Xocalı vəhşəti: “O ananın görüntülərini unuda bilmirəm”

“Gördüm ki, Ağdamdakı parkın içində bir qadın və yanında qız uşağı gəlib-gedənin qarşısını kəsib, “mən bilirəm, oğlum ölüb”deyirdi”

“Necə ürək sahibi olasan ki, bir erməninin Azərbaycan qadınının başına gətirdiyi dəhşətləri oxuyasan. Adamın ürəyi partlayar...”

“Laçında nə qədər qadınlarımız özünü qayadan atıb”

“Cinayətkarlar-Robert Koçaryan, Serj Sarkisyan niyə sağdır, axı nə üçün cəzalandırılmayıblar?!”


Bəşər tarixinə böyük faciə kimi yazılan Xocalı soyqırımından 29 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edildi. Soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Əslində, Xocalı faciəsi bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra hazırlıq görürdülər. Onlar Qarabağın digər ərazilərində belə faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər. Xocalı faciəsinə gedən yolun başlanğıcı isə Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana çıxdığı dövrə təsadüf edir. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulurdu.

Sabiq millət vəkili Flora Qasımova xalqımıza qarşı törədilən Xocalı dəhşətləri ilə bağlı yaddaşındakı hadisələri “Sherg.az”a danışıb:

“O illəri xatırlamaq çox ağırdır. Xocalı hadisəsindən 10 gün əvvəl oğlum Ağdamda idi. Fevralın 16-da Ağdama getmişdim. Xocalılar vertolyotla az-az olsa da çıxarılırdılar. Bu günə kimi yadımdan çıxmaz: gördüm ki, Ağdam bazarına gedən yolda park var idi, parkın içində bir qadın və yanında qız uşağı gəlib-gedənin qarşısını kəsib, “mən bilirəm, oğlum ölüb”deyirdi.

Söyləyirdi ki, “oğlumun ürəyi xəstədir, nə qədər dedim ki, gəlsin gedək vertolyota, amma gəlmədi”. Təsəvvür edin, qadın tanımadığı adamların qarşısını kəsib oğlundan danışırdı.

Həmin ananın görüntülərini unuda bilmirəm. Hadisə baş verməzdən qabaq yollar bağlanmışdı, ona görə camaatı helikopterlə çıxarırdılar. O günləri yada salmaq, camaatın başına gətirilən müsibətləri danışmaq çox ağırdır.

Təəssüf ki, neçə il müddətində heç olmasa, cinayətkarlardan bir nəfərə  belə layiqli cəzasının verilməsinə nail ola bilməmişik. Cinayətkarlar-Robert Koçaryan, Serj Sarkisyan kimi adamlar indi revanşist və həyasız sözlər danışırlar. Onlar niyə sağdır, axı nə üçün cəzalandırılmayıblar? İndi isə yenidən insanları Qarabağ uğrunda mübarizəyə səsləyirlər, gah “müstəqilliyə” can atıb, gah da ordu yığmaq istəyirlər”.

F.Qasımovanın sözlərinə görə, Xocalı hadisələri zamanı qadınların başına gətirilən vəhşətləri yada salmaq çox ağırdır:

“Namusumuz, qeyrətimiz tapdalanmışdı. Bir rabitəçi qız var idi, indi adını unutmuşam. O, başına gətirilən müsibətlər barədə kitab yazıb. Həmin qız kitabı mənə verib, lakin hələ də açıb oxuya bilməmişəm. Necə ürək sahibi olasan ki, bir erməninin Azərbaycan qadınının başına gətirdiyi dəhşətləri oxuyasan. Adamın ürəyi partlayar...

Xalqımız dəhşətli günlər yaşayıb. Yalnız Xocalı faciəsi deyil, Qaradağlıda, Bağanis Ayrımda və başqa yerlərdə faciələr baş verib. Laçında nə qədər qadınlarımız özünü qayadan atıb.

Nə qədər ki, erməni caniləri cəzasız qalıb, gələcəkdə belə hadisələri yenə yaşaya bilərik. Ona görə də yaxşı başladıq. Nəhayət ordumuz Ali Baş Komandanın rəhbərliyi, xalqımızın birliyi ilə qalib gəldi.

Torpaqlarımızı işğaldan azad etdik, lakin tam qələbəmiz o zaman olacaq ki, erməni caniləri məhkəmə qarşısına cəzalarını çəkəcəklər. Elə bir şəhər və kəndimiz yox idi ki, viran qoymasınlar. Cənab Prezident onlara yaxşı ad qoyub-vəhşi qəbilə.

Doğrudan da onlar insan deyillər, faşizmin ən eybəcər formasıdırlar. Türkə qarşı nifrət bütün qanlarına işləyib. Ermənilərin bu xəstəliyi heç vaxt sağalan deyil”.