Metro, metro, yenə metro...

Avtobuslarda sərnişinlər biri-birinin belinə minir, hamı əsəbi, hamı narazıdır

Neçə illərdir ki, ictimai nəqliyyatdakı problemlər həllini tapmayıb

"Belə görünür ki, biz irəli getmək əvəzinə geri addımlayırıq. Və keçmiş dövrə - qışqırıq dövrünə qayıdırıq"



Səhər saatlarında “M1a” xətt marşrutu ilə hərəkət edən avtobusun sürücüsü yanaşı zolaqda hərəkətdə olan həmkarını harayladı: “vəziyyət necədi?.. Planı qaldırdılar 218-ə! Axşçamacan neyləcəm?..” Belə olayların hər gün şahidi oluruq. İş gününün sonunda avtobuslara minmək üçün qladiatorluq edənlər məqsədlərinə nail olar-olmaz sürücü ilə söz atışmasına çıxır: “az doldur avtobusu, nəfəsimiz kəsildi, ayaq qoymağa yer yoxdu. Deyirlər, məsafə saxlayın. Belə yerdə məsafə saxlamaq olar?!. Virus varsa, bu basa-bas nədi?!.” Yerdə qalıb hər vəchlə avtobusa təpinmək istəyənlərə də içəridəkilər aman vermir: “hara minirsən?!. Görmürsən yer yoxdu, güclə dayanmışıq burda?!.”

Aşağıdakı da boynunu uzadıb, “sən minmisən, mən də minmək istəyirəm. Mən də evimə getmək istəyirəm. 3-cü avtobusdu, gəlir, minə bilməmişəm!..” Sürücü isə məhz həmin o plan səbəbindən “bir az sıxlaşın, sıxlaşın!”, qışqıra-qışqıra sərnişinləri lap “pressləyir”. Bu, bizim paytaxtın günlük ictimai nəqliyyat mənzərəsidi. Və bu mənzərə, bu dözülməz hal nə az, nə çox – tam 1 ildir ki, davam edir. Aradakı SMS icazəli vaxtları hesaba almasaq. Bakı Metropoliteni isə məzuniyyətə çıxıb. Sanki bu şəhərdə metro adında nəqliyyat vasitəsi heç olmayıb. “Metro nə zaman açılacaq” sorğusuna da “Operativ Qərargah qərar verir”, cavabı gəlir.

Görəsən, Operativ Qərargahın, ya da Nazirlər Kabinetinin metronun açılmasına icazə verməsi üçün hansı şərtlər olmalıdır? Şükürlər olsun, yoluxma sayı azalıb, sağalanların sayı yüksəkdir, ölüm sayı aşağıdır, SMS icazə ləğv edilib, əksər iş yerləri açılıb, əyani dərslər bərpa olunub, həm orta, həm də ali məktəblərdə (növbəli prinsiplə), deməli, hazırda ictimai nəqliyyatdan istifadə edənlərin sayı əvvəlki dövrlə müqayisədə xeyli artıb. Bunu anlamaq üçün sərnişinlərin avtobuslarda bir-birinin belinə minməsini, dayanacaqlardakı sıxlığı əyani müşahidə etməyə lüzum da yoxdur. Adi məntiq bunu diktə edir. Amma yoluxma riskinin artmasına və nəqliyyata cavabdeh olanlar deyəsən, məntiqi düçüncədən uzaqdırlar. Onlar daha çox iqtisadi düçüncələrlə hərəkət edir və gəlir barədə düşünürlər. Əlavə xətt avtobuslarına plan qoyan sahibkarlar kimi. Yeri gəlmişkən, əlavə xətt avtobuslarından qazanılan pullardan görəsən, dövlət büdcəsinə az da olsa ödənilirmi? Yoxsa bu pullar da “sahibsiz” parklanma yerlərindən əldə edilən pullar kimi kimlərinsə şəxsi cibinə axır? 

Nəqliyyat məsələləri üzrə ekspert, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, təhlükəsizlik tədbirləri gücləndirilməklə metropolitenin fəaliyyəti bərpa edilməlidir: 

- Metroda havalandırma sistemi qaydasında qurulmadığından onun fəaliyyətini bərpa edə bilmirlər. Avtobuslarda hədsiz sıxlıqdır, sərnişinlərin narazılığı da haqlıdır. Metro fəaliyyət göstərsə, sərnişinlər daha az vaxt itkisinə məruz qalar. Metro ilə 25 dəqiqəyə qət etdikləri məsafəni avtobusla 2 saata getməzlər. Metronun 1 qatarı 5 vaqondan ibarətdir. Bir qatar 3 avtobus tutumu qədər sərnişin daşıyır. İnterval da 2,5-3 dəqiqə arası olur. Belə vəziyyət daha az təhlükəlidir, nəinki sıxlıq, basabas şəraitində, hava almağın qeyri-mümkün olduğu vəziyyətdə saatlarla avtobuslarda hərəkət etmək. Bu, sərnişinlərin büdcəsinə də ziyandır. Sərnişin 1 gediş haqqı əvəzinə 2-3 ödəmə etmək məcburiyyətindədir. Metro stansiyalarda sıxlığın yaranmamasını tənzimləmək də olar. Platformada sərnişin sıxlığı müşahidə edildiyi zaman stansiyaya girişi qısa müddətə ləngitmək, seyrəklik yarandıqda sərnişinləri yenidən içəri almaq da mümkündür. Amma bunları etməyi düşünmürlər, özlərini çətinə salmaq istəmirlər. Dolayı yolla etiraf edirlər ki, metro risklidir, çünki havalandırma sistemi normal işləmir. Nəticədə ictimai nəqliyyatda – avtobuslarda xaotik vəziyyət yaranır. Avtobuslarla  pandemiyadan əvvəl gün ərzində 2 milyon 200 min sərnişin daşınırdı. 2100 avtobus vardı. Metro ilə təxminən 1 milyon sərnişin. İndi metronun sərnişinləri də avtobuslardan istifadə edir. Deməli, 2 milyonun üzərinə 1 milyon da gəlib. Bu qədər sərnişini daşımaq üçün azı 2.500 avtobus lazımdı. Amma bu qədər avtobus yoxdur. Ona görə də belə dözülməz vəziyyətdir. Həm sərnişin sıxlığı, həm yollarda sıxlıq, gecikmələrə səbəb olur. Sıxlıq ikiqat artır. Hesab edirəm ki, təhlükəsizlik qaydalarına riayət etməklə metropolitenin fəaliyyətini bərpa etmək mümkündür. 

E.Muradlı metro əvəzləyici ekspress avtobuslara “dəstək” məqsədilə xəttə buraxılan avtobusların plan söhbətinə gəlincə, bu problemin özəl şirkətlərlə bağlı olduğunu dedi: 

- Onlar özəl daşıyıcı şirkətlərdir. Və xaotik şəkildə fəaliyyət göstərirlər. Kartla işləyən avtobuslarda görürük ki, problem yaşanmır. Bu daşıyıcılar əmək haqqı sisteminə keçib və planı yığmaq üçün daha çox sərnişin daşımaq kimi problemləri də yoxdur.  Bu problem kartsız işləyən avtobuslardadır. Onlardı sərnişin ovuna çıxan, dayanacaqlardan kənar avtobusu saxlayıb sərnişin toplayan, sərnişin sıxlığından sevinənlər. Amma vəziyyətə nəzarət etməli olanlar anlamalıdır ki, belə vəziyyət daha çox yoluxmaya səbəb olur və bundan dövlət ziyan çəkir. Bakı Nəqliyyat Agentliyi nəzarət mexanizmini tətbiq etməlidir. Azərbaycan inkişaf etmiş ölkədir, amma hələ də sürücülər bir-birinin üstünə qışqırır, bir-birilə dalaşır. Sərnişinlər də həmçinin. Hamı əsəbi və narazıdır, çünki ictimai nəqliyyatdakı problemlər həllini tapmayıb. Yüksək texnologiyalar əsrində nəqliyyat da texnologiyalarla idarə olunmalıdır. Nəzarətçilər dayanacaqlarda dayanıb sürücülərə nəzarət etməməli, hər nəzarətçinin əlində sekundomer olmamalıdır. Amma belə görünür ki, biz irəli getmək əvəzinə geri addımlayırıq. Və keçmiş dövrə - qışqırıq dövrünə qayıdırıq.