Döyüşçülər incidilir: “Nə əlillik dərəcələri yazılır, nə də...” – Etiraz 

Zaman-zaman İkinci Qarabağ Savaşının iştirakçılarının şikayətləri sosial şəbəkələrdə yayılır. Müharibə iştirakçılarının narazılıqlarından birini də jurnalist Arifə Əliyeva Feybsuk səhifəsində işıqlandırıb.


Həmkarımız  şikayətçi döyüşçülərlər birgə fotosunu paylaşaraq bunları qeyd edib:



“Bu igidlərmiz Vətən müharibəsində könüllü iştirak edənlərdir. Bəziləri borc tapıb, Bakıya gəliblər. Bilirsinizmi nəyə görə? Onların hərbi biletlərinə “Vətən Müharibəsində iştirak ediblər” yazmırlar. Ən ağır şəraitdə-Laçında, Kəlbəcərdə, qarın üstündə yatıblar. Yəni onların haqqını yeyirlər”.

Məlum məsələni “Sherg.az”a dəyərləndirən “ Qarabağ Qaziləri” ictimai birliyinin sədri Asəf Əliyev bütün savaşçılarımızın hərbi biletlərinə “Müharibədə iştirak edib” sözünün yazılmalı olduğunu söyləyib:

“ Lakin qazilərimiz də şikayətçidirlər, bizə müraciət edirlər. Onların da sənədlərində yanlışlıqlarla rastlaşırıq. Məsələn, bir ayağı kəsilib, həm də bədəninin müxtəlif nahiyələrində qəlpə yaraları var.

Hospitalın verdiyi kağızda isə o biri yaralar göstərilməyib. İstər hərbi biletlərdə, istərsə də digər sənədlərdə çatışmazlıqlar çoxdur.

Əlillik dərəcələrinin verilməsi ilə bağlı da şikayətlər gəlir. Müalicə aldıqları xəstəxanalarda ilkin sənədləri düzgün yazılmır. Hərbi biletə müharibə iştirakçısı yazılmayanlar, ola bilər arxa cəbhədə vuruşub, döyüş əməliyyatlarında iştirak etməyib. Amma evindən çıxıb, savaşa yollanıb, hərbi forma geyinib.

Ona görə  hamısının hərbi biletində qeyd olunmalıdır. Misal üçün, 90-cı illərdə prezidentin sərəncamında  yazılmışdı ki, 3 gündən artıq savaş bölgəsində olanlar da müharibə iştirakçısı sayılır”.