Dayan, mina var ! 

“İşğaldan azad edilmiş bölgələrə qanunsuz səfərləri və insan itkisi ilə nəticələnən hadisələr narahatlıq yaradır”

“Həm vətəndaşlar arasında maarifləndirmə işi,  həm də aidiyyəti qurumların fəaliyyətinə nəzarət gücləndirilməlidir”

Daxili İşlər Nazirliyi (DİN) dünən Tərtərdə minaya düşən şəxslərlə bağlı açıqlama yayıb. Tərtər rayon sakini Bəxtiyar Mahmudov  və qardaşı Şəhriyar bu ilin yanvar və fevral ayları ərzində iki dəfə işğaldan azad olunmuş ərazilərə keçdiklərinə görə polis əməkdaşları tərəfindən saxlanılıblar. Hər iki halda onlar barəsində qanunvericiliyin tələblərinə uyğun inzibati cəza tədbirləri görülüb. Məhkəmənin qərarı ilə Şəhriyar inzibati qaydada həbs olunub, Bəxtiyar isə cərimə edilib.

DİN-dən bildirilib:

“Üçüncü dəfə, yəni fevralın 18-də Bəxtiyar Mahmudovun işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərməsi özünün faciəsi ilə nəticələnib. Bəxtiyar Mahmudov dumanlı hava şəraitindən istifadə edərək idarə etdiyi “Niva” markalı avtomobillə işğaldan azad olunmuş əraziyə keçməyə cəhd edib və bu zaman düşdüyü minanın partlaması nəticəsində ölüb.

Odur ki vətəndaşlarımızı bu kimi hallardan nəticə çıxartmağa, həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq”.



Baş verənləri “Sherg.az”a dəyərləndirən Azərbaycan Yüksəliş Partiyası (AYP)Başqanının 1-ci müavini, İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov bildirib ki, vətəndaşların işğaldan azad edilmiş bölgələrə qanunsuz səfərləri və insan itkisi ilə nəticələnən hadisələr ciddi narahatlıq yaradır:

“ Vətən müharibəsinin başa çatmasından ötən 4 aydan artıq müddətdə dəfələrlə belə hadisələr baş verib.  Rəsmi qurumlar hər zaman bu barədə xəbərdarlıq yayıb.

Hətta Prezident İlham Əliyev də çıxışlarının birində məsələyə toxunub. Amma nəticə dəyişməyib. Hesab edirəm ki, vətəndaşların xəbərdarlıqlara məhəl qoymaması ilə yanaşı, aidiyyəti qurumların da məsuliyyətsizliyi vurğulanmalıdır. İşğaldan azad edilmiş ərazilərə getmək o qədər də asan deyil.

Hər yerdə postlar qurulub və ciddi yoxlamalar aparılır. Vətəndaşlar bölgəyə icazəsiz gedə bilirlərsə, deməli, burada şəxsi münasibətlər də rol oynayır. Ona görə də həm vətəndaşlar arasında maarifləndirmə işi,  həm də aidiyyəti qurumların fəaliyyətinə nəzarət gücləndirilməlidir.

Hətta qadağalara əməl etməyənlər üçün cəza mexanizmi işə salınmalıdır”.