Diplomatik oyun gedir ! – “Minsk qrupunu fəallaşdırmağa çalışırlar”

“Azərbaycan mütləq öz qətiyyətli mövqeyini ortaya qoymalıdır”

Dünən xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə video-konfrans formatında görüşü keçirilib.
XİN-in Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr və 11 yanvar tarixli bəyanatların icrasını müzakirə ediblər.

Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün etimadın bərpa olunması və əmin-amanlıq şəraitində birgəyaşayışın həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Görünür, həmsədrlər yenidən fəaliyyətə başlamaq istəyirlər. Halbuki bu, lap “toydan sonrakı nağaranı” xatırladır. Oxucularımız yaxşı xatırlayarlar ki, Prezident İlham Əliyev vasitəçiləri  sonuncu dəfə qəbul edərkən onları bura kiminsə dəvət etmədiyini bildirmişdi. Elə isə nə oldu ki, həmsədrlər “məzuniyyətdən qayıtmağa” qərar verdilər?!

Keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Minsk qrupunun “qış yuxusundan oyanmasını” “Sherg.az”a şərh etdi:

“Onlar müharibəyəqədərki dövrün “qalıqlarıdırlar”. Həm Ermənistan, həm də Qərb dairələri Minsk qrupunu fəallaşdırmağa çalışır. İndidən konkret nəsə demək çətindir. Hər halda ciddi diplomatik oyun gedir. Azərbaycan mütləq öz qətiyyətli mövqeyini ortaya qoymalıdır”.