Kişinin qoluna qandalı da gərək kişi vursun ! – Qandonduran video

Adamı zəncirləyib üzr istətdilər 

“Oğurluq edən şəxsin həqiqətən də suya ehtiyacı varsa, əksinə ona kömək etmək lazımdır”

“Özünü qəhrəman kimi göstərib video çəkmək və bu görüntüləri yaymaq həmin adamın özündə psixoloji problemlər olduğunu göstərir”
 

Bu günlərdə sosial şəbəkələrdə mağazadan oğurluq edən şəxsin zəncirləndiyini əks etdirən videogörüntü yayılıb. Görüntülərdən aydın olur ki, orta yaşlı kişi su oğurladığı üçün mağaza sahibi tərəfindən “cəzalandırılır”. Baş verənlər sosial şəbəkə istifadəçiləri arasında hiddət doğurub. Hər kəs 3-5 manatlıq suya görə bir insanın zəncirlənməsini, üstəlik mərifətmiş kimi həmin görüntülərin yayılmasını düzgün olmadığını iddia edir. Əlbəttə, bütün bunlar cəmiyyətimizdə maddi dəyərlərin ön planda olduğunu göstərir.



Hadisə barədə düşüncələrini “Sherg.az”la bölüşən sosioloq-alim Əhməd Qəşəmoğlu bildirib ki, oğurluq edən şəxsin həqiqətən də suya ehtiyacı varsa, əksinə ona kömək etmək lazımdır:

“Yadımdadır ki, bir dəfə qadın çörək götürdüyü üçün onu da videoya çəkib, biabır etmişdilər. Ola bilsin ki, oğurluq edən şəxsin həmin vaxt suya çox ehtiyacı olub. Onu saxlayıb, müəyyən söhbətlər aparmaq lazım idi.

Təəssüf ki, cəmiyyətimizdə mənəvi dəyərlər yox olub gedir. Suyun üstündə insanı bu qədər alçaltmaq olmaz. Həmin şəxslə danışıb, onu sadəcə utandıraraq başa salmaq olardı ki, oğurluq yaxşı xüsusiyyət deyil. 

Özünü qəhrəman kimi göstərib video çəkmək və bu görüntüləri yaymaq həmin adamın özündə psixoloji problemlər olduğunu göstərir.

Belə hərəkətlər nə cəmiyyətimizə, nə də xalqımıza yaraşır. Xüsusilə indiki ağır bir zamanda bu cür hərəkətlərə yol vermək düzgün deyil”.