Gürcüstan “Altılıq platforması”na qatılacaqmı? – ŞƏRH

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu türkmənistanlı həmkarı Rəşid Meredovla Ankarada birgə mətbuat konfransı keçirib. Bir sıra mühüm məqamlara toxunan Çavuşoğlu, həmçinin “3+3” platformasından da danışıb. O, bunun üçün Gürcüstanı razı salmağa çalışdıqlarını bildirib.


“Ümid edirik ki, Gürcüstan “3+3” platformasında iştirak edəcək. Bundan hər kəs qazanacaq”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

Gürcüstanın altılıq platforması ilə bağlı tərəddüdlü olduğu məlumdur. Səbəbi də sirr deyil. Belə ki, rəsmi Tbilisi münasibətləri heç də yaxşı olmayan Rusiya ilə eyni layihədə iştirak etmək istəmir. Deməli, platforma yaradılmaya bilər? 

Siyasi analitik Turab Rzayev məsələyə dair fikirlərini “Sherg.az”la bölüşdü: 

“Düzü, Gürcüstanın iştirakçı olacağına inanmıram. Çünki daxili auditoriyada ciddi anti-rus meyilləri var. Təsadüfi deyil ki, bir neçə dəfə cəhd edilsə də, indiyədək ortaq layihələr reallaşmayıb. Dediyim kimi, bunun başlıca səbəbi Kremlə qarşı olan antipatiyadır. Üstəgəl, Gürcüstandakı hakimiyyət dəyişikliyinin də birbaşa Qərbin təzyiqi ilə olduğunu nəzərə almalıyıq. Belə bir şəraitdə Gürcüstanın sözügedən platformaya qoşulacağı inandırıcı görünmür”.

T.Rzayevin fikrincə, indi ən mühüm məsələ regional əməkdaşlıqdır:

 “Fikrimcə, Çavuşoğlunun açıqlamasının sətiraltı mənası Gürcüstanı Rusiya ilə münasibətləri bərpa etməyə çağırmaq deyil. Nazir sadəcə demək istəyirdi ki, regional əməkdaşlıq davam etməlidir. Ümumiyyətlə, rəsmi Ankara hibrit xarici siyasət yeridir. Bu isə dostlarla sıx, düşmən və rəqiblərlə isə sadəcə mümkün nöqtələrdə əməkdaşlığı tələb edir. Biz Ermənistanla, Türkiyə isə həm də Rusiya ilə regional əməkdaşlığa hazırdır. Lakin bu, faktiki olaraq regional əməkdaşlıqdan başqa bir şey deyil”.