Sabir Rüstəmxanlı razıdır:“Dövlət partiyalara maliyyə dəstəyi verir”

Siyasi partiyalara maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 4 milyon manat vəsait nəzərdə tutulub. Bu barədə Maliyyə Nazirliyinin məlumatında qeyd olunub. İlin birinci rübü üzrə 10 siyasi partiyaya - Yeni Azərbaycan Partiyasına, Vətəndaş Həmrəyliyi Partiyasına, Ana Vətən Partiyasına, Demokratik İslahatlar Partiyasına, Azərbaycan Demokratik Maarifçilik Partiyasına, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına, Böyük Quruluş Partiyasına, Vəhdət Partiyasına, Respublikaçı Alternativ Partiyasına və Milli Cəbhə Partiyasına ümumilikdə 857,5 min manat məbləğində vəsait ödənilib.


Vəsaitin ayrılması “Siyasi partiyalar haqqında” qanunun 17-1-ci maddəsinə uyğun aparılır. Dövlət büdcəsindən yalnız parlamentdə təmsil olunan partiyalara vəsait ayrılır.  Siyahıda isə Vətəndaş Birliyi Partiyası yoxdur. Partiyanın sədri, deputat Sabir Hacıyev mətbuata açıqlamalarında bu vəsaitdən imtina etdiyini açıqlayıb.

Maliyyə yardımına dair “Sherg.az”a danışan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı prosesin ədalətli olduğunu qeyd edib:

“Hansı siyasi partiyalara maliyyə yardımının veriləcəyinə dair prinsiplər müəyyən edilməli idi. Artıq bu prinsip müəyyənləşdirilib. Dövlət Milli  Məclisə seçilmiş partiyalara dəstək verir.

Hətta Parlamentə seçilməsə də partiyası seçkilərdə 3 faizdən çox səs toplayırsa, onlar da dövlətdən maliyyə yardımı alırlar. Lakin bu dəfə 3 faizdən yuxarı səs yığan yox idi. Beləliklə, əsasən parlamentdə təmsil olunan partiyalar maliyyə dəstəyi aldı.

Məbləğin az və yaxud çox olduğunu deyə bilmərəm, əsas odur ki, biz 23 işçimizə maaş veririk. Maliyyə fəaliyyətimiz yoxlanılır və bu barədə Mərkəzi Seçki Komissiyasına (MSK) məlumat verilir.

Yəni proseslər tamamilə şəffaflıqdan ibarətdir. Şükür ki, ölkəmizdə bu şəffaflıq təmin olunur”.