Rus sülhməramlıları da minaya düşə bilər

Ona görə Rusiya Ermənistandan xəritə planı tələb etməlidir

"Ağılsız ermənilər başa düşmürlər ki, sabah həmin ərazilərdə özləri də yaşayacaqlar və Yerevanın günahı ucbatından minaya düşəcəklər"


Düşməndən azad olunmuş ərazilərimizdə mülki və hərbi şəxslərin minaya düşməsi Azərbaycanı ciddi narahat edir. Hərbi ekspertlər birmənalı olaraq bildirirlər ki, minalar Qarabağ ərazisinə xəritə əsasında basdırılıb, ona görə də Ermənistandan həmin xəritələr mütləq alınmalıdır. Əks halda minatəmizləmə prosesi həm uzanar, həm də itkilər çoxalar. Lakin Ermənistan Müdafiə Nazirliyi minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Daha doğrusu, bu cür xəritələrin “olmadığını” əsas gətirir. Əlbəttə ki, bu, Ermənistan tərəfinin növbəti yalanıdır. Əslində məqsəd mümkün qədər çoxlu sayda insanın həlak olmasına nail olmaq və bu ərazilərə azərbaycanlıların qayıdışını maksimum uzatmaqdır. Xarici ekspertlər də bildirir ki, minalanmış ərazilərin xəritəsi dərhal Azərbaycana verməlidir, əks halda Yerevanın bu cür davranışı hərbi cinayət hesab olunacaq. 

Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko qeyd edib ki, işğaldan azad olunan ərazilərdə yüzlərlə kvadrat kilometr minalanmış ərazi var. Onun sözlərinə görə, xəritə olmadan 30 il bundan öncə doğma yurdlarından məcburi köçkün düşmüş dinc azərbaycanlıların qayıdışının təhlükəsizliyini təmin etmək çətindir: “Təəssüflər olsun ki, biz bu məsələdə Ermənistan tərəfinin xoşməramlı iradəsini görmürük. Ermənistan minalanmış ərazilərin xəritəsini vermək istəmir.

Hər zaman olduğu kimi qeyri-konstruktivlik nümayiş etdirir. Beynəlxalq ictimaiyyət, həmsədr ölkələr, xüsusilə də Moskva Ermənistana bu xəritələri Azərbaycan tərəfinə verməsi üçün təzyiq etməlidir. Sözsüz ki, Rusiya bu məsələdə xüsusi rol oynamalıdır”. 

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov da vurğulayıb ki, dinc əhalinin və əsgərlərin ölməməsi üçün minalanmış sahələrin xəritəsinin təqdim edilməsi erməni tərəfinə başlıca tələbdir. Markovun qənaətincə, əgər ermənilər minaları elə-belə səpələyiblərsə və xəritə tərtib etməyiblərsə, mahiyyətcə bu, hərbi cinayətdir:

“Ermənistan tərəfi Rusiya sülhməramlılarına və Azərbaycan tərəfinə həmin xəritələri verməyə borcludur. Lakin onlar xəritələrin olmadığını iddia edirlər. Ermənilər tərəfdən müharibəyə qədərki dövrdə heç kəsin minaya düşdüyünü görməmişik. Deməli, özləri minaya düşməmək üçün xəritə tərtib ediblər. Əminəm ki, minalanmış ərazilərin xəritəsi var”. 



Hərbi ekspert, ehtiyatda olan polkovnik Cəlil Xəlilov “Şərq”ə açıqlamasında deyib ki, ermənilərin minalanmış ərazilərin sxemini təqdim etməməsi bir daha düşmənin faşist siyasətini və türklərə qarşı nifrətini göstərir. Ekspert bildirib ki, Qarabağda həyatın normala dönməsi və köç prosesinin başlaması üçün bölgənin təhlükəsizliyi tam təmin olunmalıdır. Bunun üçün isə ilk növbədə ərazilər minalardan və partlamamış digər silah-sursatlardan təmizlənməlidir:

“Türkiyədən olan mütəxəssislər, xarici ölkələrin nümayəndələri, eyni zamanda Rusiya sülhməramlıları işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərirlər. Regionun bütün ölkələri bölgədə kommunikasiyaların bərpasından, nəqliyyat dəhlizlərinin açılmasından, sabitlikdən danışır, mühüm layihələri müzakirə edirlər.

Ermənilər isə başqa havadadır. Regionun inkişafı ilə bağlı müsbət işlərə töhfə verməyən, əksinə, hər fürsətdə baltalamağa çalışan yeganə dövlət Ermənistandır. Azərbaycana düşmənçilik ermənilərin gözünü kor edib. Bütün humanist addımlara, güzəştlərə rəğmən, israrla vəhşiliklərini davam etdirir, vandalizm hərəkətlərinə haqq qazandırırlar.

Xəritəni verməmək nə deməkdir?! Bunu sadəcə özümüz üçün istəmirik axı. Ağılsız ermənilər başa düşmürlər ki, sabah həmin ərazilərdə özləri də yaşayacaqlar və Yerevanın günahı ucbatından minaya düşəcəklər. Rusiya sülhməramlılarının da həyatı təhlükədədir. Onlar da bu risklərdən sığortalanmayıb”. 

C.Xəlilov bəyan edib ki, onsuz da Azərbaycan tərəfi ərazilərin minalardan təmizlənmə işini yüksək səviyyədə həyata keçirir. Prosesdə Türkiyədən gətirilən texnikalar da iştirak edirlər.

Həmçinin, beynəlxalq mütəxəssislər də təcrübələrini paylaşırlar: “Amma əlimizdə konkret xəritə-plan olsaydı, işi daha sürətli aparardıq. Ermənistan Ordusunun “bizdə belə xəritə yoxdur” iddiası tamamilə yalandır. Heç bir ərazi pərakəndə şəkildə minalanmır. Elə olsaydı, öz hərbçiləri, yaxud sivil ermənilər də minaya düşərdilər. İndiyə kimi belə hadisənin şahidi olmamışıq. Çünki bölgədə yerləşmiş bütün erməni hərbçilərin əlində minalanmış ərazilərlə bağlı xəritələr var idi.

Onlar bilirdilər ki, bir postdan digərinə hansı yolla getmək lazımdır. Hesab edirəm ki, Rusiya gecikmədən bu işə əl qoymalı, xəritəni mütləq onların əlindən almalıdır”.