Ermənistanda böhran: "Demoqrafik və sosial, iqtisadi sarsıntı içindədirlər"

 İlyas Hüseynov: "Müharibədə vurulmuş zərər bu ölkədə depressiya vəziyyəti yaradıb"

"Ermənistanın öz daxili siyasətinə, regional mövqeyinə və gələcək planlarına baxması ilə bağlı böyük suallar yaranmaqdadır"    



"Ötən gün Ermənistanda Müdafiə Nazirliyinin binası qarşısında müharibə iştirakçıları və onların yaxınları etiraz aksiyası keçirib. Etirazçıların əsas tələbi maliyyə yardımının verilməsi olub. Çünki Ermənistanda hərbi qulluqçulara, eyni zamanda İkinci Qarabağ müharibəsi iştirakçılarına hərbi döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə maddi dəstəyin göstərilməsi ilə bağlı problemlər yaşanmaqdadır. Bundan öncə də, bir neçə dəfə  Müdafiə Nazirliyinin binası qarşısında əsgər anaları, eləcə də onların yaxınları bir sıra etiraz aksiyaları keçirdiblər. Onların əsas tələbi o zaman öz övladlarının və yaxınlarının taleyinin müəyyən olunması ilə bağlı olub".

Bu sözləri "Şərq"ə açıqlamasında politoloq İlyas Hüseynov deyib. Politoloq  qeyd edib ki, Ermənistanda əhalinin müəyyən bir qismi Qarabağ döyüşlərində iştirak etmiş şəxslərin hərbi biletlərində müharibə iştirakçısı olmaması ilə bağlı qeydlərinə etiraz edirlər:

"Çünki hərbi biletlərdə onların döyüşlərdə iştirak etməməsi qeyd olunub.  Belə demək mümkündürsə, onlara heç bir maliyyə yardımı ayrılmayacaq. Təzminat  almayacaqlarını biləndən sonra həmin şəxslər mitinq keçirmək qərarını veriblər. Ümumilikdə götürəndə  Ermənistanda gələcəkdə bu kimi problemlərin olması tez-tez müşahidə edilə bilər.

Çünki Ermənistanda iqtisadi durğunluq, hərbi əməliyyatlar zamanı vurulmuş külli miqdarda zərər ölkədə depressiya vəziyyəti yaradıb. Bu vəziyyət həm müxalifətdə, həm iqtidarda, həm də əhalinin müxtəlif sosial təbəqələrində  geniş hiss olunmaqdadır.  Ona görə də bu tipli aksiyaların Ermənistanın digər orqanları qarşısında keçiriləcəyini proqnozlaşdırmaq mümkündür". 

İ.Hüseynov əlavə edib ki, iqtisadi vəziyyətin çox məhdud olması, xarici ianələr hesabına dövlət büdcəsini doldurmaq məqsədi güdən Ermənistanın rəhbərliyi bu cür fors-major vəziyyətlərə hazırlıqsız yaxalanıb:

"44 günlük  müharibədə Azərbaycan tərəfindən vurulan ağır və sarsıdıcı zərbələr nəticəsində Ermənistan demoqrafik, sosial, iqtisadi cəhətdən böyük sarsıntılar keçirməkdədir. Bu cür mitinqlər də təbii ki, onun beynəlxalq nüfuzuna, imicinə xələl gətirir. Eyni zamanda daxildəki problemləri həll edə bilməyən bir dövlət təəssüratı yaradır. Buna görə də Ermənistanın öz daxili siyasətinə, regional mövqeyinə və gələcək planlarına baxması ilə bağlı böyük suallar yaranmaqdadır".