Xatirənin telekanallardan qonorar istəməsinə REAKSİYA

Oqtay Əliyev: "Azərbaycanda belə populyar adam yoxdur ki, gəlməsi üçün pul verəsən. Sadəcə, gündəmdə qalmağın yeni yoludur"

Müğənni Xatirə İslam dəvət olunduğu verilişlərə pul qarşılığında qatılacağını açıqlayıb: “Azərbaycanda bütün verilişlərin sponsoru olduğu üçün bu qərarı verdim. Bir proqramı pulla təmin edən qurum mövcuddursa, elə o məbləğdən müğənniyə də ödəniş ayrıla bilər. Necə ki, o sponsorlar vasitəsilə aparıcı, redaktor, operator və digər əməkdaşlar maaş alır, orada olan müğənni də 5 manat pul qazanmalıdır. Xüsusi vurğulamaq istəyirəm ki, bütün kanalların rəhbərləri, əməkdaşları, aparıcıları: hər biri dostumdur, gözümün işığıdır və mənim ürəyimə çox yaxın insanlardır. Ancaq iş ayrı, dostluq ayrı. Dünyanın hər bir ölkəsində efirə çıxan müğənniyə qonorar ayrılır. Azərbaycanda da bu yolda ilk addımı mən atmaq istəyirəm. Ola bilər, bu addımım yaxşı qarşılanmasın, kimsə incisin. Amma burada inciməli heç nə yoxdur. Bu, sadəcə mənim işə yanaşma prinsipim, istəyimdir”.
Bəs görəsən, verilişlər xanım müğənniyə nə cavab verəcəklər?  Onu qonorar qarşılığında dəvət edəcəklərmi? 

“Şərq”in suallarını cavablandıran prodüser, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev dünya təcrübəsində əlamətdar günlərdə, populyar, əlçatmaz reytinqli müğənnilərlə razılaşma imzalayırlar:

“Məsələn, illər öncə “ Kanal D”  Tarkanla, “ Russiya 1” Alla Puqaçova ilə belə bir müqavilə imzalamışdı. Deyirlər ki, bayram günü ancaq bizim efirimizdə olacaqsınız, ən yeni mahnılarınızı oxuyacaqsınız. Hətta  həmin ifalardan fraqman da hazırlayıb, izləyiciyə təqdim edirlər. İki-üç ay əvvəldən anonsu verilir. Müğənniyə bildirirlər ki, başqa kanalda, radioda qonaq olmursan, bu mahnıları ifa etmirsən. Həmin günə qədər qaydalara riayət olunur, mən də sənə bir məbləği verirəm. Bilirəm ki, tamaşaçılarımın 40-50 faizi səni gözləyir. 

Lakin gəlib efirdə söhbət etməyə, hansısa problem haqqında danışmağa  pul verilmir. Sosial proqramdır, ora istəyirsən, gəlmə. Bir günə bir kanal 10-15 müğənni çağırır.

Hərəsinə 250 manatdan ödəniş olsa, günə 2500 manat edir.  Buna qadir olan kanal, dünyanın ən populyar müğənnilərinin konsertini efirdə göstərə bilər. Ən məşhur serialları alıb, yayımlayar. Əmin olar ki, müəyyən qədər reytinq gələcək. Amma müğənninin reytinq verəcəyi məlum deyil. Üçüncüsü, kanallar bununla razılaşmayacaq.

Azərbaycanda belə populyar adam yoxdur ki, gəlməsi üçün pul verəsən. Sadəcə, gündəmdə qalmağın  yeni yoludur. Siz də, başqaları da bu haqda  yazacaqsınız, verilişlərdə danışılacaq. Bir həftə, 10 gün adı hallanacaq. Fəqət hansısa kanal, veriliş pul vermək barəsində düşünməyəcək də. Efirə istəmir, gəlməsin. Bir müddət sonra özü deyəcək ki, dəvət edin. Kanallar nə isə itirməyəcək”. 

O.Əliyev onu da əlavə edib ki, bu gün estradamızın başında Flora Kərimova və Mübariz Tağıyev durur:

“Onlar istənilən verilişdə canla-başla iştirak edirlər.  Həmçinin digərlərindən fərqli olaraq yarım saat tez gəlirlər, efirdə tamam başqa ab-hava yaradırlar. Onların gəlməyi həmin kanala və tamaşaçılara hörmətləridir.  Məsələn, müharibə dövründə Mübariz Tağıyev efirlərdə iştirak etdi, mahnı oxudu, insanları  ruhlandırdı. Şəhid analarına səslənib dedi ki, övladlarınızın qarşısında baş əyirəm. Onlar da fikirləşirdi ki, sayılıb-seçilən insanlar bizə ürək-dirək verir. Harda qalmışdınız o zaman, niyə gəlmirdiniz? Hətta cəmiyyətdə meyxanaçılara qarşı münasibət birmənalı deyil. Amma onlar da nə isə etdilər. Bəs o birilər?  Bəzi müğənnilər cəbhəyə yollandılar. Biri paltar yudu, biri  əsgərlərin üzünü qırxdı, digəri yemək bişirdi, mahnı oxudular. Yəni nə isə etdilər. İndi kimsə efirə çıxmaq üçün pul istəyirsə, gözləsin. Mümkünsüzdür”.