Dövlət də, xalq da ehtiyaclı insanların yanında olmalıdır

Nə qədər ictimai nəzarət güclü olarsa, Vətən abadlaşar

"Peşəkar jurnalistlərimiz, media qurumları bu kimi halları ictimailəşdirməlidir. Hansı müstəvidə, bu önəmli deyil, önəmli olan sosial problemi işıqlandırmaqdır"


Şaxtanın iliyə qədər işlədiyi qış günlərində yadıma düşən Bahar olur. Düz təxmin etdiniz; Mir Cəlalın Baharı!..  Görkəmli ədib Mir Cəlal Paşayevin “Bir gəncin manifesti”  əsərini oxuyanların 90 faizinin yaddaşında dərin izlər qoyduğundan əminəm.  Xüsusən də, orta məktəb şagirdlərinin. Hər halda. Bizim nəsil belə idi. Ədəbiyyat fənnində bu əsər tədris ediləndə Bahar demək olar hamımızın sevimlisinə, əzizinə çevrilərdi. Onun çəkdiyi əzablara heyrət edərdik, kapitalizmin hələ aydın anlamadığımız sərt üzünü uşaqvari lənətləyərdik. Və belə sual gəzərdi beynimizdə: axı niyə Bahar o soyuqda, şaxtada hansısa bir qapını döyüb sığınacaq istəməyib? Bəlkə kimsə qapını açacaqdı, ona həyətində, bir az da yaxşı adam olsa, bəlkə hətta evində də yer verəcəkdi, Bahar da soyuqdan donub ölməyəcəkdi... Hətta ədibi də “qınayırdıq”  - niyə Baharı “öldürdü”?! 

İki gündür, Bahar yenə  yadıma düşüb. Havalar şaxtalı keçir. Dünən səhər oxuduğum məlumatsa, ürəyimi isitdi. Sosial Xidmətlər Agentliyinin məlumatı sosial şəbəkədə yayılmışdı. “Sosial Xidmətlər Agentliyi küçədə yaşayan şəxsi sığınacağa yerləşdirdi”. Necə təşəkkür etməyəsən dövlətə, vətəndaşına bu şəkildə sahib çıxdığı üçün?! Məlumat bundan ibarət idi:

“Sosial Xidmətlər Agentliyi küçədə yaşayan şəxsi sığınacağa yerləşdirdi. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov öz facebook səhifəsində məlumat verib. "Onun barəsində ötən axşam məlumat əldə etdik. Sosial şəbəkələrdə aşağıdakı fotosu paylaşılmışdı. Daşqındır adı. Keşlə qəsəbəsi ərazisində evsiz qaldığı, küçələrdə yatmalı olduğu, çətin həyat şəraiti ilə üzləşdiyi qeyd olunurdu. Məlumatı görən andan Sosial Xidmətlər Agentliyinin aidiyyəti filialının əməkdaşları onu sığınacağa cəlb etmək üçün əraziyə yollandılar. Daşqınla görüşüldü. Həssas əhali qrupundan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi barəsində məlumat verildi. Və beləliklə özünün də razılığı ilə artıq sığınacaqdadır. İl ərzində 180 gün müddətində qalmaq hüququndan istifadə edə biləcək. Bu dövr ərzində isti yer, qidalanma ilə təmin olunacaq. Sığınacağın digər xidmətlərindən istifadə edə biləcək. Paralel olaraq Daşqının məşğulluq imkanlarının araşdırılması diqqətdə olacaq.  Beləliklə, Daşqın haqqında məlumat paylaşan hər kəsə təşəkkür edərək, var olun deyirik!".
Bu məlumatdan sonra sosial şəbəkərlərdə aktivlik daha da artdı. Təşəkkür edənlərlə yanaşı, suallar ünvanlayanlar da oldu ki, gördüyümüz, tanıdığımız kimsəsiz, sığınacağa ehtiyac duyan insanlar barədə məlumatları Agentliyə necə çatdıraq və sair.  Rəylər də əsasən bu səpkili idi, məlumat xarakterli olanlar da vardı. Biri yazırdı ki, Allah hamının köməyi olsun. Şükür ki, başımızın üstündə damımız var, yazıq o küçədə yatanlara... Digəri, Allah darda qalanların köməyi olsun, yazmışdı. Feysbuk istifadəçisinin biri isə “Sragagün “N.Nərimanov” metrostansiyası istiqamətindən “Heydər Əliyev Mərkəzi”nə doğru gələrkən küçədə birini gördüm. Yaşlı kişi idi, səkinin üstündə yatmışdı...” qeydini etmişdi.  

İctimaiyyət dövlət qurumlarına yardım etməlidir

İctimai xadim Azər Allahverənov məsələ ilə bağlı fikirlərini belə bildirdi: 

- Düşünürəm ən optimal yol bu və ya digər şəxs barədə sosial şəbəkədə paylaşımlar yerləşdirmək və həmin postun altında Sosial Xidmətlər Agentliyini “tag” etməkdir. SXA-nin  pylaşdığı xəbərdən belə məlum olur ki, məhz bu üsul sayəsində şəxs sığınacaqla təmin olunub. Məlumatları paylaşmaq, yaymaq lazımdır ki, aidiyyəti strukturlar faktlar üzrə çevik addımlar atsınlar. Bəs cənab Prezidentin dəfələrlə çıxışlarında xüsusilə vurğuladığı ictimai nəzarət nə üçün lazımdır?! Əlbəttə, tək sosial şəbəkələr vasitəsilə deyil. Sosial şəbəkələr kommunikasiya alətlərindən biridir. Məsələn, qeyd etdiyimiz əhali kateqoriyası ilə sıx təmasda işləməli olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şura var və səhv etmirəmsə, 15 QHT oranın üzvüdür. Hər bir QHT-nin əlində çox ciddi rıçaqlar var ki, onlar həmin rıçaqları işə salmaqla bu qurumun missiyasına aid olan istənilən məsələni aidiyyəti üzrə qaldıra bilər. Mən yalnız bir element barədə danışdım. Amma inanın ki, ictimai nəzarətin tətbiqinin onlarla üsulu var. Digər tərəfdən, hər bir şəxs bu prosesə malik olduğu potensial və fəaliyyət göstərdiyi müstəvidə dəstək ola bilər. Məsələn, peşəkar jurnalistlərimiz, media qurumları  bu kimi halları ictimailəşdirməlidir. Hansı müstəvidə, bu önəmli deyil, önəmli olan  sosial problemi işıqlandırmaqdır.  Aidiyyəti qurumlar isə bu siqnallara uyğun adekvat davranmalıdır. Və bu, sosial problemin diqqətə çatdırılmasının yalnız bir yoludur. Bundan başqa onlarla yol var.

Sosial sığınacaqlar vətəndaşlara qayğı üçündür

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin həssas qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya Müəssisəsinin yaradılmasına bir neçə il başlanıldı. Və bu vətəndaşların sosial təminatı, ehtiyaclı təbəqələrin yaşayış şəraitinin yaxşılaşmasını dövlət siyasətinin əsas prioriteti hesab edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə həyata keçirildi. Azərbaycan dövləti cənab Prezidentin timsalında hər zaman vətəndaşının yanındadır.

Azərbaycanda  vətəndaş-dövlət birliyinin mövcudluğu bəlli həqiqətdir. Dövlət vətəndaşın yanınadır deyilirsə, bu, təkcə işləyən, təhsil, yaxud təqaüd alan, yaxud hansısa  sahədə çalışanlara deyil, kiçikdən böyüyə hamıya, o cümlədən də kimsəsiz, hansısa səbəblərdən yaşayış yeri, qida, ərzaq təminatı olmayanlara da aiddir.

Sosial sığınacaqlar da məhz bu məqsədə xidmət edir. Sığınacaq və Reabilitasiya Müəssisəsinin Nizamnaməsində qeyd edilir ki, müəssisəyə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqlar (8 yaşdan yuxarı) və  yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər qəbul edilir. 50 yerlik Sosial Sığınacaqda müasir tələblərə uyğun qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, kompüter və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana və s. fəaliyyət göstərir.

Qışda, qarlı-şaxtalı, çətin hava şəraitinin hökm sürdüyü vaxtlarda müəyyən yaşayış yeri olmayan, yaxud hava şəraiti ilə əlaqədar yaşayış yerinə getməkdə çətinlik çəkən şəxslərin müvafiq təşəbbüs əsasında müvəqqəti sığınacaqla təmin olunması işləri aparılır.

Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağın yaradılması artıq bu sahədə maddi-texniki bazanın formalaşmasına və müəyyən yaşayış yeri olmayan şəxslərin qanunvericilikdə müəyyən olunmuş müddət ərzində sosial sığınacaqda yerləşdirilməsi, onların sosial-məişət və sosial-hüquqi xidmətlərlə təminatı istiqamətində tədbirlərin sistemli şəkildə həyata keçirilməsinə, eyni zamanda onların sosial reabilitasiya yönümlü sosial xidmətlərə cəlb olunmasına təminat yaradılıb.

Məsələn, ötən il müəssisəyə 150 nəfər yerləşdirilib,  yerləşdirilənlərin çoxu məhz yaşlı insanlar olub. Xatırladaq ki, ötən illərdə Fövqəladə Hallar Nazirliyi tərəfindən də müvəqqəti sosial sığınacaqlar yaradılmışdı. Çətin hava şəraitində çarəsiz qalan vətəndaşlar aşkarlandıqda onlar sığınacağa yerləşdirilir, isti geyim, yeməklə təmin olunurdular. Bu, dövlətin vətəndaşlarına, kimliyindən asılı olmayaraq qayğısının nümunəsidir. 

Ehtiyaclı insanlara il boyu yardım edilməlidir



Sosioloq Lalə Mehralı “Şərq”ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin şaxtalı havada küçədə yaşamaq məcburiyyətində qalan insanı sığınacağa yerləşdirməsini təqdirəlayiq hal adlandırdı: 

- Əlbəttə, Sosial Xidmətlər Agentliyinin bu addımı təqdirəlayiqdir.  Küçələrdə gecələyən, ehtiyaclı, qidaya, qapalı məkana möhtac insanları görürük. Onlara yardım göstərmək, geyimlə, qida ilə təmin etmək ən gözəl davranış, xeyirxah əməldir. Dövlət orqanı bunu edirsə, əlbəttə, alqışlanmalıdır. Amma hesab edirəm ki, bu cür insanlar  təkcə soyuq havalarda, qış aylarında deyil, il boyu himayə edilməlidir, onlara qayğı göstərilməlidir.

Onların sayı çox deyil. Əmək və Əhalinin Sosial Təminatı Nazirliyinin azsaylı bu insanları sığınacaq, qida, geyimlə təmin etməyə, ehtiyac varsa, tibbi müayinədən keçirməyə də imkanı çatar.

Fikrimcə, sığınacaqların sayı artırılsa yaxşıdır. Paytaxtın bir neçə inzibati rayonunda belə sığınacaqlar yaradılsa, ehtiyaclı insanları ora yerləşdirmək də asan olar. İctimaiyyət bu barədə məlumatlı olar, ehtiyaclı insanlar da kiminsə yönləndirməsini gözləmədən ora müraciət edərlər. 

L.Mehralı ictimaiyyətin bu kimi məsələlərdə fəallıq nümayiş etdirməsinin vacibliyinə də toxundu: 

- İctimaiyyət sosial problemlərin həllində fəal olmalıdır. Vətəndaşların dövlət qurumları ilə əməkdaşlığı daha əlverişli olar, əlbəttə. Cəmiyyətin sabitliyi, insanların rahatlığı üçün hamı əl-ələ işləməlidir. Məsələn, sovet vaxtı cəmiyyətin sabitliyini qoruyan drujinaçılar vardı. Buna oxşar  vəzifəni hazırda sosial işçilər icra edir. Hamımız birlikdə  əməkdaşlıq etsək nəticəsi də gözəl olar.

Ehtiyaclı insanlara yardım göstərilməsində iştirak etmiş olarıq. Eyni zamanda vətəndaşların sosial problemlərinin, məişət qayğılarının həllində dövlət qurumlarına da dəstək verərik.