"Qazilərin əsas narazılığı Müdafiə Nazirliyindəndir"

Rey Kərimoğlu: "Zahid Oruc səslənən təklifləri cənab Prezidentə çatdıracaq"

"Qərara gəlindi ki, əlillik dərəcəsinin təyini ilə bağlı meyarlara yenidən baxılması məsələsi Nazirlər Kabineti qarşısında qaldırılsın"


Vətən müharibəsi qaziləri təyin edilən əlillik dərəcəsindən narazı qalır. Qələbə ilə başa çatan müharibədən sonra bu məsələ qazilərimiz üçün həllini gözləyən problemə çevrilib. Azərbaycan xalqına qürur, fəxarət hissi yaşadanlar, torpaqlarımızı mənfur düşməndən azad edənlər inciməkdə haqlıdır. Çünki müharibədən sonra normal həyat şərtləri altında yaşamaq hər kəsdən daha artıq onların haqqıdır. Lakin bir sıra hallarda qazilərə əlillik dərəcələri faktiki durumlarına uyğun təyin edilmir. Əlaqədar qurumların cavabı belə olur ki, əlillik dərəcəsinin təyini ilə bağlı müvafiq qaydalar təsdiqlənib, dərəcələr də təsdiqlənmiş qaydalara görə təyin edilir. Məsələn, ayaq dizdən yuxarı amputasiya edilibsə I qrup, dizdən aşağı amputasiya edilibsə II və ya III qrup əlillik dərəcəsi təyin edilir. Bu zaman ayağın hansı ölçüdə, nə qədər amputasiya edildiyinə də hələ baxılır.

Demirik ki, bütün qazilərə eyni qrup əlillik dərəcəsi verilməlidir. Təbii ki, əlillik dərəcələrinin meyarı olmalıdır. Amma qazilərimizə bu məsələlər onları incitmədən, küsdürmədən izah edilməlidir. Ayağın dizdən yuxarı və ya aşağı kəsilməsi, istənilən halda insan üçün hərəkət məhdudiyyəti yaradır. İnsanın ayağının hətta bir barmağında problem olanda yerişini itirir, axsayır. O ki ola ayağın hansısa hissəsinin kəsilməsi. Əlbəttə, hərəkət məhdudiyyəti insanın gündəlik məişətində ona çətinlik yaradacaq. Hələ bu məhdudiyyət – Vətən uğrunda savaşın qazandırdığı şərəf nümunəsidirsə, o insana ikiqat artıq diqqət və qayğı göstərilməlidir. Bir müddətdir ki, Vətən qaziləri narazılıqlarını bildirirlər. Nəhayət, deyəsən, onların problemlərinin həllinə doğru addım atılıb. 

Sosial Tədqiqatlar Mərkəzi “Vətən müharibəsində qələbədən sonra gələcəyi birgə quraq” layihəsi çərçivəsində şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirib. Görüşdə Qarabağ Qaziləri Birliyi mətbuat xidmətinin rəhbəri, qazi-jurnalist Rey Kərimoğlu da iştirak edib. Rey Kərimoğlu görüşdə qaldırılan məsələlər barədə “Şərq”ə danışdı:  

- STM-nin rəhbəri, millət vəkili Zahid Orucun iştirakı ilə görüş oldu. Vətən müharibəsinin qaziləri, şəhid ailələri, itkin əsgərlərin ailə üzvləri də görüşdə iştirak edirdi. Real vəziyyət dinlənildi. Hər kəs fikrini bildirdi. Üzləşdikləri problemlər barədə danışdılar. Z.Oruc bəzən yerli icra hakimiyyətlərinin şəhid ailələri, qazilərə münasibətdə xoşagəlməz davranış sərgilədiklərindən narahatlığını dilə gətirdi və dedi ki, yerli icra hakimiyyətləri qaziləri, şəhid ailələrini istənilən zaman qəbul etməli, onları qapılarda gözlətməməlidir. İcra hakimiyyətləri Vətən müharibəsi iştirakçıları və onların ailələri ilə bağlı xüsusi qəbul günü müəyyən etməlidir. Bu, icra hakimiyyətlərinin xüsusi arzularından, baxış bucaqlarından asılı olmamalıdır. Xüsusi bir gün təyin olunmalı və Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və qazilər qəbul olunmalı, şikayətləri dinlənilməlidir. 

Qeyd edək ki, görüşdə əlillik dərəcəsinin təyini ilə bağlı problemə də toxunulub. R.Kərimoğlu bildirdi ki, QQİB məsələ ilə bağlı təkliflə çıxış edib: 

- Görüşdə qazilər də iştirak edirdi və əlillik dərəcəsinin təyini ilə bağlı məsələ qaldırıldı. Biz Qarabağ Qaziləri Birliyi bundan öncə də təklif etmişdik ki, qazilərin problemlərinin həlli ilə bağlı ayrıca Dövlət Komissiyası yaradılsın. Əlilliyin təyinində problemlərin ortaya çıxması texniki məsələylə əlaqəlidir. Əlillik haqqında sənədlər Səhiyyə Nazirliyi tərəfindən elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir. Ora gələnədək yaşanan problemlər poliklinikalarla bağlı olur. Poliklinikalarda sənədlər düzgün tərtib edilmir. Həmçinin Müdafiə Nazirliyi tərəfindən də müharibə iştirakçısının səhhəti barədə dəqiq məlumatlar tərtib edilmir. Məsələn, hansısa qazinin gözündə problem var, görmə qabiliyyətini deyək ki, hansısa dərəcədə itirib, amma eyni zamanda bu insanın bədənində də qəlpə yaraları var. Amma sənəddə təkcə görmə qabiliyyəti barədə məlumat var, qəlpələr barədə məlumat verilmir. Halbuki, bəzən elə şərait yaranır ki, bədəndə qalan qəlpələr getdikcə səhhətdə ciddi problemlərin yaranmasına səbəb olur. Döyüşçü haqqında məlumatlar dəqiq, tam olmadığından əlilliyin müəyyənləşməsində də problem yaranır, əlillik dərəcəsi faktiki sağlamlıq durumuna uyğun müəyyənləşmir. Əsas narazılıq Müdafiə Nazirliyindəndir. Biz təklif etdik ki, təqdim olunan elektron sənədlə yanaşı qazilərin özlərini də qəbul etsinlər, qazilərlə birbaşa, canlı təmas olsun. Bu, əlillik dərəcəsinin düzgün təyininə kömək edəcək. Problemlər həkimlə qazi arasında birbaşa təmasın olmamasından qaynaqlanır. Qərara gəlindi ki, əlillik dərəcəsinin təyini ilə bağlı meyarlara yenidən baxılması məsələsi Nazirlər Kabineti qarşısında qaldırılsın. Biz bununla bağlı ƏƏSMN-ə də müraciət edəcəyik. ƏƏSMN bu problemin həlli üçün Nazirlər Kabineti ilə birgə işləməlidir.  

Görüşdə qaldırılan məsələlərdən biri də şəhid və qazi övladlarının dövlət qulluğuna imtahansız qəbulu ilə bağlı olub: 

- Burada söhbət ali təhsillilərdən gedir. Şəhid və ya qazi övladı ali təhsillidirsə, magistratura pilləsini başa vurubsa, dövlət qulluğuna imtahandan kənar qəbul edilsin. Bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilsin. Bir vacib məqam da təklif irəli sürənlərin qərarların qəbulu prosesindən kənarda qalmasıdır. Biz təklif veririk, amma qərar qəbul olunanda dəvət etmirlər, halbuki, təklif irəli sürən onun detallarını da bilir. Təklif verənlər qərarların qəbulunda, qanuna dəyişikliklər mərhələsində iştirak etsələr, daha effektli qərarlar qəbul olunar. 

R.Kərimoğlu qeyd etdi ki, millət vəkili Zahid Oruc görüşdə səslənən və qaldırılan təkliflərin cənab Prezidentə çatdırılacağını da bildirib.