Aşıq Ələsgərin yubileyi bahar fəsli kimi xoşdur

Məhərrəm Qasımlı: "Biz dədə Ələsgəri ucaltmaqla o yurdun ruhuna, qutsallığına üz tuturuq"

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin dünyaya gəlməsinin 200 illik yubileyi tamam olur. Qeyd edək ki, Prezident də yubileyin təntənəli keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb. Xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. 

Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı "Şərq"ə açıqlamasında Aşıq Ələsgərin yubileyinin təntənə ilə qeyd edilməsinin əhəmiyyətindən söz açıb:

“Aşığın 200 illiyinin keçirilməsi musiqi və poetik mədəniyyətimizin təcəssümüdür. Bu, yaz və bahar fəsli kimi xoşdur. Ona görə  Aşıqlar Birliyi, saz və söz ictimaiyyəti adından cənab Prezidentə təşəkkür edirəm.

Aşıq Ələsgərə verilən dəyərin arxasında təkcə ozan-aşıq sənəti deyil, həm də onun doğulduğu Göyçə torpağının müqəddəsliyi var. Biz dədə Ələsgəri ucaltmaqla o yurdun ruhuna, qutsallığına üz tuturuq.

Fikrimcə, görüləcək işlərimiz çoxdur. Aşıq Ələsgərin külliyyatının geniş miqyasda çap olunması, şeirlərindən ibarət audio və video disklərin hazırlanması, elmi-tədqiqat işlərinin aparılması olduqca vacibdir.  Yəqin yubileylə bağlı tədbir Bakıda baş tutacaq.

İnşallah, o zamana qədər pandemiya dövrü bitər. Azərbaycanın müxtəlif bölgələrində, Qarabağda tədbirlər təşkil edərik. Hamımız birmənalı şəkildə bununla bağlı işlər görməyə hazırıq”.