Çiynində 4 gün yaralı əsgər gəzdirən ŞƏHİD - Fotolar

Silahdaşları "burax onu, öləcək" deyiblər, lakin o, əsgərini tibb məntəqəsinə çatdırıb

Elvin Füzuli rayonunun Musabəyli kəndi istiqamətindəki döyüşlərdə şəhadətə qovuşub

 
İllərdir gözlədiyimiz tarixi qələbəni bizə bəxş edən minlərlə igidimiz var. Onlardan kimisi qazi, kimisi şəhiddir, bəzilərinin də ruhu yaralıdır. Hər birinə ayrı-ayrı borcluyuq. Hələ şəhidlərimizin yanında, onların uca məqamları qarşısında boynumuz qıldan incədir.
Adlarını bir-bir əzbərləyib, könül lövhəmizə yazmağa and içmişik. Sanki onlar daim bizi izləyirmiş kimi yaşayıb, hər zaman əziz xatirələrini yad edəcəyik.
Eynilə şəhid Əzizov Elvin Əfrail oğlunu andığımız kimi...

 Qəhrəmanımız Masallı rayonunun Qarğalıq kəndində 1986-cı ilin 26 fevralında dünyaya göz açıb. Ədalət Vəliyev adına tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb.

Əsgərlikdən sonra müxtəlif sahələrdə çalışıb. Ardınca sənədlərini toplayıb hərbiyə göndərib. Üç il müddətdən artıq hərbi qulluqçu kimi fəaliyyət göstərib. Gizirlik kursundan keçərək elə gizir vəzifəsində işləməyə başlayıb.

İkinci Vətən müharibəsi başlayanda cəbhəyə yollanıb, döyüşlərdə fəal iştirak edib. O, tank komandiri vəzifəsində imiş.

“Şərq”lə həmsöhbət olan şəhidin qardaşı Tacəddin bəy deyir ki, Elvin Cəbrayıl istiqamətində yaralanıb: “Tankı vurulan zaman Elvinin sürücüsünün vəziyyəti ağır imiş. O, əsgərini tankın içindən çıxarıb. Bir az getdikdən sonra mühasirəyə düşüb.

Bir-neçə saat təkbaşına döyüşüb. Dörd gün çiynində yaralı əsgərlə vuruşub. Silahdaşları əsgərin öləcəyini deyib, onu basdırmağı tövsiyə ediblər. Elvin isə onlarla mübahisə edib, söyləyib ki, onu şəhid olmağa qoymayacaq, tibb məntəqəsinə çatdıracaq.

Dediyi kimi olub, əsgəri sağ-salamat məntəqəyə aparıb. Hazırda o, yaşayır, xidmət edir. Elvin də  Füzuli rayon Diaqnostika Mərkəzinə yanıq xəsarətləri ilə yerləşdirilib. İki gün qalıb, sonra könüllü döyüşə qayıdıb. 

Tank üçün heyət axtarılan zaman Elvin getmək istədiyini bildirib. Döyüş yoldaşları yaralı olduğu üçün onun gəlməməsini deyiblər.  Elvin onların sözlərinə məhəl qoymayıb, savaşa dönüb. Füzuli rayon Musabəyli kəndi istiqamətində qəhrəmancasına şəhadətə ucalıb”.

Şəhidimiz 16 oktyabr 2020-ci ildə doğma kəndində torpağa tapşırılıb. O, ailəli idi, üç övladı - iki qızı, bir oğlu var.
Elvin Əzizov ölümündən sonra “ Vətən uğrunda” medalı ilə təltif olunub.