Kasıb dövlətləri daha ağır günlər gözləyir

Koronavirusu yox etmək üçün vaksinlər ədalətli bölüşdürülməlidir

"Dünya ölkələri anlamalıdırlar ki, bu cür addımlarla pandemiya bəlasına qalib gəlmək qeyri-mümkün olacaq"


“Azərbaycan yalnız ölkə daxilində deyil, eyni zamanda qlobal səviyyədə də koronavirusla mübarizəyə mühüm töhfə verir”. Bunu Prezidentin köməkçkisi Hikmət Hacıyev “COVİD-19 pandemiyasının və vaksinasiyanın geopolitikası” adlı konfransda deyib. H.Hacıyev vurğulayıb ki, BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsü məhz Prezident İlham Əliyev tərəfindən irəli sürüldü və dəstəkləndi. Vaksinasiya haqqında danışan PA rəsmisi qeyd edib ki, bəzi zəngin ölkələr tələb olunduğundan iki dəfə çox vaksin alırlar: “Təəssüflər olsun ki, bu cür addımlar kasıb ölkələrin vaksin almaq imkanlarını məhdudlaşdırır.

Kasıb ölkələrin də vaksinlərə çıxışını təmin etmək lazımdır. Biz bütün BMT ölkələri arasında əməkdaşlığı gücləndirməklə bu bəlaya qalib gələ bilərik”. Xatırladaq ki, Prezident İlham Əliyev bir müddət əvvəl BMT-nin Baş Assambleyasındakı çıxışında da peyvəndlərin ədalətli bölgüsünün vacibliyini diqqətə çatdırmış, zəngin ölkələrin kasıb dövlətlərin vətəndaşları üçün peyvəndlər almasını təklif etmişdi. Ölkə başçısı vurğulamışdı ki, inkişaf etmiş ölkələr dünya əhalisinin 14 faizini təşkil edir. Halbuki, inkişaf etmiş ölkələr bu günə qədər dünya vaksinlərinin 53 faizini sifariş ediblər: “Bu, ədalətsizlik, qeyri-bərabərlikdir. “Moderna” vaksini var, səhv etmirəmsə, Amerika istehsalıdır. “Moderna” vaksininin 98 faizini zəngin ölkələr sifariş ediblər. “Pfizer” Avropa istehsalı vaksinidir. “Pfizer” vaksininin 96 faizini zəngin ölkələr sifariş ediblər. Yaxşı, bəs kasıb ölkələrin vətəndaşları nə etməlidirlər, xəstələnməlidirlər? Onlar xəstələnəndə onların ölmək ehtimalı daha böyükdür. Çünki o ölkələrdə səhiyyə sistemi inkişaf etmiş ölkələrdən müqayisə edilməz dərəcədə geridə qalıb”. 



Millət vəkili Cavid Osmanov “Şərq”ə açıqlamasında vurğulayıb ki, Azərbaycan sadəcə koronavirus və vaksinasiyasında deyil, bütün məsələlərdə ədalətin yanında olub. Deputatın sözlərinə görə, Azərbaycan rəhbərliyi dünyada sülhün, əmin-amanlığın və ədalətin bərqərar olması üçün dəfələrlə çağırışlar edib, mühüm təşəbbüslər göstərib:

“Pandemiyaya qarşı mübarizədə Azərbaycanın atdığı addımlar UST tərəfindən dəfələrlə yüksək qiymətləndirilib. Qurum bir sıra xarici ölkələrə nümunə kimi Azərbaycan modelindən istifadəni tövsiyə edib. Dövlətimiz sadəcə ölkədaxili deyil, regional və qlobal səviyyədə təşəbbüslər irəli sürüb. Çoxsaylı ölkələrin və beynəlxalq təşkilatların koronavirusla bağlı mübarizəyə həsr olunmuş konfransları məhz cənab Prezidentimizin təşəbbüsü ilə keçirilib. Azərbaycan pandemiya dönəmində 30-dan çox ölkəyə müxtəlif humanitar yardımlar göstərdi. Eyni zamanda ÜST-yə iki dəfə 5 milyon dollar məbləğində vəsait köçürdü. Dövlət başçısı İlham Əliyev vaksinasiya prosesində inkişaf etmiş ölkələri nümunəvi addım atmağa səslədi. Prezident çağırış etdi ki, kasıb ölkələrin xalqları da vaksinlərlə təmin olunmalıdır. Dövlət başçısı vaksinlərin paylanmasında qeyri-ədalətli bölgünün olmasını vurğulayaraq, inkişaf etmiş zəngin dövlətləri əhalinin sayından artıq vaksinlər sifariş verməməyə çağırdı. Hətta Kanada timsalında misallarla göstərdi ki, ötən müddət ərzində bir yox, bir neçə dəfə əhalinin sayından artıq vaksinlər sifariş olunub”. 

Parlament üzvünün sözlərinə görə, dünya ölkələri anlamalıdırlar ki, bu cür addımlarla pandemiya bəlasına qalib gəlmək qeyri-mümkün olacaq:

“Virusu yox etmək üçün birlikdə mübarizə aparmaq, vaksinlərin bölüşdürülməsində ədalətli mövqe tutmaq əsas şərtdir. Nəzərə alaq ki, vaksinlər virusu yox etmir, sadəcə qabaqlayıcı tədbir kimi nəzərdə tutulur. Əgər hansısa kasıb dövlət öz xalqının vaksinasiyasını təşkil edə bilməsə, vaksinə qarşı ümumdünya immuniteti yaratmaq mümkün olmayacaq. Belə olan təqdirdə zəif iqtisadiyyata malik ölkələrin xalqları böyük əziyyət çəkəcəklər və dünya insan tələfatları ilə üzləşəcək. O baxımdan vaksinlər ədalətlə paylanmalıdır. Zəngin ölkələr isə sadəcə özləri üçün deyil, digər kasıb dövlətlərin xalqları üçün də vaksinlərin alınmasına maddi cəhətdən dəstək olmalıdırlar”.