Tarix institutu islahatlara başladı

"Bəzi şöbələr ləğv edilib, digər şöbələr isə birləşdirilərək yenidən təşkil olunub"


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun strukturunda dəyişikliklər edilib. Xatırladaq ki, ötən ay Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov öz istəyi ilə vəzifəsindən azad olunub. Onun yerinə institut rəhbəri postuna tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov təyinat alıb. Rəhbərliyin dəyişməsi ilə bərabər institutda islahatlara start verilib. Elmi Şuranın ötən gün keçirilən iclasında qurumun 8 şöbəsinin ləğv olunması qərarlaşdırılıb.

Qeyd olunub ki, institutun 4 otağında 8 şöbənin yerləşməsi elmin inkişafına maneçilik törədir. Struktur dəyişikliyinə uyğun olaraq, şöbələrin sayı 19-dan 12-yə endirilib. Şöbələrin daxilindəki bölmələr də ləğv olunub. Dəyişikliklər nəticəsində ümumilikdə şöbələrin otaq və texniki təminatında müəyyən dərəcədə yaxşılaşma olacağı gözlənilir. Bundan əlavə, institutda “Siyasi partiyalar və ictimai təşkilatların tarixi” şöbəsi yaradılıb. Şöbənin yaradılması müasir Azərbaycanda siyasi partiya və təşkilatların artan rolu nəzərə alınaraq onların tarixinin tədqiqi və dövlətin müvafiq orqanlarına tövsiyələr verməsi məqsədi daşıyır. 

AMEA Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən “Şərq”ə bildirilib ki, müasir dünyada tarix elminin inkişaf prioritetləri institut qarşısında ciddi vəzifələr qoyub:

"Bu vəzifələrin həyata keçirilməsi üçün əsaslandırılmış elmi-tədqiqat strukturunun olması vacib şərtdir. Hazırda Tarix İnstitutunda 28 struktur vahidi var. Onlardan 19-u elmi-tədqiqat şöbələri, 9-u isə texniki şöbələrdir. Şöbələrin istiqamətləri və sayları çox olduğundan belə bir struktur ilə Tarix İnstitutunun qarşısında qoyulan vəzifələrin həyata keçirilməsində müəyyən çətinliklər yaranır.

Bunu nəzərə alaraq, Elmi şura Tarix İnstitutunda bəzi struktur dəyişikliyinin həyata keçirilməsilə bağlı qərar qəbul edib. Bəzi şöbələr AMEA-nın digər institutlarında və ya bilavasitə institutun özündə təkrar olduğu üçün ləğv edilib, digər şöbələr isə birləşdirilərək yenidən təşkil olunub. Ləğv edilən və ya yenidən təşkil edilən şöbələrin əməkdaşlarının müvafiq qaydada yerləşdirilməsinin təşkili məqsədilə baş direktor və yeni struktur üzrə şöbələrin rəhbərlərindən ibarət komissiya yaradılmalıdır. Bu zaman həm yeni, həm də mövcud şöbələrdə əməkdaşların elmi-tədqiqat dövrləri və problemlər əsasında yerləşdirilməsi və ya yerdəyişməsi əsas götürüləcək.

Dəyişikliklərin şəffaf və aşkarlıq şəraitində aparılmasının təmin edilməsi üçün tədbirlər də görüləcək. Əlbəttə, hər bir əməkdaşın arzu və təklifinə qayğı ilə yanaşılmalı və qərar mütləq şəkildə onlarla razılaşdırılmalıdır”. 



AMEA-nın Tarix İnstitutunun “Azərbaycanın qədim tarixi” şöbəsinin elmi işçisi Ramin Əlizadə də “Şərq”ə açıqlamasında bildirib ki, uzun müddət ölkə tarixşünaslığında və strukturlarda sovet ənənəsi əsas rol oynayıb, hakim konsepsiya olub. Tarixçi-alim vurğulayıb ki, əgər struktur dəyişiklikləri elmi-tarixi araşdırmalara öz təsirini göstərəcəksə, o zaman effektiv nəticə verəcək:

“Təkmilləşdirmə, araşdırmaların daha intensiv aparılması və konkret bir profildə mütəxəssislərin yetişdirilməsi baxımından Tarix İnstitutunda struktur dəyişikliklərinin olması çox önəmlidir. Bəzi tarixi dövrlərlə bağlı araşdırmalar yeni aspektdə getməlidir. Əsas diqqəti kifayət qədər aktual olmasına rəğmən, bugünədək tarixşünaslığımızda əksini tapmayan mövzulara yönəltmək lazımdır”.