Erməni əhalisi bezib, indi sadəcə yaşamaq istəyirlər

Xalq “Qarabağ klanı”nın quldur “liderlərinə” ikinci dəfə şans vermək niyyətindən uzaqdır


Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın “Armnyus” kanalına verdiyi absurd müsahibədə bəzi etiraflar da yer alıb. Məlumdur ki, gecikmiş etiraflar Sarkisyanın “həqiqət” tərəfdarı olduğunu göstərməyə yox, yerlərdə sürünən reytinqini qaldırmağa, siyasi meyit imicindən qurtulmasına hesablanıb. Sarkisyan revanşist şüarlardan istifadə etməklə ermənilərin rəğbətini qazanmaq və yenidən siyasi arenaya qayıtmaq niyyətindədir.

Lakin Sarkisyanın “şok” açıqlamaları heç bir halda onun reabilitasiyasına, ictimaiyyətin gözündə yüksəlməsinə kömək etməyəcək. Çünki Sarkisyan və onun kimilərin “qatar”ı çoxdan gedib.

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə açıqlamasında vurğulayıb ki, hazırda Ermənistan ictimaiyyəti “Qarabağ klanı”nın quldur “liderlərinə” ikinci dəfə şans vermək niyyətindən uzaqdır:

"Sıravi ermənilər bu klanın son 30 ildə Ermənistanı düçar etdiyi bəlalardan, despotik idarəetmədən, daimi müharibə xofundan beziblər. Ermənilər artıq normal yaşamaq istəyirlər. Ona görə də sabiq prezident Serj Sarkisyanın Ermənistanda reytinq göstəricisi sıfırın altındadır. Onun Paşinyanın ünvanına sərt ifadələr işlətməsi ermənilərin baş nazirə dəstəyinə əsla təsir göstərməyəcək.

Ancaq biz Sarkisyanın bu açıqlamalarından həm onun özünə, həm də Ermənistana qarşı beynəlxalq kürsülərdə istifadə edə bilərik.

Onun İkinci Qarabağ müharibəsi dövründə ərazilərimizə “İsgəndər” raketlərinin atılmasının vacibliyi barədə səsləndirdiyi “Horadiz “İsgəndər”lə vurulmalı idi” sözü azərbaycanlılara qarşı nifrətin, etnik düşmənçiliyin açıq ifadəsidir.

Sarkisyan kimilərin öz qəddarlıq və qanunsuzluqlarla bağlı etiraflarından Ermənistanın terrorçu dövlət kimi dünyada ifşa olunmasında istifadə etməliyik.

Vaxtilə ingilis jurnalistinə verdiyi müsahibəsində Xocalı soyqırımını qəsdən törədiyini etiraf edən Serj Sarkisyanın xisləti zərrə qədər də dəyişməyib. 1992-ci ildəki hansı düşüncədə idisə, indi də odur. Sarkisyan müasir erməni faşizminin gerçək simasıdır”.