Sənin Allahına qurban olum, qəhrəman...

Vüsalı general Polad Həşimov da çox istəyirdi, ad günündə zəng etmişdi

"Toyu noyabr ayı üçün fikirləşirdik. Amma həmin ayda şəhadət şərbəti içdi"

Müharibənin nə olduğunu bilməyən, topdan-tüfəngdən anlamayan cocuqlar var. Ötən il birlikdə öyrəndik. Həm də zəfərin misilsiz sevincini, Qarabağa qovuşmağın fərəhini yaşadıq. Bu yolda şəhadətə ucalan oğullarımızı da unutmadıq. Hələ də ilk günkü kimi ürəyimiz yanır, yanacaq da.
Yenə bir şəhid qardaşımızdan yazıram. O,  mayor Vüsal Vəliyevdir.
İgidimizi tanıyaq. 

Vüsal Vəliyev 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində dünyaya göz açıb. Dizə kənd tam orta məktəbində 1994-2002-ci illərdə, daha sonra isə Heydər Əliyev adına Hərbi Liseydə oxuyub. Ardınca Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib. 
2012-ci ildə 3 aylıq XTQ təlimini keçib. Beyləqan, Füzuli, Ağdam, Tərtər, Qazax, Tovuz, Göygöl-Murovdağ silsiləsində xidmət keçib, mayor rütbəsinəcən yüksəlib. 
O, Vətən müharibəsində Murovdağdan Şuşanın azadlığı uğrunda gedən döyüşlərədək savaşıb. Vüsal Vəliyev noyabrın 9-da Şuşada şəhadətə ucalıb. 14 dekabr 2020-ci il tarixində Şərur şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 

Qəhrəmanımız bir müddət şəhid general Polad Həşimovla birgə çalışıb. “Şərq”lə həmsöhbət olan şəhidin qardaşı Elyar İslamoğlu deyir ki, Vüsal hər zaman cənab generaldan danışırdı:

“Deyirdi ki, ordumuzda təkrar Polad Həşimov kimi general yetişməyəcək. Vüsalın sözlərinə görə, general maaşının 90 faizini hərbi hissəyə xərcləyərmiş, orda abadlıq işlərinə qədər maraqlanarmış. Əsgərlərin nəyəsə ehtiyacı olanda öz cibindən alıb, verərmiş. Vüsalla da yaxın münasibətləri var idi. Bir dəfə qardaşımın ad günündə P.Həşimov zəng etdi. Hamımız eşitdik, dedi: “Sənin kimi vətənpərvər zabit yetişdirdikləri üçün ananın, atanın əllərindən öpürəm. Səninlə fəxr edirəm”. Elə Vüsal da generalla qürur duyurdu. Cənab Həşimov şəhid olanda Vüsal dəfninə gələ bilmədi. Generalın ailəsini ziyarət etməyimi, başsağlığı verməyimi istədi. Mən də P.Həşimovun evinə getdim. Ailəsini, anasının məğrurluğunu gördüm”. 

Şəhidin qardaşı danışır ki, müharibə başlamazdan bir həftə öncə onunla görüşüblər:

“Göygölə getdik. Savaşın başlayacağını bilirdi, ona görə bizi çağırdı, bir gün yanında qaldıq. Gələcəkdən, ailəmizdən bəhs edirdi. Dolayı yolla ata-anamızı bizə əmanət etdi. Orda qayğımıza qalırdı. Hətta dedik ki, sənin toyun olacaq, çox xərc çəkmə. Amma istəyirdi hər şey yaxşı olsun. Sonradan bizimlə sonuncu dəfə görüşmək istədiyini anladıq.

Müharibə zamanı da iki dəfə soraqlaşdıq. Deyirdi, yaxşıyam, narahat olmayın. Axırıncı səfər isə oktyabr ayının 1-də çox qısa söhbət etdik. Səsi tutqun, kədərli gəlirdi. Demə, tabeçiliyindəki əsgərlərdən şəhid olanlar, yaralananlar var imiş. 

Savaşda tabor komandiri idi. Şəhadətindən sonra komandirləri əlaqə saxladılar. Vüsalın bütün tapşırıqların öhdəsindən layiqincə gəldiyini söylədilər. Bir də Vüsal əmrində olan əsgərlərə ata, qardaş kimi qayğı göstərirdi. Ailəmizin də yeganə təskinliyi onun əməlisaleh işləri, yaxşılıqlarıdır. Qardaşımı axtaranda əsgərləri ilə görüşüb, danışırdım. Hamısı Vüsal haqqında xoş sözlər deyirdi”.

Elyar bəy  söyləyir ki, ötən ilin yanvar ayında Vüsala məzuniyyət götürməsini məsləhət görüblər:

“12 ildir hərbidə xidmət edir. Bu müddət ərzində həmişə səngərdə olub. Ən çətin yerlərdə - Beyləqanda, Füzulidə, Ağdamda, Tərtərdə, Qazaxda, Tovuzda çalışıb. O, Göygölə təyin olunanda sevinmişdik. Məgər Murovda xidmət edirmiş. Çünki işi ilə bağlı bizə nə  isə deməzdi. Danışanda elə bilirdik ki, istirahətdən gəlib. Lakin çətinlikləri çox idi. Bir də Vüsalın 2020-nin mart ayında toyu olacaqdı. Hər şey hazır idi, musiqiçələrə qədər seçmişdik. Pandemiyaya görə baş tutmadı.

Biri Bakıda, biri Naxçıvanda olmaqla iki toy edəcəkdik.  İstəyirdik, Vüsalın könlü açılsın,  şad günü çox gözəl keçsin. Alınmadı. Sonra toyu noyabr ayı üçün fikirləşirdik. Amma həmin ayda şəhadət şərbəti içdi. Vüsalla əlaqəmiz oktyabrın 2-dən kəsildi. Bu vəziyyəti valideynlərimizdən gizlədirdik.

Onlar Vüsala qarşı çox həssas idi. Oktyabrın 13-ü atam eşitdi, infarkt keçirdərək dünyasını dəyişdi. Anam isə şəhidlik xəbəri gələnə qədər itkin olduğunu bilmirdi. O, ayağından və qolundan ağır yaralansa da, taboru başsız qalmasın deyə döyüşə davam edib”. 

Qeyd edək ki, mayor Vüsal Vəliyevə  xidmət illərində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1928-2013) Yubiley medalı”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley Medalı”, Azərbaycan Respublikası Müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən təqdim edilmiş medal, “Əfqanıstanda sülhməramlı missiyaya görə”, “10 il  Qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli medalı tədqim edilib. 

 Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən  V.Vəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.