"Biz 44 günlük zəfərin fəlsəfəsini dərk etməliyik"

Bundan sonra filmlər çəkmək, düşünülmüş əsərlər ortaya qoymaq olar


44 günlük vətən savaşımız haqqın qələbəsi ilə sonlandı. Əzəli və əbədi torpağımız Qarabağ zəfərimizin nəticəsində artıq azaddır. Biz bu savaşı igid və qəhrəman oğullarımızın cəsurluğu, biləyimizin gücü, xalqımızın əzmi və birliyi sayəsində qazandıq. Azərbaycan qalib ordunun azad və bütöv vətənidir. Zəfərimiz tarixə yazılıb,  dillərə dastan olub. 

Milli və mənəvi qürur mənbəyimiz olan bu qələbənin lentə alınıb səhnələşdirilməsi barədə Azərbaycanın Əməkdar incəsənət xadimi, kinorejissor Şeyx Əbdül Mahmudbəyov "Şərq"ə danışıb. 

"Böyük zəfərimizi səhnələşdirmək günümüzün ən aktual mövzularından biridir. Əsas olan odur ki, bu təkcə tarixi qələbə deyil, həm də bizim mənəvi zəfərimizdir.

44 günlük müharibənin hər anını televiziyadan, müxtəlif KİV vasitələrindən öyrənib yazırdıq. Bu zəfər sayəsində uzun illər erməni yalanlarına inananlar artıq onların necə murdar, yalançı, hiyləgər olduğunu anladı. İgid oğullarımız qəhrəmanlıq  göstərərək bütün dünyaya xalqımızın və dövlətimizin nəyə qadir olduğunu sübut etdi.

Bu mövzuya mənəvi tərəfdən yanaşdıqda  çox böyük bədii təfəkkür tələb etdiyini görmüş olarıq. Müharibənin fəsadları yaxın zamanda o qədər də yaxşı dərk edilmir. Bu baxımdan biz müharibənin bütün ağrı-acısını, faciələrini ortaya qoymaq üçün müharibəyə qədər, müharibə ərzində və müharibədən sonrakı müddətdə baş verənləri dərindən anlamalı, başa düşməliyik. Kino və film çox böyük hazırlıq tələb edən sahədir. 44 günlük Vətən savaşımızın qalibiyyəti şüurlarımıza həkk olunmalıdır. Biz onun bütün elmi fəlsəfəsini dərk etməli, həmin zəfəri hiss etməliyik, bu qələbə canımıza hopmalıdır. Yalnız bundan sonra düşünülmüş əsərlər ortaya qoyula bilər".

Aytac Ali