Səbəblər çoxdur, ola bilsin qardaş ölkədə qiymətlər bahalaşıb

Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının idxalı azalıb

2021-ci ilin yanvar ayında Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 32,1 faiz azalaraq 9,079 milyon dollar təşkil edib. Hesabat dövründə Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2020-ci ilin yanvarı ilə müqayisədə 9,1 faiz artaraq 879,123 milyon dollar təşkil edib. Hesabat dövründə Türkiyənin elektrik avadanlığı ixracının payı ümumi ixracın 6,6 faizini təşkil edib. Son 12 ay ərzində (yanvar 2020-yanvar 2021) Türkiyə 11,126 milyard dollar məbləğində elektrik avadanlığı ixrac edib. Bəs, Azərbaycanın Türkiyədən elektrik avandıqlarının idxalını azaltması nə ilə əlaqədardır? 



Sualımızı cavablandıran iqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlamasında bildirib ki, burada səbəb müxtəlif ola bilər. R.Qarayev qeyd edib ki, ola bilər ki, Azərbaycan yerli elektrik avadanlığının istehsalı ilə bağlı bir sıra tədbirlər görüb:

"Yaxud da ki, daha ucuz yer tapıb oradakı avadanlıqları ölkəyə idxal etsin. Digər səbəb Türkiyə elektrik avadanlıqların baha olması ilə də bağlı ola bilər". 
İqtisadçı-ekspert hesab edir ki, kiçik ölkələr elektrik avadanlıqlar baxımından yerli istehsala üstünlük verməlidir: "Fikrimcə, "Made in Azerbaijan" marka altında istehsalı genişləndirmək lazımdır.

Vaxtilə Mingəçevirdə bu ənənəyə start verilmişdi. Artıq özümüzün Kür kompüterlərimiz satışa çıxmışdı. Təəssüf olsun ki, bu ənənə davam etmədi.

Zənnimcə, ola bilər ki, Vergi Məcəlləsində gözlənilən dəyişiklik yenidən bu bazarı dirçəltsin. Vergi Məcəlləsində yerli məhsullar satan sahibkarlar üçün bir sıra müsbət doğuracağı dəyişikliklər gözlənilir.

Əgər bu effekt versə, yeni brendlərimiz işıq üzü görə bilər. Bir məqamı da qeyd edim ki, ölkədə istehsal olunan məhsullar, xarici məhsullardan bahadır. Burada bəzi amillər var.

Amma yerli məhsullar yerli əhalinin cibinə uyğun olsa, o halda əhali idxal məhsuldan azad olunar. Məsələn, Neftçalada "Xəzər" avtomobili buraxılır. Avtomobilin çox ehtiyat hissəsi xaricdən gəlir. Ölkədə olan yaşayış səviyyəsi üçün avtomobil bahadır. Kreditlə belə bu avtomobil baha başa gəlir. Nəticədə yerli əhalinin çox hissəsi köhnə avtomobil almağa üstünlük verir. Bu halda zavod ziyana işləyir.

Sonda da bağlanmaq təhlükəsi ilə üzləşir. Yenə də ölkə idxaldan asılı vəziyyətdə qalır".