Suqovuşan görüşü: “Ortaq xətt tapılmalıdır” - Böyük uğur! 

“Təbii ki, əsas söz sahibi Azərbaycandır”

“Ermənistan tərəfinin söylədiklərini qəbul edib-etməmək bizim işimizdir”


Azərbaycanın DTX sədri Əli Nağıyev, Ermənistan təhlükəsizlik xidmətinin rəhbəri Armen Abazyan və Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov arasında görüş planlaşdırılır. Erməni mənbələrinin məlumatına əsasən görüş Suqovuşanda baş tutacaq. Danışıqlar zamanı Qarabağın idarəçiliyinin Azərbaycana ötürülməsi müzakirə olunacaq.



Politoloq Tofiq Abbasov “Sherg.az”a açıqlamasında Azərbaycanın belə görüşlərin hər birində mütləq iştirak etməli olduğunu söyləyib.
Onun sözlərinə görə, ölkəmiz analoji müzakirələrə qatılmaqla Ermənistanın proseslərə münasibəti və təkliflərini görə bilər:

“Sözsüz ki, ərazi bütövlüyümüzü bərpa etmişik. Bütün müharibələrdən sonra diplomatiyada tərəflərin səlahiyyətli nümayəndələri ortaq xətti tapmaq üçün danışıqlar aparmalıdır.

Düzdür, hələ də Ermənistan tərəfi təxribatlar törədirlər, guya Qarabağda rus dilini “dövlət dili” kimi elan edirlər. Bu, gülüncdür. Çünki reallıqda olmayan məmləkət hər hansı bir qərar və yaxud həll yolu təqdim edə bilməz. Ermənilər həmişə reallıqdan uzaq, zaman və dövrlə rabitəsi pozulmuş toplumdur.

Aydındır ki, bölgədə təxribat törədənlər Azərbaycan-Ermənistan arasında hansısa əlaqələrin yaranmasını istəməyənlərdir. Açığını desək, onlar “Qarabağ klanı”dır. Çalışırlar ki, ölkəmizi çətin duruma salsınlar. Erməni ekspertlərin əksəriyyəti deyir ki, guya Azərbaycanın daxili və xarici vəziyyəti çətin olacaq. Anlamaq olmur ki, onlar hansı məntiqlə belə düşüncəyə sığınırlar”.

Politoloqun fikrincə, Suqovuşandakı görüşdən böyük uğur gözləməliyik:

“Görüşdə konkret mövzu ətrafında müzakirələr aparılacaq. Qarabağdakı erməni əhalisi Azərbaycan vətəndaşlarıdır. Onların vətəndaşlığını hüquqi olaraq müəyyən etmək üçün müəyyən prosedurlar keçirilməlidir. Həmin işlərin görülməsi üçün qarşı tərəflə görüşlərə getmək lazımdır. Təbii ki, əsas söz sahibi Azərbaycandır. Ermənistan tərəfinin söylədiklərini qəbul edib-etməmək bizim işimizdir”.