Sarkisyanın siyasi gələcəyi yoxdur

Daha erməni cəmiyyəti sabiqlərə inanmayacaq


Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan uzun müddətdən sonra yenidən geniş müsahibə verib. Sarkisyan 2016-cı ildə baş vermiş dördgünlük aprel savaşında Azərbaycanın “ağır itki” verdiyini və savaşın “rəsmi Bakının xahişi ilə dayandırıldığını” iddia edib. Erməni mediasının böyük həvəslə tirajladığı müsahibədə Sarkisyan özündən “qəhrəman” düzəltmək üçün hər şeyə baş vurub.

Həyasızcasına faktları təhrif etməyə çalışıb. Yəqin, eks prezident güman edir ki, 44 günlük Vətən savaşında ağır hərbi və psixoloji zərbə alan erməni ictimaiyyətinin yaddaşı məhv olub və aprel savaşı da unudulub. Aprel savaşında ermənilərin illərlə qurduğu “Ohanyan səddi”nin 45 dəqiqə ərzində darmadağın edildiyi və Lələtəpənin işğaldan azad olunması hamının xatirindədir.

Sarkisyan özü belə həmin ərəfədə faktiki olaraq məğlubiyyətini etiraf etmişdi. Ermənistan ordusunun ilk həmlədə darmadağın olması uzunmüddətli istintaq prosesinin də başlanmasına səbəb olmuşdu.

Heç şübhəsiz, dördgünlük savaşın dayandırılmasının səbəbi Rusiyanın müdaxiləsi və ən əsası isə Sarkisyanın müəyyən vədlər verməsi idi. Sarkisyan münaqişənin “5+2” formatında həllinə razılıq vermiş, üzərinə öhdəlik götürmüşdü.

Ancaq gözlənildiyi kimi xunta rejimi heç bir danışığa getmədi və vədinə xilaf çıxdı. Sarkisyan hakimiyyətin ötürülməsi və istefası barədə də yalan danışmaqdan çəkinməyib. Bildirib ki, guya, istefaya gedəcəyi halda Karen Karapetyandan hakimiyyəti əlinə almağa hazır olub-olmadığını soruşub, “hə” cavabı alandan sonra isə onu həmin vaxt təcridxanada olan Paşinyanın yanına göndərib. Lakin Karapetyan onun təlimatını olduğu kimi icra etməyib. Bəllidir ki, Sarkisyan hakimiyyəti Karapetyana ötürməyə cəhd etsə də, Rusiyanın dəstəyini ala bilmədi. O dövrdə Paşinyanın başa keçəcəyinə heç kim şübhə etmirdi. Sarkisyanın öhdəliklərindən yayınmağa çalışan Baş nazir Nikol Paşinyan isə müharibə ritorikasından başqa çıxış yolu tapmadı.

“Yeni müharibə və yeni ərazilər”, “Qarabağ Ermənistandır” kimi təhlükəli şüarlar məhz bu cür meydana gəldi. Məsələ ondadır ki, Sarkisyanın absurd ittihamlarına erməni cəmiyyəti də inanmır.

Ermənistanın Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan deyib ki, aprel savaşı ozamankı prezident Serj Sarkisyanın verdiyi vədlər, eləcə də onların reallaşma qrafikinin təqdimatından sonra Azərbaycanı qane etdiyi üçün dayandırılıb: “Aprel müharibəsi erməni tərəfinin vədlərinə görə dayandırılıb. Yayda Sasna Çrer hadisəsi baş verdi ki, Sarkisyan bundan istifadə edib, vədlərin reallaşmasını 2017-ci ilin aprelinə qədər, daha sonra isə hakimiyyətin tranzitinə qədər təxirə saldı. Bu insan çoxsaylı vədlər verərək, Ermənistan üçün belə bir yük yaradıb. Mən dəqiq şəkildə bəyan edirəm ki, onun vədləri, yaratdığı dalanlar ucbatından biz ciddi problemlərlə qarşılaşdıq”. 

Siyasi şərhçilərin fikrincə, Sarkisyan Ermənistanı yox, özünü xilas etmək üçün var-gücü ilə çarpışır. Ancaq görünən odur ki, eks prezidentin yeni və köhnə erməni siyasi elitasında bir qəpiklik hörməti yoxdur. Azərbaycanla bağlı danışıqlar barədə dedikləri isə tamamilə cəfəngiyyatdır. 

Politoloq İlqar Vəlizadə “Şərq”ə bildirib ki, Sarksiyan keçmiş səhvlərinə görə özünə bəraət qazanmağa, “sudan quru çıxmağa” çalışır. Ekspertin sözlərinə görə, son günlər həm Koçaryanın, həm də digər siyasi xadimlərin açıqlamaları bütün günahların əsas baiskarı kimi Serj Sarkisyanı hədəf göstərir:

“Koçaryan öz müsahibələrində dolayı yolla vurğulayır ki, onun hakimiyyəti illərində vəziyyət yaxşı olub. Amma Sarkisyanın kresloya əyləşməsindən sonra Yerevan təzyiqlərə məruz qalıb və proseslərə nəzarətini itirib. Sarkisyan özünə qarşı suçlamalardan xilas olmaq üçün belə bir müsahibəyə ehtiyac duyub. Sabiq prezident hər zaman olduğu kimi yenə də yalanlara baş vurub.

Hakimiyyəti dövründə həqiqəti əks etdirməyən açıqlamalar verən, hamını ittiham edən Sarkisyan öz ənənəsindən əl çəkməyib. İndi də başqalarını ittiham edir, əsassız fikirlər səsləndirir və özünü “qəhrəman” kimi təqdim etməyə cəhd göstərir.

Lakin ziddiyyətli ifadələri ilə öz-özünü ifşa edir. Gah deyir “heç bir rayonu qaytarmaq fikrində deyildim”, gah da deyir “Madriddə 5+2 modeli müzakirə olunub”.

Koçaryan kimi keçmiş fəaliyyəti ilə lovğalansa da, Ermənistanın fəlakətdən necə çıxması barədə heç nə təklif etmir. Sabiq rəhbərin budəfəki müsahibəsi də erməni xalqının dərdinə yanmaq məqsədi güdmür. Niyyəti özünü təmizə çıxartmaqdır. Amma onun da, ətrafına yığılanların da siyasi gələcəyi yoxdur”.