Revanşistlər Ermənistanı daha ağır fəlakətə sürükləyir

"Məğlub ölkədə sülh carçılarının səsi hələ çox zəifdir, hətta demək olar ki, eşidilmir"

"Erməni xalqı bəzi siyasi dairələrin təxribatlarına uymamalıdır. Regionda kommunikasiyaların bərpası üçün öz hökumətlərinə təzyiq göstərməlidirlər"


Ermənistanda 10 noyabr üçtərəfli bəyanatı ilə razılaşmayan qüvvələr aktivlik nümayiş etdirir. Məğlub ölkədə sülh carçılarının səsi hələ çox zəifdir, hətta demək olar ki, eşidilmir. Revanşistlər və faşist təfəkkürdə olanlar isə gur səslə yenə erməni xalqını aldatmağa, Ermənistanı yanlış istiqamətə yönəltməyə, müharibənin hələ bitmədiyini “sübut” etməyə çalışırlar. Bununla da erməni xalqını növbəti və daha böyük fəlakətə sürükləyirlər. Bir müddət əvvəl müxalifətdə olan “İşıqlı Ermənistan” partiyası parlamentdə 10 noyabr Bəyanatının ölkə qanunlarına uyğun olub-olmaması barədə müzakirə açmaq istəyib.

Məsələnin parlamentin gündəliyinə salınması üçün səsvermə də keçirilib. Spiker Ararat Mirzəyan məsələnin gündəliyə salınmasına 40, əleyhinə 73 deputatın səs verdiyini bildirib. İqtidardakı “Mənim addımım” fraksiyası üçtərəfli bəyanatın müzakirə olunmasının parlamentin səlahiyyətləri çərçivəsində olmadığını açıqlayıb. Lakin müxalifət fraksiyaları israrla rəsmi Yerevanın imza atdığı kapitulyasiya sənədinin ölkə qanunları ilə uzlaşmadığını iddia edirlər. Şübhə yox ki, sülh və sabitliyə, qonşu xalqlarla əməkdaşlığa ən çox ehtiyac duyan məhz Ermənistandır. Ancaq buna nail olmaq üçün ermənilər ilk növbədə yeni reallığı qəbul eləməli, başlarından yekə iddialarla çıxış etməməlidirlər. Fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər zamanı Prezident İlham Əliyev də bu məqama xüsusi diqqət çəkərək Ermənistandakı revanşist təşəbbüslərə sərt reaksiya verib və düşmənə növbəti xəbərdarlığını edib.

Dövlət başçısı bildirib ki, Ermənistandakı revanşist qüvvələr Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışır: “Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın”. Prezident bildirib ki, biz erməni faşizmini artıq məhv etmişik:

“Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Özləri etiraf edirlər ki, müharibə zamanı onların 10 min fərarisi olub. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür. Aparılan siyasətin təzahürüdür. Biz döyüş meydanında Qələbə qazandıq. Biz bu torpaqları vuruşaraq işğalçılardan azad etmişik. Ermənistanı məcbur etdik ki, noyabrın 10-da kapitulyasiya aktına imza atsın və Laçın, Kəlbəcər, Ağdam rayonlarını bizə qaytarsın. Çünki danışıqlar zamanı heç vaxt Laçın və Kəlbəcər rayonlarını bizə qaytarmaq istəmirdi. Biz döyüş meydanında düşməni məğlub edərək tarixi ədaləti bərpa etdik”. 

Ölkə rəhbərinin xəbərdarlığı Ermənistanla yanaşı, erməni lobbisinə və revanşistlərin xaricdəki havadarlarına da ünvanlanıb. Müşahidələr göstərir ki, kapitulyasiya edən ölkədə bu qəbildən avantürist çıxışlar məhz xaricdəki anti-türk, anti-Azərbaycan çevrələrinə arxayın olaraq edilir.

Məhz bu qüvvələr bir əsrdən çoxdur ermənilərin qonşularla, Azərbaycan və Türkiyə ilə barışığına imkan vermir. Bölgədə daim müharibə, qarşıdurma ab-havasının qalmasına çalışır. Halbuki, hazırda sülh və sabitlik tam iflas ərəfəsində olan Ermənistana hamıdan çox lazımdır. Prezident İlham Əliyev çıxışı zamanı region iqtisadi layihələrin, nəqliyyat dəhlizlərinin önəminə də toxunub və vurğulayıb ki, nəzərdə tutulan kommunikasiya layihələrinin reallaşması bütövlükdə bölgə xalqları üçün faydalıdır: “Bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu var. Burada iştirak edən bütün ölkələr ancaq xeyir götürəcək, fayda götürəcək”. Dövlət başçısı qeyd edib ki, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər: “Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran, Ermənistanla İran və Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər. Onu da bildirməliyəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində artıq Rusiya ilə Türkiyə arasında bu dəmir yolundan istifadə edərək yüklər daşınmağa başlayıb. Görün, biz nə qədər böyük uzaqgörənlik göstərmişik, böyük iradə göstərmişik”. 

Həqiqətən də yeni nəqliyyat yollarının açılması, ticarət imkanlarının yaranması Cənubi Qafqazın inkişafına müsbət təsir edəcək. Region ölkələrinin ortaq layihədə yer alması regionun gələcək inkişafına ciddi töhfələr verəcək. Mühüm layihələrə qoşulmaq üçün Ermənistan revanşist cədhlərə son verməli, ittihamlardan vaz keçməlidir. Yerevan hökuməti rəsmi Bakının şərtlərinə əməl etməklə böhran vəziyyətindən çıxa bilər. Həm də Türkiyəyə, İrana və Rusiyaya birbaşa çıxış imkanı əldə edər. 



Ehtiyatda olan polkovnik Şair Ramaldanov “Şərq”ə açıqlamasında vurğulayıb ki, Prezident İlham Əliyev öz müdrikliyini bütün sahələrdə göstərib. Hərbçinin sözlərinə görə, müharibədən illər öncə dövlət başçısı Ermənistan rəhbərliyinə dəfələrlə konstruktiv mövqeyə gəlməklə bağlı çağırış edib. Ölkə başçısı Yerevan hökumətini düşmənçilikdən əl çəkməyə, sülh danışıqlarına razılıq verməyə çağırırdı. Azərbaycanın səbrinin tükəndiyini, son nəticədə məğlub tərəfin məhz işğalçı Ermənistan olacağını bəyan edirdi:

“Əgər Ermənistanın başında duran şəxslər Azərbaycan Prezidentinin uzaqgörən siyasətindən və xəbərdarlıqlarından düzgün nəticə çıxartmağı bacarsaydı, düşmən ölkə indiki faciəli vəziyyətə düşməzdi. Prezidentimiz nəticənin necə olacağını hamıdan yaxşı bilirdi və Azərbaycanın qələbəsinə zərrə qədər şübhə etmirdi. Ordumuzun bütün tapşırıqları yerinə yetirəcəyinə əminlik böyük idi. Ölkəmizdəki daxili sabitlik, iqtisadi inkişaf, iqtidar-xalq birliyi, cəmiyyətin Qarabağ məsələsində həmrəylik nümayiş etdirməsi torpaqlarımızın azadlığına və möhtəşəm qələbə qazanmağımıza gətirib çıxartdı. Məhz sadaladığım amillər bir yerdə yumruğa, “dəmir yumruğa” çevrildi.

Cənab Prezident humanist xarakterindən dolayı müharibədən öncə Ermənistana davamlı xəbərdarlıq edirdi ki, sonradan peşman olmasınlar. Bilirsiz ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi və Baş nazir Nikol Paşinyan oldu. İlk dönəmdə Paşinyana inam var idi, çünki o, Qarabağ problemini həll edəcəyi vədini vermiş, elə hakimiyyətə də bu vədlə gəlmişdi. Ona görə Paşinyana möhlət verildi və müharibənin başlanması yubandı. Lakin bir müddət sonra tamamilə fərqli, müharibə ritorikası ilə çıxış edən, ardıcıl sərsəm ifadələr səsləndirən, “Qarabağ Ermənistandır” deyən bir Paşinyan meydana çıxdı. Yerevan hökuməti nəinki problemi həll etmək, sülhə razılıq vermək barədə düşündü, əksinə, “yeni torpaqların işğalı” planlarını gündəmə gətirdi. Ötən ilin iyul ayında törədilən təxribatı isə səbr kasasını daşıran son damla oldu. Nəticədə Dəmir Yumruq Paşinyanın və işğalçı erməni ordusunun başına endi. 44 günlük müharibə ilə torpaqlarımızın böyük hissəsini azad etdik, Ermənistanı təslimçi sülhə məcbur qoyaraq, digər rayonlarımızı döyüşsüz boşaltmağa nail olduq”. 

Ş.Ramaldanov qeyd edib ki, dövlət başçısı İlham Əliyev yenidən Ermənistana xatırladır ki, revanşist təşəbbüslərin cavabı bu dəfə lap ağır olacaq:

“Ermənilər Azərbaycan Ordusunun güclü zərbəsini təzədən görmək istəmirlərsə, özləri revanşistlərin cavabını versinlər.

“Toydan sonra nağara” prinsipi ilə yaşamasınlar və xəbərdarlıqlara vaxtında məhəl qoysunlar. Prezident ümumən Cənubi Qafqazın inkişafını istəyir, bölgədə qalıcı sülh və əminamanlığın bərpa olunmasına çalışır. Ermənistan rəhbərliyinə, sağlam düşüncə sahiblərinə də çağırış edir ki, işğalçılıq ambisiyalarına son qoysunlar və qonşularla normal əməkdaşlıq barədə düşünsünlər. Çünki erməni xalqının rifahı bundan keçir. Ona görə də erməni xalqı bəzi siyasi dairələrin təxribatlarına uymamalıdır. Regionda kommunikasiyaların bərpası üçün öz hökumətlərinə təzyiq göstərməlidirlər”. 




Milli Həmrəylik Partiyasının sədri, Qarabağ qazisi Əlisahib Hüseynov da “Şərq”ə bildirib ki, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Ermənistanın bütün revanşist qüvvələrinə ünvanlanmış açıq xəbərdarlıqdır:

Prezident tamamilə haqlıdır, biz imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Vazgen Manukyan, Robert Koçaryan, Serj Sarkisyan kimi erməni faşizminin baniləri, "Miatsum" planının ideya müəllifləri artıq dərk etməlidirlər ki, indi 1988-ci il deyil. Ermənistanda hər kəs dövlət başçımızın bu xəbərdarlıq ismarıcını ciddi şəkildə götür-qoy etməlidir. Manukyan kimi qoca “qırğı”lar başa düşməlidirlər ki, xalqı meydanlara səsləmək heç də ağıllı və rasional hərəkət deyil. Bu cür revanşist cəhdlər Ermənistan üçün fəlakətli nəticələrə gətirib çıxara bilər.

Onlar unutmamalıdırlar ki, biz bir dəfə Ermənistan ordusunu tamamilə darmadağın etmişiksə, bu dəfə "Dəmir Yumruğ"umuzun zərbəsi nəticəsində artıq Ermənistan dövləti tamamilə məhv olacaq. Dövlət başçımız real həqiqətləri açıqlayır. Bəzi faktları erməni liderləri özləri də etiraf etməli olurlar. Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 10-da parlamentdə çıxışı zamanı 10 min fərarinin olduğunu həqiqətən də etiraf etmişdi.

Ermənistan hökuməti Qarabağda verdiyi itkilərin rəsmi sayını açıqlamasa da, istər hərbi dairələr, istərsə də ölkə müxalifəti 44 günlük döyüşlər zamanı 6 min hərbçinin öldüyünü, 10 mindən çoxunun isə yaralandığını bildirir. Bütün bu real faktlar, həqiqətlər ortada ikən, Qarabağla bağlı üçtərəfli razılaşmaya görə Nikol Paşinyan hakimiyyətini kəskin tənqid edən və revanşist açıqlamalar verən Ermənistan müxalifətinin bəyanatları absurd teatrdan başqa bir şey deyil”.

Partiya rəhbərinin fikrincə, Ermənistan müxalifəti Azərbaycan Prezidentinin ismarıcından düzgün nəticə çıxarmasa, onların revanşizmi bütövlükdə erməni xalqı üçün tarixin sonunu gətirəcək:

“Müzəffər Azərbaycan Ordusunun “Dəmir Yumruğ"u bundan sonra “domokl qılıncı” kimi daim Ermənistanın başı üzərində olacaq. Ermənistanın hakim və müxalifət dairələri həqiqətən də iddia etdikləri kimi vətənpərvərdirlərsə, o zaman 10 noyabr razılaşmasının bütün şərtlərinə qeyd-şərtsiz əməl etməyə çalışsınlar. Çünki bu, Ermənistanın yeganə çıxış yoludur, xilas vasitəsidir”.