“İran Qarabağın bərpasında iştirak etmək istəyir”

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin sədri Muctaba Zonnurun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. İran parlamentinin nümayəndə heyətinin Azərbaycanlı rəsmilərlə və millət vəkilləri ilə görüşü nəzərdə tutulur. Nümayəndə heyətinin sabah Naxçıvan Muxtar Respublikasına da səfəri planlaşdırılır.


İran səfirliyi bildirir ki, bir çox tarixi və mədəni ortaqlıqları nəzərə alaraq Azərbaycan ölkəsinin xarici siyasətində xüsusi yeri tutur:

“İran parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri də dost və qardaş ölkə ilə bu istiqamətdə dəyərləndirilir. İranın nümayəndə heyətinin bu səfərinin parlamentlərarası əməkdaşlıqların, ikitərəfli münasibətlərin daha da inkişafı üçün lazımi bazanı yaradacağına ümid edilir”.



Məlum səfərlə əlaqədar “Sherg.az”a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, İranla Azərbaycan arasında çox ciddi və tarixi əlaqələr var:

“Azərbaycan ərazisinin böyük hissəsi İranın sərhədləri daxilindədir. Bu baxımdan iki ölkə arasında iqtisadi əlaqələr mövcuddur. Həmin əlaqələrin olması da normaldır. Qonşu dövlətlərlə müəyyən əlaqələr yaratmaq, münasibətləri inkişaf etdirmək lazımdır. Məlumdur ki, İran bölgədə yerləşən dövlət olduğu üçün Qarabağın bərpasında iştirak etmək istəyir. Bu baxımdan rəsmi Tehran bölgədəki proseslərdə maraqlıdır. Düşünürəm ki, İran və Azərbaycan rəsmilərinin görüşü zamanı müxtəlif sahələrdə danışıqlar olacaq”.