Cəbrayıla, Qubadlıya, Xocavəndə, Şuşaya ilk ayaq basan kəşfiyyatçılarımızdan biridir. Şəhidimiz erməni dilində sərbəst danışa bilirmiş.

Cəbrayılın mərkəzində düşmən bayrağını çıxarıb, şanlı Azərbaycan bayrağını yüksəklərə qaldırıb. 

Şahmar düşmənin bir neçə tankını, zirehli texnikasını, “Ural” markalı hərbi maşınlarını, silah-sursatlarını ələ keçirib. Qarabağ torpaqlarını düşmənin muzdlu döyüşçülərindən təmizləyib. İgidimiz oktyabr ayının 21-də Şuşa istiqamətində, yaxın məsafəli döyüşlərdə ürəyindən vurularaq şəhadətə yüksəlib. O, oktyabrın 23-də  Neftçala rayonunda torpağa tapşırılıb. 

Müharibəyə yollananda Şahmar cəmi 2 aydır evil imiş, onun həyat yoldaşı Bəyim xanım “Şərq”lə söhbətləşib.

“Biz  çox xoşbəxt idik, bir-birimizi çox sevirdik. Allaha bizi qarşılaşdırdığı üçün şükür edirdik. Şahmar dünyalar başqasının, o mənim olsun dediyim insan idi.  Döyüşə getməzdən 2 gün əvvəl  dedi ki, “Ay gözəlim, istəyirəm, Milli Qəhrəman olum. Bütün Azərbaycan məni tanısın. Həyatdır, birdən nə isə olsa, mənimlə fərx edərsən.

Azərbaycanın necə pələng kimi cəngavər oğullarının olduğunu hamı biləcək”. Şəhadətindən sonra iş yoldaşları  telefonuna mesaj yazdı ki, Şahmarın şəhid olduğuna inana  bilmirik. Çünki biz yaralanmışdıq. O, işini bilən, ehtiyatlı idi. Erməniləri məhv edib, bizi odun-alovun içindən çıxartdı. Ona can borcumuz var”. 

Demə, Şahmarın şəhid olmasından 2 ay əvvəl anası Gülnisə xanım onkoloji xəstəlikdən dünyasını dəyişib:

“Şahmar iki bacının bir qardaşı olub. Şirindil, mehriban  idi. Kiminsə xətrinə, qəlbinə dəyməzdi. Həmişə deyərdi ki, bu dünyada nə isə bir insanın qəlbini qırmağa dəyməz.  O, geridə gözü yaşlı yarını, qardaşsız qalan iki bacısını və kədərli atasını qoydu”.  

Allah rəhmət eləsin.
 Qeyd edək ki, Şahmar Mənəfov ölümündən sonra “Qarabağ” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub