Görüş: “Ermənistan Kremlin “yol xəritəsi”ni gözləyir”

"Ümumiyyətlə, Ermənistanın Kremlin “məsləhətlərinə” ehtiyacı var"

"Bu, erməni diplomatları üçün Moskvanın təlimatlarının nə qədər vacib olduğunu göstərir"

Bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ara Ayvazyan arasında görüş olacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, XİN başçıları ikitərəfli əlaqələri, regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.
Maraqlıdır, ikitərəfli görüş nəyə hesablanıb? Yoxsa, bu işin də içində bir iş var? Ola bilərmi ki, Ayvazyan ziyarət adı ilə həm də ticarət etsin?



Bu barədə “Sherg.az”a danışan politoloq Əhməd Əlilinin fikrincə, gələcəkdə belə dialoqlar intensivləşəcək: 

“Rusiya ilə Ermənistan arasında spesifik əlaqələr var. Belə ki, düşmən ölkə şimal qonşumuzun təşkil etdiyi, demək olar, bütün beynəlxalq təşkilatların üzvüdür. Bu isə tərəflərin tez-tez görüşlər keçirməsini şərtləndirir.

Ümumiyyətlə, Ermənistanın Kremlin “məsləhətlərinə” ehtiyacı var. Hələ 2008-ci ildə Ermənistan sülh protokolunu imzalayarkən Lavrovun o vaxtkı həmkarı Edvard Nalbandayana amiranə formada “İmzala!” deməsi kadrlara düşmüşdü.

Bu fakt özü erməni diplomatları üçün Moskvanın təlimatlarının nə qədər vacib olduğunu göstərir. Həm də Ermənistan üçün fövqəladə dövrdür.

Müharibədə uduzmuş rəsmi İrəvan daxili və xarici siyasətini müəyyənləşdirməkdən ötrü Kremlin “yol xəritəsi”ni gözləyir. Deməli, bundan sonra ikitərəfli görüşlər təkrarlanacaq”.