Silahlar işləyir: Kreml Donbassı Rusiyaya birləşdirir? – Lokal müharibə !

Elxan Şahinoğlu: “Belə vəziyyətdə Kremlin Qərblə münasibətlərində gərginlik daha da artacaq”
 
Sultan Zahidov: “Maydan hadisələrindən sonra gələn Ukrayna hökuməti Qərb sturukturlarını rəhbər tutdu”


Ukrayna MDB çərçivəsində imzalanmış daha bir sazişdən çıxıb. Dünən Ukrayna Nazirlər Kabinetinin iclasında ölkənin poçt və elektrik əlaqəsi sahəsində dövlətlərarası münasibətlərlə bağlı MDB sazişindən çıxması barədə qərar qəbul edilib. Bundan əvvəl Ukrayna MDB-nin daha bir neçə sazişindən çıxıb.



“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Ukraynadakı proseslərlə bağlı Feysbuk hesabında yazıb:

 “Ukraynanın şərqində vəziyyət yenidən gərginləşir. Donbasla bağlı danışıqlar illərdir yerində sayır, Minsk razılaşması işləmir, atəşkəs tez-tez pozulur, snayperlər işləyir, minalar partlayır, nəticədə itkilər qeydə alınır. Ukraynalı və rusiyalı eksperlər il ərzində toqquşmaların intensivləşəcəyini istisna etmirlər. Yəni lokal müharibə ehtimalı var.

Bu arada, Kremldə Donbassın Rusiyaya birləşdirilməsi variantı üzərində götür-qoy edirlər. Bir sözlə, Ukrayna mövzusu Rusiyada yenidən aktuallaşır və belə vəziyyətdə Kremlin Qərblə münasibətlərində gərginlik daha da artacaq. Dağlıq Qarabağda yerdə qalan hədəflərimizə çatmaq üçün Rusiya-Ukrayna gərginliyini və Donbasdakı gələcək prosesləri diqqətlə izləməliyik”.



Kiyevdəki vəziyyəti “Sherg.az”a şərh edən geosiyasət və konfliktologiya üzrə ekspert Sultan Zahidov söyləyib ki, Ukrayna 2013-2014-cü ildə baş verən “Maydan hadisələrdən sonra xarici siyasət kursunu 180 dərəcə dəyişib:

“Ukrayna bu hadisələrdən qabaq Rusiya və postsovet məkanındakı əlaqələrinə üstünlük verdi. “Maydan” hadisələrindən sonra gələn yeni hakimiyyət Kremlin başçılıq etdiyi Avrasiya İqtisadi Birliyinə üzv olmaqdansa, Qərb sturukturlarını rəhbər tutdu. Artıq Ukrayna Rusiyanın üzv olduğu qurumlardan uzaqlaşmaq siyasətini aparır.

Sözsüz ki, bu da Kremlin narazılığına səbəb olan addımlardır. Rusiya düşünürdü ki, burada Qərbin və ABŞ-ın təhriki var. Nəticədə Ukraynda parçalanma və müharibə baş tutdu. Beləlikə, Donetsk və Luqansk əyalətləri Ukraynadan ayrılmış vəziyyətdə idi. Sonra da Krımın Rusiyaya birləşməsi baş verdi”.

Kiyevin hələ də ərazi bütövlüyünü bərpa etmədiyini söyləyən ekspert vurğulayıb ki, Ukrayna hakimiyyəti günahı Rusiyada görür:

“Rəsmi Kiev MDB sazişlərindən çıxır. Bu qeyd etdiyimiz siyasi proseslərin davamıdır. Çünki MDB məhz Rusiyanın təşəbbüsü ilə yaradılmış qurumdur. Bu səbəbdən Ukrayna Rusiyanın təşəbbüsü ilə yaradılan qurumların sazişlərindən imtina edir. Görür ki, ərazi bütövlüyü bərpa olunmur, ona görə də iki ölkə arasında gərgin münasibətlər davam edir”.