“Zibil pulu” da artırıldı - Maxenasiya aşkarlandı

“Nə üçün əhalidən məişət tullantılarına görə tələb olunan pullar nəğd şəklidə yığılır?”

“Tullantıların yığılıb daşınması üçün lazım olan vəsaitlərin toplanmasında şəffaflığın təmini sual yaradır”

“Yəni bələdiyyələr yerli vergilərin heç birini nəğd şəklində yığa bilməz”

Xırdalan şəhərində məişət tullantılarının yığılması və daşınması üçün əhalidən alınan tariflərin artırıldığı barədə məlumat paylaşılıb. Bu barədə iqtisadçı-ekspert Samir Əliyev sosial şəbəkədə məlumat verib.Onun sözlərinə görə, artıq şəhərdə adambaşına tələb edilən “zibilpulu” aylıq 50 qəpikdir:
“Halbuki Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli 5 nömrəli Qərarına əsasən, adambaşına aylıq 30 qəpik olmalıdır. Xırdalanda hər sakindən 20 qəpik artıq pul yığılır. Yığım işini “JEK”lər həyata keçirir. Onların statusu isə Azərbaycan qanunvericiliyi ilə tənzimlənmir”. 

Məsələ barədə Abşeron rayon İcra Hakimiyyəti açıqlama verib. Qurumun mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli bildirib kiçik məişət tullantılarının yığılması və daşınması tariflərinin artırılması ilə bağlı yayılan məlumatın heç bir hüquqi əsası yoxdur:

 “Dövlət tərəfindən müəyyən edilmiş qiymətdir, heç bir artımdan söhbət gedə bilməz. Hazırda zibil pulu adambaşına 30 qəpikdir”.



Baş verənləri “Sherg.az”a şərh edən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirib ki, qiymətlərin 50 qəpiyə qaldırılması təkzib edilsə də, digər bir məqam var:

“Nə üçün əhalidən məişət tullantılarına görə tələb olunan pullar nəğd şəklidə yığılır? Tullantıların yığılıb daşınması üçün lazım olan vəsaitlərin toplanmasında şəffaflığın təmini sual yaradır. Mənzil Kommunal Departamenti həmin pulların yığılmasına dair hesabatı əhaliyə çatdırırmı? Maraqlıdır, yığılan vəsaitlər hara gedir?

Cənab Prezident də 2014-cü ildə yerli vergilərin yığılması ilə bağlı nəğdsiz ödənişin tətbiqinə dair sərəncam imzalayıb. Yəni bələdiyyələr yerli vergilərin heç birini nəğd şəklində yığa bilməz.

Bu, şəffaflığın təmin olması, neqativ halların qarşısının alınması deməkdir”.