Xankəndidə, Xocavənddə Azərbaycan qanunları qeyd-şərtsiz tətbiq ediləcək

“Araik istəsə də, istəməsə də bu həqiqəti qəbul etməlidir”


“Separatçı Araik Arutyunyan reallıq hissini itirib. O, öz mövcudluğunu qoruyub saxlamaq üçün saman çöpündən yapışmağa hazırdır”.

Bu sözləri “Şərq”ə açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri bildirib ki, Arutyunyanın "rus dili" "qərarı" bundan qaynaqlanır: “Qarabağın Azərbaycanın ərazisi olduğunu bütün dünya tanıyır və qəbul edir.


O cümlədən son vaxtlar Rusiya Prezidenti Vladimir Putin də öz çıxışlarında dəfələrlə bu həqiqəti etiraf edib, təsdiqləyib.

Odur ki, terrorçu rejimin başçısının nə deməsi və nəyisə təklif etməsi heç bir əhəmiyyət daşımır. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması beynəlxalq hüquqla təsdiq və təsbit olunmuş faktdır.

Bu baxımdan, Qarabağda yaşayan ermənilərin də əsas dövlət dili məhz Azərbaycan dilidir. Araik istəsə də, istəməsə də bu həqiqəti qəbul etməlidir və edəcək də”.

Analitik vurğulayıb ki, Arutyunyan kimilər gec-tez Azərbaycan qanunları çərçivəsində yaşamağa məcbur olacaqlar:

“Xankəndidə, Xocavənddə, ermənilərin kompakt yaşadığı digər məntəqələrin hamısında Azərbaycan qanunları qeyd-şərtsiz tətbiq ediləcək. Bu mənada indi ermənilərin bu cür təxribatçı addımlar atmaları müvəqqətidir. Onlar bu cür sərsəm addımları ilə özlərini orada "söz sahibi" kimi göstərməyə çalışırlar. Amma bu kimi avantürist addımların sonu yoxdur. Biz avantürist, terrorçu qüvvələrə heç bir güzəştə getməyəcəyik. Araik kimi beyinsiz avantüristlər bilməlidirlər ki, terrorçu rejimin bütün bu cür təhrikçi addımları Qarabağda növbəti antiterror əməliyyatının başlanmasına gətirib çıxara bilər. Azərbaycan Ordusunun "dəmir yumruğ"u həmişə hazırdır”.