İnsanların inanclarına hörmətlə yanaşılmalıdır

Məktəbdəki hicab qalmaqalı qanundakı boşluqlardan qaynaqlanır

"Vətən müharibəsində şahid olduq ki, baş örtülü 100-lərlə ananın övladı Vətən uğrunda canlarını nəzir etdilər"


Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin direktoru Taliyə Mirzəyeva başına hicab bağlamış şagirdi dərsə buraxmayıb. Sosial şəbəkədə yayılan məlumatlara görə, direktor  şagirdin valideyninə də əsəbiləşərək  “bura siz hicablılar üçün deyil, hamınızı İrana sürgün etmək lazımdır”, – deyib. Valideynlərin sözlərinə görə, yaranmış gərginlik şagirdlərdə təşviş və qorxu yaradıb. Onlar valideynlərinə zəng edərək  gəlib onları məktəbdən evə aparmalarını istəyiblər.

Məktəbin direktoru Taliyə Mirzəyeva isə Yenicag.az-a açıqlamasında rəhbəri olduğu təhsil ocağında hicab qalmaqalı haqda yayılan xəbəri təkzib edib. Məktəb direktorunun sözlərinə görə, məktəbdə hicablı şagirdə qarşı hər hansı təzyiq olmayıb və bu barədə irəli sürülən iddia əsassızdır:  “Məktəbimizdə 1 300 şagird təhsil alır, onların da 800 nəfəri qızdır. Ümumiyyətlə, bizim məktəbdə başı bağlı qız şagirdlərimiz və müəllimlərimiz yoxdur.  Bu gün gəlib görürəm ki, 7-ci sinifdəki qız başını bağlayıb. Mən ona dedim ki, bayırda bağlayır, məktəbin daxilinə girəndə isə başını açacaq, yenə bayıra çıxanda bağlayacaq, gedəcək. Uşaq da elə başını açdı, girdi dərslərini keçdi, getdi. Çünki bir uşağın başı bağlı olsa, Novxanı da elə bir yerdir ki, orada Masallı, Lənkəran zonasından çox işləyənlər var və onların da hamısı sabah gələcəklər ki, uşaqların başını bağlayaq. Qız uşağıdır, nə şiddət olunacaq qıza? Özü də mən uşaqla yox, onun anası ilə danışdım. Anası ilə qapıda danışdım, uşaq da özü girdi soyundu çıxdı. Heç bir şiddət ola bilməz”.

Məsələ ilə bağlı fikirlərini feysbuk üzərindən paylaşan araşdırmaçı jurnalist Kənan Rövşənoğlu isə “Təhsil haqqında” qanuna düzəliş edilməsini vacib sayır:

“Novxanı məktəbinin direktoru hicablı 7-ci sinif şagirdinin başını məcburi açdırıb. Sonra da deyib ki, sizi İrana sürgün etmək lazımdır. Bu gün isə mediaya  açıqlamasında öz əməlini belə əsaslandırıb ki, bura Novxanıdır, cənub regionundan burda yaşayan çoxdur.  Əgər hicaba icazə versə, məktəbdə şagirdlərin çox başını örtəcək. Belə adamlarla təhsil necə inkişaf eləsin? Araşdıracaqsan, kiminsə adamı çıxacaq. Biz də hələ böyük arzular, xəyallar qururuq. Problem qapımızın ağzındadır... Şagirdin baş örtüsünü məcburi açdırmaq olmaz. Baş örtüsü azaddır. Problem “Təhsil haqqında” qanundadır. İndiki qanunda geyim mövzusu məktəblərin nizamnaməsinə həvalə olunub. Buna görə də direktorlar başlarına  görə qayda düzəldirlər. Amma bu, şəxsi iradəyə buraxılacaq məsələ deyil. Qanunla tənzimlənməlidir. Qanundakı boşluq direktorların belə özbaşınalığına səbəb olur. O zaman TN vəziyyətdən çıxmaq üçün başörtüyünü buraxdı məktəb nizamnamələrinə. Buna görə də indi direktorlar öz kefləri ilə davranır. Biri icazə verir, o biri vermir. Amma bu cür məsələlər qanunda sabitlənməlidir ki, belə özbaşınalığa şərait yaratmasın”.



Şərqşünas Seyid Camal Əzimbəyli baş vermiş olayla bağlı “Şərq”ə açıqlamasında bəzi məmurlar və vəzifə sahiblərinin Prezident llham Əliyevdən örnək almalarını tövsiyə etdi:  

- Azərbaycanda milli-mənəvi dəyərlərin ən böyük təəssübkeşi Prezident İlham Əliyevdir. Mən hər zaman bunu vurğulamışam və bildirmişəm ki, Azərbaycan dünyəvi dövlət və tolerant ölkə olmaqla yanaşı eyni zamanda əhalisinin 90 faizinin islam dininə mənsub olduğu və milli-mənəvi dəyərlərə qırılmaz tellərlə bağlı bir ölkədir. Ancaq təəssüf ki, bəzən mənəvi dəyərlərə hörmətsiz yanaşmaların da şahidi oluruq. Bu da həmin insanların dini etiqadlarının zəifliyindən irəli gəlir. Belə insanlarla söhbətlərimiz də olur və onlara anlatmağa çalışırıq ki, insanların inanclarına hörmətlə yanaşmaq  dünyəvi, demokratik cəmiyyətlərin əsas meyarlarındandır. Necə ola bilər ki, Azərbaycan bütün dünyada tolerantlığın ən mükəmməl nümunəsi kimi örnək göstərilsin, amma daxildə bir məktəb direktoru başı örütülü şagirdə təzyiq etsin?! Əlbəttə uşaqların elmə, təhsilə sahib olması başlıca şərtdir. Çünki elm, təhsil olmayan yerdə cəhalət və xurafat olar. Lakin baş örtüsünü cəhalətə bağlamaq  dini dəyərlərə qarşı hörmətsizlik və dözümsüzlükdür. Yəqin ki, aidiyyətli qurumlar bu məsələ ilə maraqlanacaq və obyektiv qərar qəbul edəcəklər. Vətən müharibəsində şahid olduq ki, baş örtülü 100-lərlə ananın övladı Vətən uğrunda, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını nəzir etdilər. Bu igidlər baş örtülü anaların Vətən sevgisi ilə tərbiyə almış oğulları idi. Belə həssas məsələlərdə inanclı insanlara qarşı tolerant davranılmasına ehtiyac var. 

Qeyd edək ki, Abşeron Rayon Təhsil Şöbəsindən Novxanı kənd 1 nömrəli tam orta məktəbin direktoru Taliyə Mirzəyevanın məktəbli qızın başından hicabını açaraq yerə atması ilə bağlı xəbərə münasibət bildirilib. Təhsil Şöbəsinin açıqlamasında bildirilir ki, məktəbdə baş verən hadisə ilə bağlı iddialar təhsil şöbəsinin əməkdaşları tərəfindən araşdırılıb:

“Məlum olub ki, iddialarda adı hallanan 7-ci sinif şagirdinin valideyni Q.İ. ilə direktor arasında heç bir insident yaşanmayıb. Valideynin məktəbdən və məktəb rəhbərliyindən heç bir şikayəti yoxdur. Sinif rəhbəri valideyn və şagirdlə görüşüb və növbəti dərs günündən şagird məktəbdə tədrisə davam edəcək”.