Zabelinin açıqlamasına REAKSİYA:“...Etnik ayrı-seçkiliyə yol verilmir”

“Azərbaycan vətəndaşı olmayan şəxslərin azad edilən ərazilərə qayıtması mümkün deyil”


Milli Məclisin deputatı Mixail Zabelin bildirib ki, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra bir neçə rus ailəsi bu ərazilərə qayıtmaq üçün müraciət edib. Onun sözlərini görə, indiyədək Goranboy rayonunun Rus Borisi kəndindən 15 ailə müraciət edib. Bundan başqa, Rusiyanın Krasnodar diyarından molokanlardan müraciət daxil olub.

Bu ailələr əvvəllər Tərtər rayonunun işğal olunmuş Göyarx kəndində yaşayıb və erməni təcavüzü nəticəsində oradan köçürülüb. M.Zabelin vurğulayıb ki, hazırda bəzi rus ailələrinin azad edilmiş ərazilərə qayıtması məsələsi perspektivdədir və bu barədə Rusiyadan müraciətlər var. İndi həmin faktları təsdiq edən sənədlərin toplanması davam edir.

Mövcud durumla bağlı “Sherg.az”a danışan sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, Azərbaycan Respublikasının vətəndaşları müharibədən sonra işğaldan azad edilən ərazilərə qayıtmaq istəyirsə, bu, təmin olunmalıdır:

“Onlar üçün hər bir şərait yaradılmalıdır. Həm təhlükəsizlik, həm normal həyat şərait olmalıdır. Bu məsələdə hər hansı bir etnik ayrı-seçkiliyə yol verilmir. Dövlətimiz tərəfindən müvafiq şərtlər ən yüksək səviyyədə qeyd olunub”.

Sözügedən ailələrə azad olunmuş ərazilərdə rus pasportunun verilməsinə gəlincə, P.Hüseyn qeyd edib ki, belə bir hal ola bilməz:

“Hansısa şəxsə rus pasportunun verilməsini yalnız Rusiya dövləti müəyyənləşdirir. Lakin Azərbaycan vətəndaşı olmayan şəxslərin azad edilən ərazilərə qayıtması mümkün deyil”.