“Ordumuz bir güllə belə, atmadan Zəngəzura daxil olacaq” 

İkinci Qarabağ müharibəsində Ermənistan elə bir zərbə aldı ki, indi “reanimasiya”dadır. Bu sintetik dövlətin varlığı belə, artıq sual altındadır. Hər halda bunu daxildə baş verən prosesləri təhil edərək asanlıqla demək mümkündür. Belə ki, bir tərəfdə hazırkı “hakimi-mütləq” (əslində Kremldir) Nikol Paşinyan, bir tərəfdə “Qarabağ klanı”, bir tərəfdə isə hakimiyyətə ən real namizəd Vazgen Manukyan...Ermənistanın “ip”ini hərəsi bir tərəfə çəkməyə çalışır. Əlbəttə, belə olan halda ölkə dağılmağa məhkumdur.

 Məlum olduğu kimi, dünən Paşinyana sui-qəsd təşkil edilib. Deyilənə görə, yaralanıb. Hərçənd bu, o qədər də əhəmiyyətli deyil. Çünki baş nazir bir siyasi fiqur kimi çoxdan “dəfn edilib”.



 Rəsmi İrəvandakı vəziyyəti “Sherg.az”a təhlil edən politoloq Mübariz Əhmədoğlunun fikrincə, qarşı tərəfin şansları çox azdır:

“Ermənistandakı xaotik durumda artıq yeni mərhələ başlayıb. Əlbəttə, günahkar Paşinyandır. Yaxın keçmişədək müxalifətə müqavimət göstərən əhali indi Paşinyanın özündən də narazıdır. Çünki iş yerləri, investisiya yoxdur. Və heç bir dövlət Ermənistana kapital qoymayacaq. Bu yatırım mənbəyi ancaq Azərbaycan ola bilər. O da yalnız bizimlə normal münasibətlər quracağı təqdirdə”.

M.Əhmədoğlu, həmçinin bildirdi ki, Ermənistan aventüra qurbanı olmamalıdır: 

“Bilirsiniz ki, bizim prioritetlərimizdən biri də Naxçıvan dəhlizinin açılmasıdır. Bu məsələ həm də üçtərəfli bəyanatda var. Azərbaycan həmin iş üçün lazım gələrsə, milyard dollar vəsait ayırmağa hazırdır.

Əlbəttə, bu, Ermənistana da faydalıdır. Çünki insanlar üçün yeni iş yerləri olacaq. Lakin İran Naxçıvan dəhlizinin açılmasını istəmir və düşmənimizə təsir göstərməyə çalışır.

Ermənistan gərək İranın “oyun”larına getməsin. Əlbəttə, daxildə gedən proseslər bizdən ötrü qorxulu deyil. Əksinə, ən çox özlərinin “başı ağrıyacaq”. Bir azdan elə vəziyyət yaranacaq ki, Azərbaycan əsgəri bircə güllə belə, atmadan Zəngəzura daxil olacaq”.