Eşq olsun, bu millətin igid oğullarına

Qazilərimiz Türkiyəyə əməliyyata da toy-bayramla yola düşdülər

Hərbi ekspert: "Bu insanlar Vətən torpağına qovuşmuş insanlardır. Kimisi bütünlüklə, kimisi də hansısa bədən əzası ilə. Belə insanların Vətən sevgisi heç vaxt azalmaz"


Qazilərimizin üzü gülür. Sevinclidirlər. Əhval-ruhiyyələri yüksəkdir. “Qələbə” işarəsi göstərir, əl yelləyir, mahnı oxuyurlar. Bu xoş mənzərələr yaralı qazilərimiz Türkiyəyə müalicəyə göndərilən zaman, hava limanında qeydə alınıb. Xatırladaq ki, Vətən müharibəsinin gedişində ağır yaralanan qazilərimizdən daha 10 nəfəri - Quliyev Şahin Famiq oğlu, Hüseynov Kamil Dursunəli oğlu, Əzməmmədov Şəhriyar Şahməmməd oğlu, Vəçhiyev Çingiz Məmməd oğlu, Quliyev Həsrət Həsən oğlu, Abdullayev Xəyal Yaşar oğlu, Əliyev Qismət Nəsib oğlu, Rustəmli İlkin Elçin oğlu, Eminov Aqil  Vahid oğlu, Mehtixanov Məhəmməd Biroğlan oğlu  “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Fonddan verilən məlumata görə, ölkədəki həkimlərin rəyi nəzərə alınaraq qazilərin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. “YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Eyni zamanda Fond tərəfindən hazırda Türkiyə və İsraildən həkimlərin ölkəmizə dəvət olunması istiqamətində müvafiq tədbirlər görülür. Dəvət olunan həkimlər tərəfindən qazilərin müayinə, müalicə və əməliyyatının həyata keçirilməsi nəzərdə tutulur. 

Qazilərimizin çöhrəsindəki gülüşün də, yüksək əhval-ruhiyyələrinin də səbəbi məlumdur. Onlar qalib ordunun qalib əsgərləridir. Yaralıdırlar, müalicəyə ehtiyacları var, bəlkə hansısa Vətənə tək ayaqla, tək qolla dönəcək, amma əraziləri işğaldan azad edilmiş, mənfur düşmənin qovulduğu Vətənə dönəcəklər. Və Vətən bu qələbəsini həm də onlar sayəsində əldə edə bildi. Odur ki, qələbənin yaşatdığı qürur, vüqar üzlərinə yansıyır, eyni zamanda dövlətin onlara sahib çıxması, arxa-dayaq olması, xalqın da bitməyəcək sevgisi onları daha da ruhlandırır. Müalicə olunub səhhətləri normallaşmış bir şəkildə Vətənə geri dönəcəklərinə də inanırlar. Bu qürur, güvən hissidir əhval-ruhiyyələrini yüksəkdə saxlayan. 

Hərbi ekspert Ruslan İmamquliyev “Şərq”ə açıqlamasında qazilərin Vətən sevgisinin heç vaxt əskilməyəcəyini bildirdi: 

- Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə can sağlığı, tezliklə sağ-salamat Vətənə qayıtmalarını arzulayıram. Qazilərimizə, şəhid ailələrinə dəstək olsa da, olmasa da, onların Vətən, dövlət sevgisi heç vaxt əskilməyəcək.

Çünki bu insanlar Vətən torpağına qovuşmuş insanlardır. Kimisi bütünlüklə, kimisi də hansısa bədən əzası ilə. Belə insanların Vətən sevgisi heç vaxt azalmaz. Bizim borcumuzdur ki, onların yanında olaq. Vətən üçün canlarından keçmiş insanların qayğısına qalınırsa, əlbəttə, bu, onların əhval-ruhiyyəsinə təsir göstərəcək. Azərbaycan insanı görəndə ki, onun qayğısına qalan var, ailəsinə kömək edilir, dəstək olurlar, qürurlanır, gələcəyə inamı artır. “Yaşat” Fondu bu baxımdan çox vacib missiyanı yerinə yetirir. Şəhid ailələrinə, qazilərə dəstək olur.

Bu, Azərbaycanın gələcəyi adına da müsbət addımdır. Çünki Vətən müharibəsi qələbəmizlə başa çatsa da, düşmən ayaqda olmasa da, oyaqdır. Azərbaycan ordusu da hər dəqiqə ayıq-sayıq olmalıdır. Bəlkə gələcəkdə yeni ərazilər azad etməli olacağıq. Bu baxımdan əsgərin dövlətə güvənməsi vacib amildir. Bu gün qazilərə göstərilən isti münasibət, onların ehtiyaclarının qarşılanması Vətənin keşiyində dayanan əsgərlərə də güvən verir. Şəhid ailələrinə də böyük təsəllidir. 

R.İmamquliyev qazilərin yüksək əhval-ruhiyyə ilə Türkiyəyə yola düşməsindən sevindiyini dilə gətirdi: 

- Mənim üçün çox xoşdur ki, qazilərimiz gülə-gülə yola düşürlər. Allah daim onların üzünü güldürsün. Onların sayəsində xalqımız bu gün başını dik tutur, qürurlanır. Biz bu Vətən müharibəsinədək şəhidlərimizi başı aşağı ziyarət edərdik. Çünki Vətənimiz işğal altında idi. Şəhidlərin qarşısında xəcalətli idik. Onların ruhunun narahat olduğunu bilirdik. Amma indi qürurluyuq və onların ruhlarının şad olduğundan da əminik artıq.