Soyuqlar kəsir

İnsanlar sağ qalmaq uğrunda mücadilə verir

ABŞ-ın cənub ştatı Texasda insanlar soyuq havada yaşamaq uğrunda mübarizə aparırlar.
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki,  son illərin ən sərt qışı ilə qarşılaşan Texasda insanlar ölüm və qalım uğrunda savaşırlar. Mağazalarda artıq qida tamamilə tükənib, marketlərdə rəflər  boşalıb. Hətta 7 milyon insan içmək üçün su tapa bilmir. Onlara artıq “kran suyunu qaynatmaq” əmri də verilib. Milyonlarla insan işıqsız və susuz qalıb. Böhranın beşinci günündə çıxılmaz vəziyyətdə qalan ailələr mənfi 18 dərəcə şaxtada yaşamaq üçün mübarizə aparırlar. Milyonlarla insan elektrik və su olmadan dondurucu soyuqlarda sağ qalmağa çalışır.

Cənubdakı dörd əyalətdə artıq 30-dan çox insan ölüb. Şiddətli qar fırtınaları və sərt hava şəraiti günlərdi ki,  100 milyondan çox amerikalıya mənfi təsir göstərməyə davam edir. Texasın bəzi bölgələrinə hələ də qar yağmağa davam edir. Bölgədəki 13 milyon insanın isə su əldə etmək imkanı yoxdur. Dövlətin hazırda qida və su ehtiyatları da tükənməkdədir. Yeddi milyon əhali ümidsiz şəkildə Texasda isti yemək əldə etmək üçün 4 saat növbədə durmalıdır. 

Çətin şərtlərdə həyatda qalmağa çalışan insanların vəziyyəti dünya mediasının da bir nömrəli gündəminə çevrilib. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısını Alma Mərkəzi istehlak üçün nəzərdə tutulan bütün suların qaynadılmalı olduğunu bildirib. Hyuston şəhərinin prezidenti Silvester Turner elektrik enerjisi və kran suyunu qaynatmaq üçün imkanları olmayan şəxslərə imkan daxilində qablaşdırılmış su almağa çağırıb. Harris əyalətində insanlar susuz qalmaq və ya hər hansısa bir xəstəliklə üzləşməmək arasında çarəsiz bir seçim etmək məcburiyyətində qalıblar. Arlington, Austin, Hyuston və San-Antonio şəhərlərində 263 min nəfər içməli su əldə etmək üçün çalışır.

Havaların dondurucu olması da əksər evlərdə su borularının partlamasına səbəb olub. Bu səbəbdən də Hyustonda şəhər sakinləri  vedrə-vedrə su dolduraraq evə aparır.