Vaşinqtonun Ankaraya münasibəti dəyişməyəcək

"Amerikanın regionda istifadə etdiyi əsas güc terrorçu qruplaşmalardır"

Türkiyə ilə ABŞ arasında münasibətlər yenidən kəskinləşib. İraqın şimalında 13 silahsız türkün PKK və PYD terrorçu qruplaşmaları tərəfindən qətlə yetirilməsinə Amerika Prezidenti Cozef Baydenin şübhəli yanaşması, hadisəni törədən terrorçuları birbaşa dilə gətirməməsi iki ölkə arasında yeni gərginliyə səbəb olub. Vaşinqtonun hadisəyə müəmmalı yanaşması qarşılıqlı ittihamlara yol açıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanı PKK terror təşkilatının arxasında durmaqda ittiham edib: “Əgər biz sizinlə NATO-da birlikdəyiksə, əməkdaşlığımızı davam etdirəcəyiksə, bizə münasibətdə səmimi olmalısınız”.

Bundan sonra Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub. Telefon danışığında terror təşkilatları ilə mübarizə, S-400 mövzusu, Suriya və Şərqi Aralıq dənizindəki vəziyyətlər müzakirə edilib. Çavuşoğlu ABŞ tərəfinin son açıqlamalarının Türkiyədə yaratdığı rahatsızlığı dilə gətirib. Xatırladaq ki, Dövlət Departamenti hadisənin PKK tərəfindən törədildiyinə şübhə ilə yanaşmayıb. Rəsmi Ankaranın etiraz və diplomatik yolla təzyiqlərindən sonra dövlət katibi Entoni Blenkin 13 günahsız insanın qətlində PKK-nın məsuliyyət daşıdığını bildirib. Dövlət rəsmiləri gələcək günlərdə gündəlikdə olan bütün məsələlərlə bağlı geniş şəkildə müzakirə aparmaq barədə razılığa gəliblər.

İki ölkə arasındakı münasibətləri “Şərq”ə dəyərləndirən politoloq Turan Rzayev bildirib ki, Türkiyə terrorçu qruplaşmalara qarşı həm ölkə daxilində, həm də xaricdə ciddi mübarizə aparır. Analitikin sözlərinə görə, son dönəmdə PKK və PYD-yə qarşı hərbi əməliyyatlarda ciddi uğurlar əldə olunub:

“Ötən əsrin sonlarından etibarən PKK Türkiyənin başına bəla olub. Terrorçu qruplaşmanın maliyyələşməsini əvvəllər SSRİ təmin edirdisə, sonralar bu missiyanı ABŞ və digər Qərb ölkələri öz üzərlərinə götürdü. Reallıq odur ki, Amerika “kürd xalqı” adı ilə PKK və PYD-yə dəstək göstərir. Bunun ən bariz nümunəsi Türkiyənin israrlarına rəğmən, həmin təşkilatların terrorçu qurumlar olaraq qəbul edilməməsidir. Həmçinin, Suriya və İraqda İŞİD-lə mübarizə zamanı peşmərgə gücləri “qəhrəman” obrazında təqdim olunurdu. İndiki halda PKK-ya qarşı mübarizə davam etməlidir. Türkiyədə siyasi fəaliyyət göstərən Xalqların Demokratik Partiyasının (HDP) terrorçularla əlbir olması, birgə fəaliyyəti hamıya məlumdur. HDP Qərblə PKK arasında körpü rolunu oynayır. ABŞ və Avropa ölkələrinin terrorçulara dəstəyi partiya üzərindən həyata keçirilir. Türkiyə ilk növbədə bu dəhlizi sıradan çıxartmalıdır. Ümumiyyətlə, terrora dəstək verən bütün partiyaların fəaliyyəti ciddi araşdırılmalıdır”. 

T.Rzayev vurğulayıb ki, Qərb dövlətləri 13 türk vətəndaşının öldürülməsi ilə bağlı Ankaraya başsağlığı mesajı verməyib. Bu cür yanaşmanın özü həmin ölkələrin PKK-ya rəğbətindən qaynaqlanır:

“Qərb dövlətləri terrorçu təşkilatın qətliamlarına göz yumur. Türkiyəni yaxın tərəfdaş adlandıran Rusiyadan da hansısa açıqlama gəlməyib. Çavuşoğlu ilə Blinken arasında telefon danışığı Ankaranın Vaşinqtonu sərt təndiq etməsi fonunda baş tutdu. Məncə, bu, təsadüf deyildi. Çünki Ağ Evdən gələn açıqlamalar müttəfiq dövlətə yaraşmayan tərzdə idi.

Amerika ilk açıqlamalarında 13 türkü PKK-nın öldürməsinə şübhə ilə yanaşırdı. Bu səbəbdən nazirlər arasında telefon danışığı gərgin keçib. Bayden Administrasiyası da Türkiyəyə “S 400”dən imtina etməyi “məsləhət” görür.

Halbuki, Ankara bundan vaz keçməyəcəyini dəfələrlə açıqlayıb. Məsələ ondadır ki, Türkiyə ABŞ-ın şərtlərini yerinə yetirsə belə Vaşinqtonun türklərə münasibəti dəyişməyəcək. Ankaranı tənqid etmək üçün müxtəlif bəhanələr tapılacaq.

Amerikanın PYD-yə dəstəyi isə davam edəcək. Ağ Evin Yaxın Şərq siyasəti hələ də aktualdır və Amerikanın regionda istifadə etdiyi əsas güc terrorçu qruplaşmalardır”.