"Aİ-95" markalı benzinə tələbat artıb

Çünki keyfiyyətli olduğuna görə bu yanacaqla daha çox məsafə qət etmək olur

2020-ci ildə Azərbaycan 58,615 mln. ABŞ dolları dəyərində 96 998,93 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini idxal edib. "APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, illik müqayisədə idxal olunan benzinin həcmi 80,3 faiz, dəyəri isə 44,2 faiz artıb. Ötən il Azərbaycana "Aİ-95" markalı avtomobil benzininin əsas ixracatçısı Rusiya olub. Belə ki, Azərbaycanın sözügedən markalı benzin üzrə idxalının 58,5 faizi məhz Rusiyanın payına düşüb.

Ötən il Rusiya ölkəyə 34,470 mln. dollar dəyərində 56 743,48 ton benzin göndərib.

Azərbaycan "Aİ-95" benzininin idxalının kəskin artması ilə bağlı "Şərq"ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, buna səbəb "Aİ-95" markalı avtomobil benzininin keyfiyyət göstəriciləri "Aİ-92"-dən daha üstün olması ilə əlaqədardır. Ekspert vurğulayıb ki, hətta məsafə qət etmək baxımından "Aİ-95" daha yüksək keyfiyyətə malikdir:

"Məsələn, 10 litr "Aİ-92" benzinindən istifadə edərək gedəcəyim məsafə daha azdır. Amma həmin litrdə "Aİ-95" ilə ondan artıq yol getmək mümkündür. Yəni "Aİ-95" keyfiyyətinə görə, daha çox məsafə qət etməyə imkan yaradır. Avtomobil sürücüləri də artıq belə detalları bilirlər. Ona görə də "Aİ-92" benzinin qiyməti artandan sonra daha çox "Aİ-95"-dən istifadə etməyə başladılar. Bu da "Aİ-95" markalı benzin idxalının ölkəyə gətirilməsini xeyli dərəcədə artırıb".