Xəyalə Rəis Qarabağdan qayıdıb: "Araz çayı o qədər gözəl idi ki, mənzərədən doymaq olmurdu"

"Dağıdılmış, viran qoyulmuş qəbirlərin dibində sarı, al-əlvan çiçəklər yetişib. Sanki 30 il diqqətsiz, sevgisiz, sahibsiz qalan torpaq da ümidini itirməyib"



 Bir neçə gün  öncə Azərbaycanın bir qrup media nümayəndələri  işğaldan azad olunmuş ərazilərə səfər ediblər. Onlar Qarabağdakı erməni vandalizminin izləri ilə yerindəcə tanış olublar. Səfər edən jurnalistlər arasında "Moderator.az" informasiya agentliyinin redaktoru Xəyalə Rəis də olub. O, öz təsərrüatlarını "Şərq"lə bölüşüb.

Agentliyin redaktoru Xəyalə Rəis deyir ki, Qarabağ səfəri onun mediada çalışdığı müddətdə ən maraqlı və unudulmaz anları ilə yadda qalıb:



“Qarabağa səfərimiz ölkəmizdə akkreditə olan diplomatik korpusun çoxsaylı nümayəndələrinin Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayəti ilə baş tutmuşdu. Bu həyatımın ən unudulmaz səfərlərindən oldu. Biz məktəb illərində gözümüzü açandan 20 faiz torpaqlarımızın işğal altında olduğunu və bu torpaqların altı da, üstü də cənnət məkan olduğunu eşitmişik. Biz bu ruhda, psixologiyada böyümüşük. 27 ildən sonra nəhayət ki, torpaqlarımız işğaldan azad olunu. II Qarabağ müharibəsində əldə etdiyimiz qələbə bu nağılın sonu idi. Xeyir şərə qalib gəlmişdi. Təəssüf ki, Qarabağa səfərimizdə ancaq tarix kitablarından oxuduğumuz, böyüklərimizin bizə danışdığı Qarabağın yalnız təbiətinin gözəlliyini seyr edə bildik. Çünki düşmən bu torpaqda yaşamaq üçün deyil vandalizm törətmək üçün gəlmişdi və istəyinə nail oldu da. Bu torpaqlarda daşı daş üstündə qoymayıblar. Qəbirlər dağıdılıb, insan sümükləri qəbirdən kənara səpilib, yaşayış evləri məhv edilib, illərlə məscidlərdə donuzlar saxlanılıb. Bu mənzərəyə şahidlik etmək insana təsir edir. Mənim ən böyük arzum uşaqlıq illərimdə tarix kitabımızın üz qabığını bəzəyən Xudafərin körpüsünə çıxmaq idi. Hətta uşaq yaşlarımda o körpünün üzərində şəklimi çəkir və bir gün o körpünün üzərindən keçməyin xəyalını qururdum. Xudafərinə səfər etdikdə isə qalanın ətrafını fırlanır, mənə bugünü görməyi qismət etdiyi üçün Allaha şükür edirdim. Araz çayı o qədər təmiz və gözəl idi ki, mənzərədən doymaq olmurdu. Havası təmiz, şırıltısı harmonik, sanki Araz bizi gördüyünə sevinərək dalğaları ilə rəqs edirdi, bir sözlə, mənzərə möhtəşəm idi. Buradan ora boylananda vətəndaş kimi çox yaralandığımı hiss edirəm. Bizə Arazın o tayından əl edən, sevincini hiss etdirən qardaşlarımızı gördükdə isə insanın ürəyi dağa dönür”. 



X.Rəis Cəbrayılda mənbus dağıntıların, tükürpədici vandalizmin qorxunc izlərinin yaddaşından silinmədiyini bildirir:

“Cəbrayılda ermənilər daşı daş üstündə qoymayıb. Ancaq bu virana qoyulmuş məmləkətdə uçulmuş, dağıdılmış, viran qoyulmuş qəbirlərin dibində sarı, al-əlvan çiçəklər yetişib. Sanki 30 il diqqətsiz, sevgisiz, sahibsiz qalan torpaq da ümidini itirməyib. Səbr etmişdi, bir gün sahibinin gələcəyi günü gözləmişdi. Və bu gün - qışın oğlan çağında o çiçək açmışdı. Artıq Cəbrayılda təbiət də olanlardan xəbərdar idi. Onlar da bizim kimi məğrurdur. Viran qoyulmuş torpaqda təbiət hər şeyə inad yenidən oyanmışdı. Eynən bizim ürəyimizə səpilən ümid, qayıdış ümidi kimi”.

 Müsahibimiz Zəngilanda isə 30 ilə yaxın baxımsızlıqdan kol-kos basmış ərazilər, ucsuz-bucaqsız qamışlıqların olduğunu vurğulayır:

“Bu qamışlıqların arasında barbarcasına talan edilmiş, yandırılmış evlərin qalıqlarını gördük. Hətta bəzi evlərin ortasından 27 yaşı olan qocaman ağaclar boylanırdı. Hesab edirəm ki, Qarabağa getmək hər bir mətbuat nümayəndəsinin haqqıdır. Çünki bu günləri informasiya savaşı davam edir. Hər bir jurnalist o doğma yurdumuzda, obamızda olmalı və orada baş vermis erməni vandallığını dünya ictimaiyyətinin diqqətinə çatdırmalıdır”.