İnformasiya savaşı sülhsüz, bitməyən bir savaşdır

Jurnalistlərimiz erməni vandalizminin qurbanına çevrilən Qarabağın yaralarını dünyaya çatdırır

"Belə səfərlər təşkil olunan zaman həmin məskənlərdə yaşamış insanlar da dəvət olunmalıdırlar. Səfər edən əcnəbilər onların hisslərinin, həyəcanlarının şahidi olsunlar"


Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda 44 gün davam edən, ordumuzun şanlı qələbəsi ilə nəticələnən Vətən müharibəsi dövründə media da informasiya savaşında öndə oldu. Müharibə dönəmində bəlkə də ən çətin iş elə medianın üzərinə düşdü. Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Vətən müharibəsinin beynəlxalq mediada işıqlandırılması, sosial mediada təxribatların qarşısının alınması istiqamətində kütləvi informasiya vasitələrinin işini danmaq olmaz. Azərbaycanın apardığı düzgün və ağıllı informasiya siyasəti Qarabağda baş verən həqiqətlərin dünyaya çatdırılmasına imkan verdi.

Məlumdur ki, müharibə zamanı informasiya siyasəti çox böyük əhəmiyyət daşıyır. İnformasiya siyasətinin düzgün qurulması həm hərb meydanında, həm də informasiya müharibəsində üstünlük qazanmağımıza şərait yaratdı. Bu gün hərb meydanında müharibə bitib. Amma hərbi əməliyyatlardan fərqli olaraq, informasiya savaşında heç vaxt atəşkəs olmur. Çünki informasiya savaşı sülhsüz, bitməyən bir savaşdır. Bu savaşı davam eləmək və qalib gəlmək isə hər bir media nümayəndəsi üçün çox vacibdir. Bildiyimiz kimi, Ermənistanın Azərbaycana vurduğu mənəvi və maddi ziyanların ölçüsü çox böyükdür. Bu günləri ölkə başçısının tapşırığı ilə erməni vəhşiliyinin, barbarlığının, ərazilərimizdə törədilən dağıntıların hər biri sənədləşdirilir. Sözsüz ki, bu işlərin aparılmasında bir çox məqsədlər var. İlk öncə bu erməni vəhşiliyinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması çox vacibdir. Dünya ictimaiyyəti görməlidir ki, ermənilər Azərbaycanın ekologiyasına, tarixi-mədəni abidələrinə ziyan vuraraq, hər şeyi yerlə-yeksan ediblər. İşğal olunmuş Azərbaycan əraziləri demək olar ki, məhv edilib. Azərbaycan Ordusu həmin ərazilərə girərkən bayrağımızı sancmağa bina tapmayıb və bayrağı ötən illər ərzində dağıdılmış bir binanın üzərində qaldırıblar. Bu faktları bütün xarici media orqanları çəkməli və işıqlandırmalıdır. Bunun üçün isə media nümayəndələrinin işğaldan azad olunmuş səfərlərə təşkili çox mühümdür. Bu məqsədlə də bir neçə gün bundan öncə Azərbaycanın bir qrup media nümayəndələri  işğaldan azad olunmuş ərazilərə səfər ediblər. Onlar Qarabağdakı erməni vandalizminin izləri ilə yerindəcə tanış olublar. 

Səfər edən jurnalistlər arasında "Moderator.az" informasiya agentliyinin redaktoru Xəyalə Rəis də olub. O, öz təəssüratlarını "Şərq"lə bölüşüb. Xəyalə Rəis deyir ki, Qarabağ səfəri onun mediada çalışdığı müddətdə ən maraqlı və unudulmaz anları ilə yadda qalıb:

“Qarabağa səfərimiz ölkəmizdə akkreditə olan diplomatik korpusun çoxsaylı nümayəndələrinin Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutmuşdu. Bu, həyatımın ən unudulmaz səfərlərindən oldu. Biz məktəb illərində gözümüzü açandan 20 faiz torpaqlarımızın işğal altında olduğunu və bu torpaqların altı da, üstü də cənnət məkan olduğunu eşitmişik. Biz bu ruhda, psixologiyada böyümüşük. 27 ildən sonra nəhayət ki, torpaqlarımız işğaldan azad olundu. II Qarabağ müharibəsində əldə etdiyimiz qələbə bu nağılın sonu idi. Xeyir şərə qalib gəlmişdi. Təəssüf ki, Qarabağa səfərimizdə ancaq tarix kitablarından oxuduğumuz, böyüklərimizin bizə danışdığı Qarabağın yalnız təbiətinin gözəlliyini seyr edə bildik. Çünki düşmən bu torpağa yaşamaq üçün deyil, vandalizm törətmək üçün gəlmişdi və istəyinə nail oldu da. Bu torpaqlarda daşı daş üstündə qoymayıblar. Qəbirlər dağıdılıb, insan sümükləri qəbirdən kənara səpilib, yaşayış evləri məhv edilib, illərlə məscidlərdə donuzlar saxlanılıb. Bu mənzərəyə şahidlik etmək insana təsir edir. Mənim ən böyük arzum uşaqlıq illərimdə tarix kitabımızın üz qabığını bəzəyən Xudafərin körpüsünə çıxmaq idi. Hətta uşaq yaşlarımda o körpünün üzərində şəklimi çəkir və bir gün o körpünün üzərindən keçməyin xəyalını qururdum. Xudafərinə səfər etdikdə isə qalanın ətrafını fırlanır, mənə bugünü görməyi qismət etdiyi üçün Allaha şükür edirdim. Araz çayı o qədər təmiz və gözəl idi ki, mənzərədən doymaq olmurdu. Havası təmiz, şırıltısı harmonik, sanki Araz bizi gördüyünə sevinərək dalğaları ilə rəqs edirdi, bir sözlə, mənzərə möhtəşəm idi. Buradan ora boylananda vətəndaş kimi çox yaralandığımı hiss edirəm. Bizə Arazın o tayından əl edən, sevincini hiss etdirən qardaşlarımızı gördükdə isə insanın ürəyi dağa dönür”. 

X.Rəis Cəbrayılda mənbus dağıntıların, tükürpədici vandalizmin qorxunc izlərinin yaddaşından silinmədiyini bildirir: “Cəbrayılda ermənilər daşı daş üstündə qoymayıb. Ancaq bu viran qoyulmuş məmləkətdə uçulmuş, dağıdılmış qəbirlərin dibində sarı, al-əlvan çiçəklər yetişib. Sanki 30 il diqqətsiz, sevgisiz, sahibsiz qalan torpaq da ümidini itirməyib. Səbr etmişdi, bir gün sahibinin gələcəyi günü gözləmişdi. Və bu gün - qışın oğlan çağında o, çiçək açmışdı. Artıq Cəbrayılda təbiət də olanlardan xəbərdar idi. Onlar da bizim kimi məğrurdur. Viran qoyulmuş torpaqda təbiət hər şeyə inad yenidən oyanmışdı. Eynən bizim ürəyimizə səpilən ümid, qayıdış ümidi kimi”.

Müsahibimiz Zəngilanda isə 30 ilə yaxın baxımsızlıqdan kol-kos basmış ərazilər, ucsuz-bucaqsız qamışlıqların olduğunu vurğulayır:

“Bu qamışlıqların arasında barbarcasına talan edilmiş, yandırılmış evlərin qalıqlarını gördük. Hətta bəzi evlərin ortasından 27 yaşı olan qocaman ağaclar boylanırdı. Hesab edirəm ki, Qarabağa getmək hər bir mətbuat nümayəndəsinin haqqıdır. Çünki bu günləri informasiya savaşı davam edir. Hər bir jurnalist o doğma yurdumuzda, obamızda olmalı və orada baş vermis erməni vandallığını dünya ictimaiyyətinin diqqətinə çatdırmalıdır”.
Səfər edən jurnalistlər arasında "Azvision.az"ın əməkdaşı Anar Kəlbiyev də olub. O da öz təəssüratlarını "Şərq"lə bölüşüb. Anar Kəlbiyev açıqlamasında vurğulayıb ki, Müzəffər Ordumuz tərəfindən işğaldan azad olunmuş Ağdam və Füzuli şəhərlərində, eləcə də Xocavənd rayonunun Edilli və Tuğ kəndlərində olub.

O qeyd edib ki, bu ərazilərə səfər zamanı müəyyən edilmiş yollarla hərəkət ediblər:

"Ərazidə mina və partlamamış hərbi sursatların ola biləcəyi səbəbindən biz deyilən bütün qaydalara əməl edirdik. İşğaldan azad edilən bu torpaqlara ayaq basdıqca dəhşətə gəlməmək mümkün deyildi.  Çünki hər yer ermənilər tərəfindən tamamilə dağıdılıb, binalar sökülüb və bütün yaşayış evləri yerlə-yeksan edilib. Ermənilər işğaldan sonra tarixi abidələrimizin və məscidlərin hər birini mal tövləsinə çeviriblər. Bunun canlı şahidi olduq. İçəridə yığılan ot bağlamaları və kəskin peyin qoxusu ermənilərin həmin yerlərdə mal-qara saxladığını təsdiqləyirdi. Dağıtmadıqları yerləri isə qazanc məqsədi üçün istifadə ediblər. Məsələn, nümunə kimi Şahbulaq qalasını göstərmək olar. Ermənilər 1993-cü ildə Ağdamın işğalından sonra digər tarixi abidələrimiz kimi Şahbulaq qalasını da özününküləşdirməyə çalışıblar. Qalada olduğumuz zaman bunun əyani şəkildə şahidi olduq. Belə ki, ermənilər füsunkar təbiətə malik ərazidə yerləşən Şahbulaq qalasından qazanc məqsədilə istifadə ediblər. Qalaya turistlərin qanunsuz səfərləri təşkil olunub. Bunu orada gördüyümüz giriş biletləri də təsdiqləyir".

Anar Kəlbiyev  vurğulayıb ki, Xocavənd rayonunun Tuğ kəndində də tarixi abidələrimiz ermənilər tərəfindən tamamilə dağıdılıb: "Məkrli niyyətlərindən əl çəkməyən ermənilər bu kənddə də tarixi abidələrimizi saxtalaşdırmağa çalışıblar. Tuğda yerləşən qədim alban məbədlərini kilsəyə çeviriblər. Məbəd ərazisindəki daşlar sonradan düzəldilərək ora gətirilib. İşğalçılar yalançı qəbiristanlıq salmaqla, buranın guya qədim erməni kilsəsi olması görüntüsünü yaratmaq istəyiblər. Olduğumuz ərazilərdəki bütün qəbiristanlıqlar ermənilər tərəfindən tamamilə məhv edilib. Bir sözlə, hansı əraziyə getdiksə, orada erməni vandalizminin şahidi olduq".  

Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri Asəf Quliyev "Şərq"ə açıqlamasında belə səfərlərin artırılmasının vacibliyinə diqqət çəkib. O qeyd edib ki, yerli media nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə getməsi çox müsbət addımdır:

"Hesab edirəm ki, xüsusilə xarici media nümayəndələrinin bu vandallığı öz gözləri ilə görməsi də çox əhəmiyyətlidir. Və yəqin ki, bundan sonra da işğaldan azad edilmiş ərazilərə belə səfərlər təşkil olunacaq. Hətta istərdim ki, belə səfərlərə Azərbaycana qarşı daha qərəzli mövqeyi ilə seçilən xarici kütləvi informasiya vasitələrinin nümayəndələri də dəvət olunsun və onlar bu faktları öz gözləri ilə görsünlər. Belə səfərlər təşkil olunan zaman hesab edirəm ki, həmin yaşayış məskənlərindən yaşamış insanlar da dəvət olunmalıdırlar. Səfər edən əcnəbilər onların hisslərinin, həyəcanlarının şahidi olsunlar. Düzdür, ora səfər edən Azərbaycan media nümayəndələrinin arasında bildiyim qədəri beynəlxalq arenaya çıxışı olan agentliklər də var idi. Amma indiki şəraiti - ermənilərin törətdiyi vandalizmi dünyaya göstərmək üçün məncə, xarici media nümayəndələrinin cəlb olunması daha məqsədəuyğundur. Bu günləri agentliklərdə, informasiya resurslarında xarici partnyorlarımız var. Məndə olan bəzi məlumata görə, əcnəbi jurnalistlərin səfəri zamanı onlar bəzi problemlərlə qarşılaşırlar. Hesab edirəm ki, onların gəlişi zamanı bu cür problemlər olmasa daha yaxşı olar". 

A.Quliyev əlavə edib ki, Azərbaycan həqiqətlərini bir azərbaycanlı jurnalistin yazmasından daha çox xarici jurnalistin yazması daha effektlidir:

"Çünki həqiqətləri yerli media nümayəndəsi yazarsa, bu, dünya ictimaiyyətində yalnız bir azərbaycanlının baxışı kimi dəyərləndiriləcək. Amma informasiya müharibəsi baxımından əcnəbi jurnalistin yazması daha çox effektlidir. Bundan başqa hesab edirəm ki, yazmaqdan daha çox şəkillərə və fotolara geniş yer verilməlidir. Düzdür, ora səfər edən jurnalistlərimiz çoxlu şəkillər və videolar çəkirlər. Amma bunların film formatında olması daha məqsədəuyğundur. Məsələn, Zəngilanı yaxşı tanıyan bir jurnalist film çəkərsə və uşaqlıq xatirələrini bölüşərsə, bu, daha üstün keyfiyyətə malik olar. Tutaq ki, evi dağılmış jurnalistin reportaj hazırlamağı və uşaqlıq xatirələrini bölüşməyi daha  səmərəli və faydalı olar. Təbii ki, bu cür filmləri və çəkilişləri dünya arenasına da çıxartmaq mümkündür. Yəni bir kadrın insan həyatı üzərindən qurulması daha effektlidir. Ümumiyyətlə, bu sahədə görüləcək işlər çoxdur. Ümid edirəm ki, çox ləngimədən bütün bunlar həyata keçiriləcək".