Zəncirvari intihar: Bu Sevil o "SEVİL" ola bilmədi - Səbəb alt qatda

Lalə Mehralı:”Ailənin içini heç kim bilmir. Kimsə həmin valideynlər kimi “yana” bilməz”

Fərqanə Mehmanqızı:“Cəmiyyət olaraq bir-birimizə lazım olanı bilmirik. Ən pisi isə özümüzə lazım olanı anlamırıq”

“Sevil” bu ad bizə illər öncədən, Cəfər Cabbarlının məşhur pyesindən tanışdır. Yaşadığı əzab-əziyyətlərə baxmayaraq, mübarizəsini davam etdirən, güclü qadın idi Sevil. Elə Cəfər Cababrlı da görmək istədiyi Azərbaycan qadınının obrazını yaratmışdı. Onun həmin əsərindən sonra ölkəmizdə neçə-neçə Sevillər doğuldu. İnsanlar övladlarına bu azad, əzmkar qadının ismini bağışladılar.Həmin qız cocuqlarından biri yaxın günlərdə 20 yaşında özünü 20-ci mərtəbədən ataraq, intihar etdi. Həyat ona Cabbarlının “Sevil”i kimi mübarizə aparmaq imkanı yaratmadı. Bu Sevil, o, "Sevil" ola bilmədi...

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Xətai rayonunda çoxmərtəbəli binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar edən 20 yaşlı Sevil Atakişiyevanın xəbəri ölkəni silkələyib. İntihar hadisəsində kimisi qızın nişanlısını, kimisi də ailə üzvlərini qınayır.Lakin ailə üzvləri Binə qəsəbəsində yaşadıqlarını və Sevilin intihar etdiyi bina ilə heç bir əlaqələrinin olmadığını bildirir.Atası Samir Atakişiyev qızına qarşı hər hansı şiddət göstərmədiyini və onunla münasibətinin hər zaman yaxşı olduğunu deyib:
“Mən onu canımdan artıq istəyirdim. Əzazil ata olsaydım, nə instituta qoyardım, nə şəhərə çıxmağa, nə də kimlərləsə dostluq etməyə”.
Anası Hicran Atakişiyevanın sözlərinə görə, Sevil sevdiyi oğlanla nişanlı olub:

“Atası ilə də, nişanlısı ilə də münasibəti normal idi. Ölümündən 2 gün qabaq da atası və qardaşı ilə gəzintidə olublar”.

H.Atakişiyevanın sözlərinə görə, Sevil intihar etdiyi gün rəfiqəsi Tükəz və nişanlısı Pünhan ona zəng vurub, Sevilin evə gəlib-gəlmədiyini soruşublar. O bildirib ki, Sevilin nə üçün həmin binada intihar etməsi ilə bağlı hər hansı məlumatları yoxdur.



Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı vurğulayıb ki, məlumatı olan da, olmayan da məsələyə fikir bildirir:

"Övlad sahibi olmayan gənclər valideyn-uşaq münasibətləri haqqında mülahizə irəli sürür. Ümumiyyətlə, insan nəyəsə rəy bildirəndə nə qədər bilgisi olduğunu fikirləşməlidir. İnformasiya doğrudur, yoxsa yanlış? Bəlkə, informasiyanı ötürən qərəzli mövqedən yanaşıb? 

Hadisənin araşdırması başa  çatana qədər çalışmaq lazımdır ki, məsələ ətrafında müzakirələr aparılmasın. 100 nəfərdən 90-nı yazır ki, valideyn günahkardır.  Belə halda istintaq da yanlış yönləndirilə bilər. Ailənin içini heç kim bilmir. Kimsə həmin valideynlər kimi “yana” bilməz. Olaydan çox təsirlənsək də , onların canından can qopub. Heç bir ana və ata övladının amansız şəkildə ölməsini istəməz". 

L.Mehralı Sevil Atakişiyevanın ortaya çıxan yazışmalarına münasibət bildirib:

"Qızın yazışmaları ortaya çıxdı. Düzü, demək bir az kobudluq olar. Aidiyyəti qurumların psixoloqları həmin yazışmaları dəyərləndirirlər.  Kənardan sosial  işçi kimi deyə bilərəm ki, qızın psixoloji durumu yerində olmayıb.  Adətən, ailədə  fiziki məhdudiyyətli bacısı və ya qardaşı olan bütün uşaqlarda “onu məndən çox istəyirlər” düşüncəsi var.  Xəstə olan uşağın qayğıya ehtiyacı var. Ona diqqət göstərilməsi sağlam uşaqda qısqanclıq yarada bilir.Ola bilər ki, Sevil diqqətdən kənar qalıb. Bütün hallarda  Sevili günahkar çıxartmıram. Ola bilər ki, valideyn sevgisini bərabər paylaya bilməyib. Hər halda istintaqın nəticəsini gözləməliyik”.



 Psixoloq Fərqanə Mehmanqızı isə diqqətə çatdırıb ki, bu intihar hadisələri zəncirvari hal alıb:

" Hadisəyə görə kimisə günahlandırmaq olmaz.  Ata üstünə qışqırdı, övlad intihar etdi.  Bunlar hamısı nəticədir. Əsl səbəb daha alt qatda yatır. Karantin başlayandan bəri dəfələrlə demişəm ki, intihar hadisələri, ailədaxili qətllər çox olacaq. İnsanlar “mənəvi ac"dırlar.  İnsanlar  mənəviyyatlarını, ruhlarını heç nə ilə doydura bilmirlər. Ruhun doyumluluğu yoxdur, eşitdiklərini duymaq istəmirlər. 5  duyğu orqanımız var. Əslində   ruhumuz da 5 duyğu orqanı ilə qidalanır. İnsanlar bundan doğru istifadə etmir.  Mənəvi aclıq da, karlığa, korluğa gətirib çıxarır. Cəmiyyət olaraq bir-birimizə lazım olanı bilmirik. Ən pisi isə özümüzə lazım olanı anlamırıq.  Psixoloji həssas insanlar  karantində travma alıb məhv oldular.   Son 1 ildə baş verənlər psixologiyası zəif olan insanlarda qığılcım effekti yaradıb.  İnsanlar azadlıqdan məhrum olmağın  psixoloji gərginliyini yaşadılar".