Qarabağda rus dili spekulyasiyası: “Kreml Ermənistanın yanındadır”

“Bu, həm də Rusiyanın regiondakı təsirini daha uzunmüddətli edir”


Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya gələcək. Və onunla azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında görüş keçiriləcək. Sabah isə gürcüstanlı nazir David Zalkaliani Azərbaycanda olacaq və üçtərəfli müzakirələr aparılacaq. Maraqlıdır ki, qarşı cəbhədə də hərəkətlənmə müşahidə olunur. Ermənistan nümayəndələri Rusiyaya gedir, danışıqlar aparırlar. Bu azmış kimi, Qarabağda rus dili “dövlət dili” elan edilir. Görünür, bitən sadəcə hərbi əməliyyatlar imiş...

Türkiyəli professor, beynəlxalq məsələlər üzrə ekspert Yaşar Onay qarşılıqlı səfərləri “Sherg.az”a şərh etdi:

“Cənubi Qafqazda üç ölkə olsa da, bütün problemlərin mənbəyi olan Ermənistanı saymaq istəmirəm. Deməli, üçtərəfli görüşün səbəbi məlumdur. Türkiyə, Azərbaycan və Gürcüstan regionda sabitliyi, balansı təmin etmək istəyirlər.

Bildiyiniz kimi, Rusiya açıq-aydın Ermənistanın yanındadır.
Qarabağda rus dilinin “dövlət dili” olması azərbaycanlılar və ermənilər birlikdə yaşayanda problemin yaranmaması üçündürsə, başa düşüləndir. Lakin bu, həm də Rusiyanın regiondakı təsirini daha uzunmüddətli edir.

Həmçinin yetişməkdə olan yeni nəsil üçün də təhlükə yaranacaq, belə demək mümkünsə, “mənimsənilmə” prosesi meydana çıxacaq. Başqa sözlə desək, tədricən türk, rus, ermənilərdən ibarət, ancaq özlərini rus hesab edən cəmiyyət formalaşa bilər.

Ona görə də diqqətli olmaq lazmdır. Unutmayın ki, millətlərin dillərini itirməsi hər şeylərini itirməsi deməkdir”.