Sədr müavini: "Bölgələrdə ağsaqqalların rolunu gücləndiririk”

1989-cu ildə təsis olunan Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyəti mühüm tədbirlər planını əhatə edir. Məlumdur ki, Ağsaqqallar Şurası cəmiyyətimizi əhatə edən mühüm məsələlərin həllində xüsusi rola malikdir.

Məhz bu istiqamətdə Bakı və rayonlarımızda müxtəlif tədbirlər keçirilir. Məsələn, imkansız ailələrə maddi-mənəvi dəstək, gənc ailələrin maarifləndirilməsi istiqamətində müzakirələrin aparılması.

Şura eyni zamanda ağsaqqal və gənclik, cəbhələrdə, məktəb və bağçalarda gənclərlə birlikdə maarifləndirici təbliğatların aparılmasında da müstəsna rola malikdir.

Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili Eldar İbrahimov qurumun son günlər gördüyü işlər barədə “Sherg.az”a danışıb:

“Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin rəhbərliyi ilə hazırda müavinlər üzrə bölgü aparılıb. Kimlər hansı rayonlara hakimdirlərsə, həmin rayonlarda müvafiq işlərin görülməsinə başlanılıb.

Məsələn, rayonlara gedib icra hakimləri ilə danışıqlar aparır, oradakı Ağsaqqalar Şurasının sədrləri ilə görüşürük.

Onlardan hansılar məsləhətdirsə, sədr kimi qalır, dəyişilməlidirsə yeni sədrlər seçilir. Hətta elə rayonlar var ki, orada Ağsaqqallar Şurasının sədri yoxdur, bu zaman yeni sədr seçilir. Bundan sonra da rayonlarda Ağsaqqallar Şurasının İdarə heyəti yenidən təşkil olunur”.

E.İbrahimovun sözlərinə görə, Şuranın əsas vəzifələri odur ki, ölkəmizdə sözün əsl mənasında ağsaqqal olub gənclərin tərbiyəsində, gələcək həyatında işlər görməkdir:

“Eyni zamanda cənab Prezidentin bu istiqamətdə apardığı işlərdə iştirak edirik. Yerlərdə fikirləri aydınlaşdırmaq, mübahisəli məsələləri həll etmək başlıca vəzifələrimizdən biridir. Bu baxımdan bölgələrimizdə ağsaqqalların rolunu gücləndiririk”.