“Qərbi Azərbaycan”, yoxsa “Çuxursəd bəylərbəyliyi? – İzah

Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli mətbuata açıqlamasında maraqlı fikir səsləndirib. O, bildirib ki, on minlərlə Qərbi azərbaycanlının Qarabağda məskunlaşmaq istədiyini söyləyib:

“Dağlıq Qarabağın işğaldan azad edilmiş ərazilərinə Qərbi azərbaycanlıların köçürülməsi ilə bağlı əvvəllər Azərbaycan Qaçqınlar Cəmiyyətinə yalnız Bakıda yaşayan Qərbi Azərbaycan qaçqınları müraciət edirdilərsə, indi Azərbaycanın bütün rayonlarından müraciətlər daxil olur. Həm də müraciət edən ailələrin sayı artıq yüzləri, minləri çoxdan aşıb, on minlərlə insan işğaldan azad olunmuş ərazilərdə məskunlaşmaq istəyir".

Tarixçi-alim Kərəm Məmmədov Sherg.az”a açıqlamasında deputatın bu fikirlərinə münasibət bildirdi:

“Əslində öldədaxili, etnosdaxili miqrasiyalar həmişə olub. Məsələn, Qazax- Borçalı camaatından soruşsanız, 60-70 faiz insan Qarabağdan gəldiyini deyəcək.

Bu isə məşğuliyyətlə, o cümlədən əkinçilik, maldarlıqla bağlıdır. Əlbəttə, hər şey zamanla düzələcək. Amma indidən belə bəyanatlar səsləndirmək tezdir. Əvvəlcə Qarabağ bərpa olunmalı, təmir-tikinti işləri görülməlidir. Sonra isə sözügedən məsələyə dair konkret dövlət proqramı hazırlanmalıdır”.

K.Məmmədov, həmçinin “Qərbi Azərbaycan” toponimindən də danışdı: 

“Biz “Qərbi Azərbaycan” deyəndə haranı nəzərdə tuturuq? Hülakülər, Səfəvilər dövründə olduğu kimi, Qərbi Azərbaycan indiki Şərqi Anadoludur. Ermənistan isə əslində Şimali Azərbaycanın mərkəzi hissəsidir.

Ona görə də mən sözügedən torpaqları “Çuxursəd bəylərbəyliyinin keçmiş ərazisi” kimi adlandırmağın tərəfdarıyam. Onsuz da Ermənistan adlanan sintetik dövlət faktiki olaraq Azərbaycan mahalları hesabına yaranıb”.