“Bir görüşlə telekanalın səviyyəsini yüksəltmək olmaz” – Davamı gəlsin! 

“Əlbəttə, televiziyalarımızdakı verilişlərlə bağlı müəyyən narahatlıqlar var”

“Nazirliyin keçirdiyi görüş o halda effektli ola bilər ki, televiziyalara konkret layihələr təqdim olunsun və onun icra mexanizmi göstərilsin”


Dünən Mədəniyyət naziri Anar Kərimov ölkədə fəaliyyət göstərən televiziya kanalları rəhbərləri ilə görüş keçirib. Görüşdə Rövşən Məmmədov ("Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti), Mirşahin Ağayev (Real TV), Balakişi Qasımov (İctimai Televiziya), Kamil Şahverdiyev (Space TV), Murad Dadaşov (Xəzər TV), Azər Xəlilov (Azad Azərbaycan TV), Vüqar Xəlilov (CBC TV), Radik İsmayılov (ARB TV) və Lider TV-nin nümayəndəsi Nazxanım Bağırova iştirak edib. 

A.Kərimov Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatlardan söz açıb. Nazir həmçinin dövlət başçısının tapşırığına uyğun olaraq mədəniyyət sahəsində həyata keçirilən islahatların və yeniliklərin ictimaiyyətə təqdim edilməsi prosesinə televiziyaların da dəstək göstərməsinin əhəmiyyətini qeyd edib.

Diskussiyalarda vətənpərvərlik mövzusunda verilişlərin hazırlanması, mədəniyyətin müxtəlif sahələrində insan resurslarının inkişafı, cizgi filmlərinin istehsalı və yayımı müzakirə edilib. Kino sahəsindəki yeniliklər və bu sahədə görüləcək işlər, eləcə də televiziyaların “Azərbaycanfilm” kinostudiyası ilə əməkdaşlıq məsələləri də görüşün müzakirə obyektlərindən olub.

Zaman-zaman televiziyalarımızda yayımlanan bəzi proqramlar barədə tənqidi fikirlər səslənib. Cəmiyyətə mənfi təsir edən, milli, mədəni dəyərlərimizə uyğun olmayan müxtəlif proqramlar yayınlanır. Hətta kifayət qədər bayağı verilişlərin də şahidi oluruq. Bu hal xoş qarşılanmasa da, problem həll olunmur.

Bəs, sözügedən görüşün keçirilməsi bu sahədəki çatışmazlıqları arada qaldıra bilərmi?



Media eksperti, professor Qulu Məhərrəmli “Sherg.az”a açıqlamasında belə görüşlərin keçirilməsinin vacib olduğunu vurğulayıb:

“Lakin Mədəniyyət Nazirliyinin konkret istəkləri, televiziyalara nələri tövsiyə etdiyi bir görüşlə müzakirə oluna bilməz. Fikrimcə, davamlı fikir mübadiləsi aparılmalıdır. Televiziya əməkdaşlarının digər nazirliklərlə, məsələn Təhsil Naziliyi ilə də görüşləri olmalıdır. Əlbəttə, televiziyalarımızdakı verilişlərlə bağlı müəyyən narahatlıqlar var.

Yalnız mədəniyyətlə yox, təhsillə bağlı da narahatlıq doğuran məqamlar olur. Ölkə əhalisinin maariflənməsi vacibdir. Lakin bu məsələlər mahiyyət etibarı ilə görüşlər nəticəsində həll olunmur”.

Professor qeyd edib ki, televiziyalarla bağlı fikir mübadiləsi və düşüncələrin yenilənməsi məsuliyyət baxımından önəmlidir:

“Amma bir görüşlə heç bir telekanalın səviyyəsini yüksəltmək mümkün deyil. Bizdə normal mədəniyyət verilişləri olsa və əlbəttə ki, bu, şou xarakterli yox, ciddi platforma kimi fəaliyyət göstərsə, müsbət nəticələr əldə olunar.

Nazirliyin keçirdiyi görüş o halda effektli ola bilər ki, televiziyalara konkret layihələr təqdim olunsun və onun icra mexanizmi göstərilsin. Məsələn, vaxtilə İctimai Televiziyada Təhsil Nazirliyinin proqramı var idi. Həmin proqram gənclərin təhsillə bağlı bacarıqlarını tənzimləyirdi və yaxşı da izlənilirdi.

Bu cür layihələrin və ideyaların reallaşmasına kömək etmək əslində televiziyalara yardımdır”.