Bu şəhərdə bir daşı daş üstə qoyanda hamı görür


Qanunsuz tikililərə göz yumanlar məsuliyyətə cəlb olunmalıdır

"Günah yerli hakimiyyətin üzərindədirsə, onda vətəndaşa mütləq kompensasiya verilməlidir"


Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırmalar zamanı Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yaxın ərazidə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansında olan torpaq sahəsinin müxtəlif vətəndaşlar tərəfindən qanunsuz olaraq zəbt edilərək hasarlanması, burada müxtəlif təyinatlı tikililərin inşa edilməsi faktı aşkar edilib. Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zülfəli İsmayılov açıqlamasında bildirib ki, təşkil edilmiş komissiya tərəfindən ərazidəki müxtəlif təyinatlı tikili və hasarlanmış sahələrin sənədləri araşdırılıb:

“Araşdırmalar nəticəsində müəyyən olunan pozuntuların aradan qaldırılması, buradakı tikili və hasarların sökülməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının texnika və işçi qüvvəsi tərəfindən 2 gün ərzində bu ərazidə zəbt edilən 15 sahənin hasarları və 3 ədəd qanunsuz tikili sökülərək 1,5 ha yaxın ərazinin təmizlənməsi işləri həyata keçirilib. Qanunsuzluqlara yol verən vətəndaşlara xəbərdarlıq edilib". İcra nümayəndəsi onu da vurğulayıb ki, işlərin aparılmasında əsas məqsəd qanunsuz torpaq zəbt edilməsi hallarının qarşısının alınması, paytaxtın daha da gözəlləşdirilməsi, vətəndaşların istirahətinin səmərəli təşkilidir: “Bu tədbirlər paytaxtın digər rayonlarında da keçirilir”. 

Mövzu ilə bağlı "Şərq"ə açıqlamasında Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov bildirib ki, bu məsələdə ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinin və yaxud Bakı şəhərinə daxil olan rayonların məsuliyyəti var. Ekspert qeyd edib ki, çünki bu qanunsuz tikinti prosesi onların gözü qarşısında baş verib:

"Bu gün məlumdur ki, Bakıda bir daşı o birisinin üstünə qoyanda hər kəsi görürlər. Yəni burada sual yaranır ki, necə olub ki, o boyda tikinti aparılıb, ancaq onu görməyiblər? Məlumdur ki, sadəcə olaraq kimlərsə vaxtilə buna məqsədyönlü şəkildə göz yumublar. Yaxud da ola bilər ki, bu, korrupsiya sövdələşməsi və s. nəticəsində baş verib. Vətəndaşlarımız ilk növbədə bu cür hallarla qarşılaşmamaq üçün qanunsuz sövdələşmələrə getməməlidirlər. Amma artıq bunu ediblərsə, məsuliyyəti buna gözyumanlar daşıyırlar. Ona görə də ilk növbədə sökülmədən öncə onların səbəbləri öyrənilməlidir. Niyə orda  tikinti baş verib? Bu, kimin günahıdır? Günah yerli hakimiyyətin üzərindədirsə, onda vətəndaşa mütləq kompensasiya verilməlidir". 
Aynurə Pənahqızı