"İnsanı idarə edən ağıldır"

Ağdamlı Səmayə nənə: "10 dənə diplomun olsun, ağlın yoxdursa, faydasızdır"

"Bizi öyrədiblər ki, vicdanlı olun, haqqın yanında olun, ocağımıza hörmət qoyun, kiməsə xanım deməklə, o xanım olmaz. Bizi el-oba xanım eləyib"

"Bu il xalqımız üçün ən əziz ildir. Xahiş edirəm, Müdafiə Nazirliyinə çatdırın, mənə imkan yaratsınlar, mart ayında, Novruz günlərində Ağdam məscidinin qarşısında əsgərlərimizə səməni halvası bişirim"

"Söz verirəm, mənə göstərilən sərhəddən kənara çıxmayacam. Təki mənə o imkanı yaratsınlar"


Vətən müharibəsində xalqımız ucalığını sübut etdi. 30 ilə yaxın doğma torpaqların həsrətini çəkən xalq Ali Baş Komandanın “İrəli!” əmri ilə bir yumruğa döndü. Əsgərlər səngərdə, komandanlar əsgərin önündə necə döyüşə atıldısa, arxa cəbhədəkilər də - hərə bir cür ordumuza maddi-mənəvi dəstək olmağa çalışdılar. Əsgərlərimiz rəşadət göstərərək necə dastana döndülərsə, el-obanın ağsaqqal-ağbirçəyi də comərdliyi ilə seçildi. Təqaüdünü Silahlı Qüvvələrə bağışlayan ...baba necə unudulmursa, ağdamlı Səmayə nənə də tarixdə qalacaq.



Ağdam işğaldan azad edilən gün Vətən torpağını öpmək üçün ayağındakı ağrıları unudub əsgərlərin görüşünə gedən, “Ayağım Ağdam torpağındadırsa, qəbrim də Ağdamda olacaq” deyən, şəfqətli ana əlləriylə bişirdiyi yeməyi əsgərlərə pay aparan, “sizə canım qurbandı”, söyləyən, Ağdam məscidinin girişində ayaqqabılarını çıxarıb 28 il sonra o mübarək yerə Azərbaycan əsgərindən güc alıb ayaq basan Səmayə nənə! O artıq Azərbaycan anasının nəvazişkar, pak, ülvi, şəfqətli obrazına, Ana Qarabağ rəmzinə çevrilib. O qədər arzuları var ki!.. Hamısının çin olacağına inanır.  Hətta əmindir. “Mənim belə Prezidentim, belə cəsur oğullarım varsa, heç bir arzum daha gözümdə qalmayacaq”, deyir. 

Səmayə nənəyə zəng etdik. Əhvalını soruşduq. İlk sözü bilirsiniz nə oldu? 


“Xahiş edirəm, Müdafiə Nazirliynə çatdırın, mənə imkan yaratsınlar, mart ayında, Novruz günlərində Ağdam məscidinin qarşısında əsgərlərimizə səməni halvası bişirim. Onlar hamısı mənim balalarımdı. Balam kimi sevirəm hamısını. Mənə Müdafiə Nazirliyinin əliylə yol açın, arzum budur. İstəyim ürəyimdə, gözümdə qalmasın. Mənə doğma torpağımı qaytaran əsgər balalarıma mən də səməni halvası bişirim. Bayramlarını təbrik edim”. 
Söhbətə belə köprü salındı. Səmayə nənə şirin Qarabağ ləhcəsi ilə, hər sözünün, cümləsinin başında da, “ayağında” da “qadanız alım”, “sizə qurban”, “gözünə qurban” alqışlarını mirvari kimi sapa düzürdü.   

- Səmayə nənə, sizi bütün ölkə tanıyır artıq... 

- Sizə qurban olum, hamınız balalarımsız... 

- Əsgərlə görüşməyiniz, onlara yemək bişirib aparmağınız... 

- Nə vaxt istəsələr, hazıram. Nə istəyirlər, bişirərəm onlar üçün. Mənim balalarımdılar. Canım da onlara qurbandı... 

- Səmayə nənə, sizin ayaqqabılarınızı çıxarıb Ağdam məscidinə daxil olmağınız da yaddan çıxmayacaq, o vaxt da hamı bundan danışırdı... 



- Ana sənə qurban, adətimiz belədi. Məscidə girəndə mümkün qədər, ayaqqabıları gərək çıxarasan. (Səmayə nənənin, “mümkün qədər” ifadəsi diqqətimi çəkdi. Dünyanın sərt-xoş – hər üzünü görmüş nənəmiz əmr etmirdi, qayda kəsmirdi, sözü elə deməyə çalışırdı ki, kimsənin xətrinə dəyməsin, anlayışlı adam eyhamdan anlasın. Nənələrimizin ululuğu bundadır – red.) Dünyanı görə-görə gəlmişik, qızım. Gördüklərimiz nənələrimizdən, babalarımızdandı. Nə görmüşük, onu göstərmişik. Necə bizə öyüd-nəsihət veriblər, o cür davranmışıq. Valideyn tərbiyəsi olub, onların tərbiyəsini götürmüşük. Bizə öyrədiblər ki, vicdanlı olun, haqqın yanında olun, ocağımıza hörmət qoyun. Kiməsə xanım deməklə, o xanım olmaz. Bizi el-oba xanım eləyib. Bu gün siz mənimlə maraqlanırsınız, mənim üçün ən fəxr ediləsi gündür. Sizə qurban olum, siz ki mənə bu cür dəyər verirsiniz, Allah da sizi ucaltsın... 

- Səmayə nənə, niyə məhz səməni halvası bişirmək istəyirsiniz? 

- Qızım, bu bizim elin adətidi. Novruz bayramında səməni halvası bişirilər. Ağdam camaatı Novruz bayramını həmişə şən keçirib. Olan-olmazını bu əziz günlərə saxlayıb, süfrə açıb, gəlib-gedəni qonaq edib. Bizim süfrəmiz həmişə açıq, evimiz qonaqlı olub. İstəyirəm bu adətmiz itməsin. Ona görə sizdən xahiş edirəm, Müdafiə Nazirliyinə çatdırın, mənə imkan yaratsınlar gedim Ağdam məscidinin qarşısında ocaq qalayım, səməni halvası bişirim. Özü də odunla bişirəcəm. 7 kiloqram buğdanın halvasını bişirəcəm. Un, 1-2 kiloqram da qoz ləpəsi qatacam. 



- Nə qədər əsgərə çatar bu? 

- 200-300 nəfərə çatar. Bayramdan əvvəl olsun, amma. Səməni halvası gec bişəndi. Gərək səhər saat 6-da ocağa qoyasan, axşama qədər ancaq bişər. Bu il xalqımız üçün ən əziz bir ildir. Mən də əsgər balalarımızı sevindirmək istəyirəm. Qoy millətim  sevinsin, düşmən də baxsın.   
- Səmayə nənə, bilirsiniz, hazırda torpaqlar minalardan təmizlənir. Ötən dəfə cənab Prezident də dedi ki... yəqin izləyirsiniz  Prezidentin çıxışlarını... 
- Hamısına qulaq asıram. Hər gün dinləyirəm. Prezidentimə qurban olum. Mən ona oğlum deyirəm. O ki doğma torpağımı mənə qaytardı, Allah onu qorusun. Bilirəm, Prezident videolarımı izləyib. Leyla xanım da məni izləyir. Hörmət edirlər mənə. İnşəllah, gün gələr, Allah yol açar, Ağdamda onları öz evimdə qonaq  edərəm. 

- Yəni demək istəyirdim ki, Prezident çıxışında qeyd etdi ki, bilirəm insanlar 30 ildir doğma yurdlarına həsrətdir, ancaq ərazilərə səfər etmək təhlükəlidir, tələfat olmasın deyə, bir az da səbirli olsunlar. 

(Tez and içdi)

- Söz verirəm, mənə göstərilən sərhəddən kənara çıxmayacam. Təki mənə o imkanı yaratsınlar. Bu sözümü ona çatdırın... Müdafiə nazirinin də xətrini istəyirəm, əsgərlərimizi də. Onlar olmasaydı, torpaqlarımız necə azad olunardı? Biz onlara kömək etməliyik, təkan verməliyik. 



- Səmayə nənə, Ağdamı nə zaman tərk etmişdiniz? 

- Qızım, 1993-ci il iyulun 23-ü Ağdam işğal olundu, mən bir gün əvvəl - iyulun 22-si çıxdım evimdən. Çıxmaq istəmirdim, zorla çıxartdılar, dedilər, qala bilməzsiniz. Evimi qoyub getmək istəmirdim. Gözəl həyat yaşayırdım. Mülkiyyətim vardı. Varlı qadın idim...

- Eviniz Ağdamın hansı tərəfindədi? 

- Ağdam bazarına yaxın idi, evlə arası 6 dəqiqəlik yoldu. Ünvanımız, Puşkin küçəsi, ev 11. 33 sot məhləm olub. Çox gözəl bağımız vardı. Qədim ağaclar vardı bağda. Qayınatam dağdağan ağacı əkmişdi, üzüm tənəyini o ağaca çıxarmışdı. Qışın oğlan çağında tənəyin üstündən üzüm yığardıq. Bizim belə bərəkətli torpağımız var. 

- İnşallah, yenə əkərsiniz, becərərsiniz... 

- Əlbəttə. Allah-təala imanlı insanlara güc, qüvvət verir, yol göstərir, yol açır. Qoymur insanın başı kiminsə qarşısında əyilsin. İnsanı idarə edən ağıldır. 10 dənə diplomun olsun, ağlın yoxdursa, faydasızdı. Bir də Allah insana yol verib qəlbiləndirməlidir (Qarabağlılar adətən “uca” sözü əvəzinə “qəlbi” sözünü işlədirlər –red.). Yəqin sizin evin də dağıntıları qalıb. Ağdama soyqırım edib ermənilər...  
- Yəqin sizin ev də dağıdılıb...  

- Evdən əsər-əlamət yoxdu. Ağaclar da qalmayıb. Yenə tikəcəyik, inanıram, Prezidentim şərait yaradacaq, evlərimizi bərpa edib bizə qaytaracaq.

- Neçə övladınız var?.. 

- 1 qız, 1 oğlan. Oğlum gec ailə qurdu, 1 qızı var, 6-cı sinifdə oxuyur. Qızımı köçürdüm, onun da 2 oğlu var. Çətinliklə də olsa, onlara təhsil verir. Ali məktəbdə oxuyurlar. Oğlum şəkər xəstəsidi, qızımın da başında şiş var... 

- Ağdamdan çıxdıqdan sonra hara getdiniz, necə məskunlaşdınız? 

- Bərdənin Şirvanlı kəndinə gəldik. 11 il məktəb binasında qaldıq. Yoldaşım ağır xəstələndi deyə, məktəb binasından çıxdıq, bir daxalda məskunlaşdıq. Şirvanlının ayağındadı, 4 yoldan bəri, Ağdama tərəf..  



- Daxal deyirsiniz, şəraiti pisdir? 

- 30 ildir ayağım torpağın üstündədi... Döşəməsiz evdi. Ayaqlarım da ona görə ağrıyır... Bir televiziyadan çəkiliş etdilər. (Telekanalın adını açıqlamırıq – red.). Dedim bəlkə köməklik göstərərlər, evə əl gəzdirilər.   

- Deyəsən, qaldığınız ev Ağdama yaxındı deyə, əsgərlərimizin görüşünə ilk gedənlərdən biri siz oldunuz? 

-  Elədi, ana qurban... İki dəfə plov bişirib apardım balalarıma. Bir dəfə də yarpaq dolması. Qatığıyla... 10 kiloqram ətin dolması idi. 

- Maşallah. Necə bişirə bilmisiniz bunu? 

- Balalarım üçün nə istəsələr bişirərəm. Qolumda güc var. İndi də bir nənə kimi onların bayramını təbrik etmək istəyirəm. İcazə versinlər, yenə gedim...