Təlim: “Həm Azərbaycan, həm də Özbəkistan faydalanacaq”

“Dostluq münasibətlərimiz daha da güclənəcək. Müasir və keşməkeşli dünyada bundan yaxşı şey yoxdur”


Dünən Müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə görüşüb. Z.Həsənov qeyd edib ki, Özbəkistanla müdafiə sahəsində də əlaqələrimiz ölkələrimizin maraqlarına uyğun inkişaf edir.
B.Aşrafxanov vurulayıb ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hər zaman ölkəmizə bütün məsələlərdə dəstək göstərib. Səfir həmçinin Özbəkistanın Azərbaycan ilə birgə hərbi təlim və treninqlərin keçirilməsində maraqlı olduğunu söyləyib.

Azərbaycanın başqa ölkələrlə hərbi əməkdaşlığının yaxşı hal olduğunu deyən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Özbəkistanla sıx əlaqələrimiz var:

“Son qələbəmizdə Azərbaycan Ordusu nələrə qadir olduğunu göstərdi. Ordumuz böyük təcrübə qazanmış bir heyətdir. Fikrimcə, Özbəkistan ölkəmizlə hərbi sahədə əməkdaşlığın qurulmasında maraqlıdır.

Prinsipcə hazırda çox ölkələrlə birgə təlimlər keçirilir. Həmin ölkələr hərbi sahədə əlaqələrini genişlənirmək istəyirlər.

Düşünürəm ki, türkdilli ölkələrin silahlı qüvvələrinin bir-biri ilə əlaqə qurması və birgə hərbi fəaliyyəti yeni siyasi yanaşmalarda vacibdir. Təbii ki, inkişaf etmiş ordumuzla digər dövlətlərin hərbi birləşmələri əlaqə yaratmaq istəyirlər. Bu da hər iki ölkənin hərbi qüvvələrinin inkişafı üçündür”.

Ş.Ramaldanov qeyd edib ki, Özbəkistanla nə qədər çox sahələrdə əməkdaşlıq etsək, bir o qədər yaxşıdır:

“Azərbaycan bütün ölkələrlə dostluq siyasəti qurur. Xüsusilə türkdilli dövlətlərlə münasibətlərə xüsusi yer ayırırıq. Bu baxımdan Özbəkistan səfiri Müdafiə nazirimiz ilə görüşüb.

Birgə təlimlərin keçirilməsi haqqında qərar qəbul olunsa, hər iki dövlət üçün faydalıdır. Fikrimcə, Özbəkistanla hərbi təlimlər keçirsək, bundan həm Azərbaycan, həm də Özbəkistan faydalanacaq.

Dostluq münasibətlərimiz daha da güclənəcək. Müasir və keşməkeşli dünyada bundan yaxşı şey yoxdur”.